Ermənistan BQ rəisi Rusiyadan “Tor” zenit-raket kompleksləri alınmasını təsdiqləyib

2026/06/1781004457.jpg
Oxunub: 701     15:24     09 İyun 2026    
“Rusiya-Ukrayna müharibəsində də köhnə tip silahlardan istifadə olunur, lakin onlar qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər. Buna görə də heç bir texnika yalnız yaşı səbəbindən öz əhəmiyyətini itirmir”.

Ordu.az xəbər verir ki, bunu iyunun 9-da jurnalistlərlə söhbətində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Eduard Asryan bildirib.

O, ordunun ehtiyacları üçün alınan silahların keyfiyyəti və müasirliyi ilə bağlı hərbi ekspertlərin şübhələrini şərh edib.

Asryan qeyd edib ki, Müdafiə Nazirliyi idxal olunan silahların ümumi idarəetmə sisteminə inteqrasiya imkanlarını qiymətləndirir və Ermənistanın müəyyən silah növlərindən tamamilə imtina etməsi ilə bağlı iddiaları təkzib edib.

O, xüsusilə Ermənistanın Rusiyadan hərbi məhsullar almağa davam etdiyini təsdiqləyib və son hərbi baxış zamanı nümayiş etdirilən Rusiyanın “Tor” zenit-raket komplekslərini nümunə göstərib.

“Müharibədən sonra səylərin böyük hissəsi ordunun itkilərini bərpa etməsinə, yeni texnika əldə etməsinə və ayağa qalxmasına yönəlmişdi. Biz də ayağa qalxdıq”, - deyə Asryan bildirib.

O, mayın 28-də Ermənistanda son on ildə ilk dəfə keçirilən hərbi paradı qiymətləndirərkən bu fikirləri səsləndirib.

Paradın komandanı kimi çıxış edən Baş Qərargah rəisi keçid edən bölmələr və nümayiş etdirilən silah-sursat barədə müsbət təəssüratlarını gizlətməyib.

Bununla belə, Asryanın hava hücumundan müdafiə səviyyəsinin “gündən-günə” yüksəldiyi barədə optimist açıqlamalarına baxmayaraq, müstəqil müşahidəçilər ölkənin hava məkanının eşelonlaşdırılmış müdafiəsində ciddi boşluqların qaldığını vurğulamaqda davam edirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Asryan   BQ  


Bizi "telegram"da izləyin