Eyni zamanda qeyd etmək lazımdır ki, Ağdamın “Qarabağ” klubu onun ən məşhur məşqçisi – Milli Qəhrəman Allahverdi Bağırovun adı ilə sıx şəkildə bağlıdır və bu gün Ordu.az olaraq oxucularımıza onun haqqında danışmaq istərdik.
Qəhrəmanlar ölür, lakin onların xatirəsi əbədi olaraq qalır. O, bizim qəlblərimizdə yaşayır. Allahverdi Teymur oğlu Bağırov Azərbaycanın Milli Qəhrəmanıdır. O, 1946-cı il aprel ayının 22-də Ağdam şəhərində anadan olub. Hələ uşaq yaşlarında ikən Allahverdi idmanla məşğul olub. İdman karyerasını isə yüngül atletikadan başlayıb. Bütün işlərdə olduğu kimi, idmanda da güclü xarakter nümayiş etdirib. Heç zaman məğlubiyyətlə barışmayıb. Daha sonra futbolla məşğul olmağa başlayır. Ağdamın futbol komandasında oynayır, müxtəlif yarışlarda iştirak edir. 1976-cı ildə isə doğma Ağdamın “Qarabağ” komandasının baş məşqçisi olur. Əbəs yerə demirlər ki, istedadlı insan hər sahədə istedadlıdır. Yaxşı futbolçu olan A. Bağırov özünü mükəmməl məşqçi kimi də nümayiş etdirir. Dostlar onu ciddi, bununla bərabər qayğıkeş məşqçi kimi xatırlayırlar.
Dağlıq Qarabağda erməni separatçılığı baş qaldıranda, Allahverdi və onun kiçik qardaşı Eldar Ağdamda könüllü batalyonu təşkil edirlər. Allahverdinin burada da aydın sezilən məqsədi var – qalib gəlmək! Düşmənə qalib gəlmək, Vətəninin şərəfini qorumaq, separatçılar tərəfindən dağıdılmasına yol verməmək! Yalnız irəli, geriyə yol yoxdur!
“Axı mübaribə xəbərdarlıqsız başladı. Əslində, biz müharibəyə hazır deyildik, çünki azərbaycanlılar sülhsevər xalqdır, “qonşumuzun” Azərbaycan ərazisini işğal etmək istədiyindən şübhələnmirdik. Lakin biz də silah götürməli və Vətənin müdafiəsi uğrunda ayağa qalxmalı olduq”, - deyə Ağdam özünümüdafiə batanyonunda Allahverdi Bağırovun müavini olan Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov Ordu.az-ın müxbiri ilə öz xatirələrini bölüşüb.
- Mən Ağdamda adi müəllim idim. Müharibə Xankəndidə kədərli hadisələrlə başlayanda, biz Ağdam batalyonu adı ilə məşhur olan 845-ci batalyonu yaratdıq. Allahverdi batalyonun komandiri idi. Mən onun müavini oldum. Biz uşaqlıq dostları idik, o, möhtəşəm insan idi. Onun qardaşı Eldar Bağırovu da xatırlatmaya bilmərəm. O, mənim şagirdim idi. Təəssüf ki, ölüm əvvəlcə sıralarımızdan onu aldı. 1991-ci ildə biz Eldarı itirdik.
Bizdə - Ağdam özünümüdafiə batalyonunun döyüşçülərində silahlarla bağlı böyük çətinliklər var idi. Ermənilər ən müasir silahlarla təchiz olunanda, bizdə hətta ovçu tüfəngi də üç nəfərə bir ədəd düşürdü. Atıcı silahın axtarışı ilə məşğul olmaq lazım gəlirdi.
Ermənilərin Xocalıya hücum etməsi məlum olanda, bacaran hər kəs orada qalan insanları xilas etmək üçün şəhərə doğru can atdı. Allahverdi xeyli sayda Xocalı sakinini xilas edə bildi. İndi onun göz yaşlarını xatırlayıram. Deyirlər ki, kişi ağlamaz, amma biz gördüklərimizdən sonra göz yaşlarımızı saxlaya bilmədik. Allahverdi üç gün ərzində 1003 xocalılını erməni əsirliyindən azad edə bildi. O, davamlı olaraq əsirlərin dəyişdirilməsinə dair danışıqlar aparırdı. Bəzən ermənilər azərbaycanlıları öldürür və bizə cəsədləri qaytarırdılar, biz isə əvəzində onlara sağ erməni əsirlərini verirdik. Ermənilərdən fərqli olaraq biz vəhşi deyilik ki, əsirləri öldürək. Mən onun bizim həmvətənlərimizi necə böyük çətinlik və əziyyətlə əsirlikdən azad etdiyini görürdüm. Əminəm ki, sağ qalsaydı, Vətənə daha çox fayda verə bilərdi. Təəssüf ki, tale ona belə imkan vermədi. 14 iyun 1992-ci ildə postu yoxladıqdan sonra geri qayıdarkən minaya düşdü. Qohumu Rövşən də onunla birlikdə idi. Allahverdi və sürücü həlak oldular”, - deyə Ə. Rüstəmov xatirələrini bölüşdü.
Allahverdinin xatirəsinə Sükut dəqiqəsi zamanı düşmən oyun gedən stadionu “Qrad”la atəşə tutub. Lakin “Qarabağ” futbolçularından heç biri yerindən tərpənməyib.
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Allahverdi Bağırov doğma Ağdamda, qardaşı Eldar Bağırovun məzarının yanında dəfn edilib. Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları yadigar qalıb.
Allahverdi Bağırovun dünyaya göz açdığı şəhər erməni ordusu tərəfindən tutularaq məhv edilib. Ağdamın “Qarabağ” komandası 1993-cü ildən doğma meydanda oynamır və bu, klubun ləqəblərindən birində öz əksini tapır – “qaçqınlar”. Lakin Allahverdi Bağırovun sevimli yetirməsi Çempionlar Liqasının qrup mərhələsinə adlamaqla dünya futbolunda yeni qələbələr və zəfərlər qazanır. Bütün Azərbaycan xalqı səninlədir, “Qarabağ!”
Nərgiz Tahirova
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az