Ordu.az Pakistan ordusunun ehtiyatda olan general-leytenantı, hərbi xadim Tarik Xanın Pakistan nümayəndə heyətinin Azərbayacan səfəri barədə fikirlərini təqdim edir.
Onun sözlərinə görə, general Zubayr çox intellektual və praqmatik zabitdir.
“Mən əminəm ki, general Zubayr Azərbaycanla hərbi sahədə daha dərin əlaqələr yaradacaq. Onun səfəri bizim ölkələrimiz arasında hərbi əməkdaşlığı daha da gücləndirəcək. İki ölkənin hərbi sahə də daxil olmaqla əməkdaşlığı üçün böyük potensial var. Bu gün İslamabad Bakı ilə hərbi-texniki əməkdaşlığın davam etdirilməsinə yönəlib. Bəli, bu məsələdə Bakının da marağı var. Hesab edirəm ki, bizim ölkələrimiz hərbi əməkdaşlıq sahəsində əlaqələri dərinləşdirməlidir”, - deyə T.Xan vurğulayıb.
Pakistanlı general deyib ki, bu gün Pakistan uğurla müasir silah növlərini istehsal edir.
“Biz Azərbaycana tanklarımızı, təlim təyyarələrimizi, pilotsuz uçuş aparatlarımızı, atıcı silahlarımızı və istehsal etdiyimiz digər texnikanı təqdim etməyə hazırıq. Hazırda Pakistan “Əl-Xalid” tankları və JF-17 qırıcıları istehsal edir. Bu hərbi təyyarələr Çin lisenziyası üzrə istehsal olunur. Bildiyim qədərilə, Azərbaycan Pakistandan “Super Mushshak” təlim-məşq təyyarələri alıb. Bu çox yaxşı seçimdir. Əminəm ki, ölkələrimiz arasında hərbi sahədə imzalanan müqavilələrin sayı artacaq”, - deyə T.Xan qeyd edib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən pakistanlı general bildirib ki, Pakistan, Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək.
“Biz dünyada Ermənistanı tanımayan yeganə dövlətik. Çox gözəl bilirik ki, Ermənistan Azərbaycan ərazisini işğal edəndə onlar hansı narahatçılıqlar yaşayıb. Biz də Kəşmir probleminə görə belə əzab çəkirik. Qarabağ münaqişəsinin həllinin yeganə yolu BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinin yerinə yetirilməsidir. Bu qətnamələrə görə isə erməni tərəfi öz qoşunlarını ərazidən çıxarmalı və işğal edilmiş əraziləri tərk etməlidir.
Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələrinə uyğun şəkildə sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Əminəm ki, Azərbaycan tərəfi də bu mövqedədir. Çünki Pakistan kimi Azərbaycan da sülhsevər ölkədir”, - deyə T.Xan vurğulayıb.
Seymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az