Ermənistan MSK yenidən saymaya başlayıb: Seçkilərin nəticələri dəyişəcəkmi?

2026/06/1781004418.jpg
Oxunub: 308     15:21     09 İyun 2026    
Ermənistanda Dairə Seçki Komissiyalarında bəzi seçki məntəqələri üzrə səslərin yenidən hesablanması prosesinə başlanılıb. Proses canlı yayımlanır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Ermənistan MSK-nın məlumatına görə, ümumilikdə 38 Dairə Seçki Komissiyasından 21-nə yenidən sayım aparılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

Qalan 17 Dairə Seçki Komissiyasına isə “Çiçəklənən Ermənistan” Partiyasının, “Birliyin Qanadları” Partiyasının və “Hayastan” Partiyalar Blokunun səlahiyyətli nümayəndələri və namizədləri tərəfindən ümumilikdə 30 müraciət təqdim edilib.

Ümumilikdə 555 məntəqə seçki komissiyasının səsvermə nəticələrinin yenidən hesablanması ilə bağlı müraciətlər daxil olub.

Ermənistan MSK xatırladıb ki, yenidən hesablanma işləri Dairə Seçki Komissiyalarının yerləşdiyi məkanlarda canlı yayım şəraitində aparılır və iclaslarda iştirak etmək hüququ olan şəxslər üçün açıqdır.

Bunlara akkreditə olunmuş KİV nümayəndələri, müşahidə missiyalarının nümayəndələri, seçkilərdə iştirak edən partiya və blokların səlahiyyətli nümayəndələri, etibarlı şəxslər, namizədlər və Ermənistan MSK tərəfindən verilmiş vəsiqəyə və şəxsiyyəti təsdiq edən sənədə malik digər şəxslər daxildir.

Səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı isə Dairə Seçki Komissiyalarına heç bir müraciət daxil olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin