Türkiyənin ilk reaktiv təyyarəsi – HÜRJET (VİDEOLAR)
Oxunub: 3377
16:34
06 Mart 2018
Türkiyə "Northrop" şirkətinin T-38 "Talon" təlim-uçuş təyyarələrini yerli istehsal "Hürjet" adlı təyyarələrlə əvəz edəcək. İlk uçuş 2022-ci ildə baş tutacaq. Bu, Türk istehsalının ilk əsas təlim təyyarəsi olacaq. Ekspertlər bildirir ki, Türkiyədə mühərrik istehsalı problemi var və "Hürjet" üçün mühərrikləri istehsal edəcək şirkət hələ məlum deyil.
Türkiyə, silahlanmasında mövcud olan T-38 "Talon" təyyarələri ilə qısaca tanış olaq. "Northrop Corporation" tərəfindən ABŞ və Türkiyə üçün modernləşdirilən versiyalar (A, B, (təlim-məşq, döyüş-təlim) C və M variantları) toplam 1187 ədəd istehsal olunub. İlk uçuşu 1959-cu ildə baş tutub. 1961-1972-ci illərdə kütləvi şəkildə istehsal edilib. İstismar müddəti 2026-cı ildə tamamlanacaq. T-38 "Talon" ABŞ, Almaniya, Türkiyə, Cənubi Koreya və s. ordularının silahlanmasında istifadə edilir.
1960-cı ildə bir təyyarənin dəyəri 756000 dollar olub. Heyət iki nəfərdən ibarətdir.
Uzunluğu: 14.14 м
Qanad açılımı: 7.7 м
Hündürlüyü: 3.92 м
Qanaq sahəsi: 16 м²
Boş çəkisi: 3 270 kq
Döyüş çəkisi: 5 360 kq
Maksimum çəkisi: 5 670 kq
Mühərrik: 2 × ТRDF General Electric J85-5A
Dartı qüvvəsi: 2 × 17,1 kN
Maksimal sürət: 1 381 km/s (М=1,3)
Uçuş məsafəsi: 1 835 km
Uçuş yüksəkliyi: 15 240 m.
Türkiyənin Müdafiə Nazirliyinin "Defense News" nəşrinə verdiyi məlumata görə, 1961-ci ildən 1972-ci ilə qədər istehsal edilən 70 ədəd köhnə T- 38 "Talon" təyyarələri əvəz ediləcək. Əvəz etmə üçün "Turkish Aerospace Industries" (TAI) tərəfindən hazırlanan "Hürjet" reaktiv təlim və döyüş təlim təyyarəsi nəzərdə tutulub. "Hürjet" əsasən uçuş təlimi olaraq, Türkiyənin ilk milli təlim təyyarəsi olacaq.
"Hürjet" istehsalı 70 ədədlə məhdudlaşmayacaq. Tədqiqatlar göstərir ki, təyyarənin güclü ixrac potensialı var", - deyə TAI nümayəndəsi bildirib.
Türkiyə hərbçiləri "Hürjet"i Türk F-16 amerikan qırıcıları ilə birgə təlim və sülhməramlı missiyaların həyata yetirilməsi üçün istifadə etməyi planlaşdırır. "Hürjet antiterror mübarizəmizdə strateji bir aktiv olacaq", - deyə Türkiyə Hava Qüvvələrinin zabiti bildirib.
İndiyə qədər Türkiyənin rəsmi orqanları heç bir konkret rəqəm açıqlamayıb: proqramın inkişafına nə qədər məbləğ sərf edilib, hazır məhsulun dəyəri nə qədər olacaq və s. bilinmir. Ehtimal olaraq, təyyarənin 1.5 milyon dollar dəyərində ola biləcəyini deyə bilərik.
TAI Assosiasiyası ötən ilin noyabr ayında "Hürjet"in yaradılması üçün proqramın həyata keçirilməsi barədə Türkiyə hökumət orqanları ilə razılığa gəldi. "Hurjet" (TAI tərəfindən hazırlanan turbo vintli "Hürkuş" təlim-uçuş təyyarəsinın səsdən sürətli reaktiv modeli) təyyarənin şərti adıdır.
TAI, bir neçə ildir Türk təlim təyyarəsinin inkişaf etdirilməsi üçün müxtəlif təkliflər təqdim edirdi. Ötən ilin avqustunda şirkətin direktorlar şurası təyyarənin inşaatı proqramının icrasının başlanmasını təsdiqlədilər. Türkiyə hökuməti tərəfindən proqram təsdiq olunduqdan sonra, təyyarənin görüntüsünü əldə etmək üçün altı aylıq bir dizayn mərhələsi başladı.
"Ümid edirik ki, 2022-ci ildə "Hürjet" ilk uçuşunu həyata keçirəcək", - deyə şirkət nümayəndəsi "Defense News" nəşrinə bildirib.
Yeni Türk təyyarələrinin sürəti 1500 km/saat, uçuşlarının maksimal hündürlüyü 45 min fut (13,8 min metr) olacaq, təyyarənin döyüş yükünün toplam çəkisi isə döyüş sursatı, radar və kameralarla birlikdə 3 min kiloqram olacaq. Təyyarənin neçə ədəd reaktiv detalı olacağı hələ məlum deyil.
Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (STAM) ekspertləri qeyri-rəsmi bloqlarında "Hürjet" təyyarələrinin Türkiyə mətbuatında təqdim edilən mümkün görünüşləri, Amerikanın "Freedom Trainer" reaktiv təlim təyyarəsinin dizaynına çox yaxın olduğunu qeyd edirlər. TAI, ABŞ-ın "Sierra Nevada Corporation" (SNC) şirkəti ilə birlikdə, 2016-ci ildə, T-X proqramı üçün ABŞ Hərbi Hava Qüvvələrinin müsabiqəsində T-38 "Talon" təyyarələrini əvəz etmək üçün, "Freedom Trainer"i ümidverici perspektiv bir təyyarə olaraq təqdim etdi.
SNC şirkəti, təyyarələrinin inkişafı və istehsalını Kolorado ştatında təsis edilən "Freedom Aircraft Ventures" LLC və TAİ ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirməli idi.
İstehsal olunacaq "Hürjet" yüngül hücum funksiyası ilə kiçik çaplı əməliyyatlarda çox bahalı ağır qırıcı və bombardmançıların istifadəsini məhdudlaşdıracaq. 25 milyon dollarlıq F-16 qırıcılarına yaxın hava dəstəyi verə biləcək. Əsas döyüş-təlim təyyarə funksiyasını tamamilə öz üzərinə götürəcək.
Təyyarələrin Türkiyə Silahlı Qüvvələri ilə bərabər Azərbaycan və digər müttəfiq ölkələr tərəfindən istifadəsi gözləniləndir. Təyyarənin ön xəttdə qoşunlara havadan dəstək, sərhədlərin təhlükəsizliyi və terrorizmlə mübarizədə ciddi nəticələr göstərəcəyi şübhəsizdir.
2012-ci ildən etibarən Türkiyə HHQ-nin silahlanmasında 67 ədəd T-38 "Talon" təyyarələri xidmət edirdi. 2012-ci ildə bildirilirdi ki, 2020-ci ildən başlayaraq Türkiyə yeni nəsil təlim təyyarələrinə keçməyə başlayacaq. T-38 təyyarələri hazırda Türkiyə ilə yanaşı ABŞ, Portuqaliya, Almaniya, Çin və Cənubi Koreya Silahlı Qüvvələrində ximət göstərirlər. Bu səbəbdən Türkiyənin "Hürjet" layihəsi kifayət qədər eksport imkanları olan layihə sinfinə aiddir. Bu ölkələrin də layihəyə maraq göstərəcəyi mümkündür.
Bəzi Rusiyalı mütəxəssislər Türkiyənin mühərrik inşası ilə bağlı problemləri olduğunu qabartmağa çalışırlar. Bir çox böyük aviasiya, gəmi və ağır ziehli texnika istehsalçıları konkret model üçün uyğun göstəricilərə malik mühhərikləri çox qısa zamanda və daha uyğun qiymətə əldə edə bilirlər. Çünki mühərrik istehsalı üçün proqram hazırlamaq, onun inkişaf perspektivlərini araşdırmaq, əlaqələndirmək, istehsal prosesini yaratmaq, sınaq illərini gözləmək və tətbiq etmək ən yaxşı halda 10-15 il çəkə bilər. Digər tərəfdən proqramın dəyəri istehsal olunacaq detalların dəyərini azı 2-3 dəfə artırır. Buna görə də qısa müddətdə yeni silah və ya digər sistemin əldə olunması üçün konsepsiyanı təyin edərək, uyğun detal və sillahları hazır variantda yerli şirkətlərdən, olmadıqda xaricdən almaq ən sərfəli variantdır. Mühərriki Çindən, Pakistandan, ABŞ-dan, Rusiyadan, Ukraynadan, Fransadan, Almaniyadan və s. ölkələrdən ala bilərlər. Hazırda Türkiyə quru qoşunları üçün müasir atıcı silahlar, zərbə PUA-ları, reaktiv artilleriya sistemləri, ZPD, REM vasitələri, sualtı qayıqlar və s. uğurla istehsal edir. Son zamanlar kiçik həcmli aviasiya mühərriklərin Türkiyədə istehsalına dair məlumatlar yayılmaqdadır. Bu barədə məlumatlar rəsmən təsdiqləndikdən sonra məlumat verəcəyik.
Silah istehsalında müstəqil olmaq, Türkiyə prezidenti R. T. Ərdoğanın hakimiyyətə gəldiyi zaman önəm verdiyi prioritetlərdən biri idi. 20 ildir ki, Türkiyə hərb sənayesi ildən-ilə yeni müvəffəqiyyətlər əldə edir. Quru qoşunları, REM və Dəniz qüvvələri üçün müxtəlif çeşiddə texnikalar istehsal edən Türkiyənin aviasiya inşaatına da başlayacağı gözlənilən idi. Birdən-birə mürəkkəb strateji bombardmançı və ya ağır qırıcıdan başlamaq da düzgün olmazdı. Buna görə də əvvəlcə helikopter, "Hürkuş", sonra isə "Hürjet"dən başlanması təbiidir. Amma bu da son deyil.
"Turkish Aerospace Industries" (TAI) şirkəti "Hürjet" təyyarəsindən başqa "ANKA" layihəsinin seriya istehsalını davam etdirir. "Hürkuş" bu il TSQ-yə təslim ediləcək. "ATAK" helikopterinin 5 tonluq versiyası istehsal edilir. 8 tonluk daha böyük bir "ATAK" helikopterinin layihəsinə isə konsept olaraq başlanılıb. Şirkət "Small-GEO" məlumat peykinin istehsalına hazırlaşır. Peyk 1 ton ağırlığında ve 22 ədəd transponderə - məlumat paylayan antenə sahibdir.
Keçək ən ciddi və vacib məsələyə. Türkiyədə 250 ədəd F-16 döyüş təyyarəsi var. Bu təyyarələrin 20 il sonra istismar müddətləri başa çatacaq. Mövcud ictimai-siyasi və hərbi vəziyyəti nəzərə alarsaq, növbəti 5-ci nəsil təyyarələr mütləq TAI-nın iştirakı ilə Türkiyədə inşa ediləcək.
Hazırda layihənin işlərinin 3 il ərzində yekunlaşması gözlənilir. 5 il sonra 2023-cü ildə ilk sınaq uçuşu həyata keçiriləcək, 2029-cu ildə isə iki illik qoşun sınaqlarına start veriləcək. Layihənin mühəndis proqram xərclərinə 1.3 milyard dollar vəsait ayrılıb. Qeyd edək ki, ABŞ F-35 üçün 25 ilə 60 milyard dollar vəsait xərclədi. Çalışan mühəndis sayı isə ABŞ-da 50 min nəfər idi.
Türkiyənin nə ABŞ qədər mühəndisi, nə o qədər vaxtı, nə də o qədər vəsaiti yoxdur. Lakin bir çox ilklərə imza atan TAI-nın 2000 nəfərlik türk mühəndis heyətinin bu vəzifələrin də öhdəsindən gələcəyi kimsədə şübhə doğurmur.