Ordu.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib.
Marukyan bildirib ki, Göyçə vilayətindəki bəzi seçki məntəqələrinin protokolları onun əlindədir və həmin sənədlərlə Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən məlumatlar arasında uyğunsuzluqlar mövcuddur.
“21/02 saylı məntəqədə “İşıqlı Ermənistan” 2 səs alıb, amma Mərkəzi Seçki Komissiyasında 0 səs göstərilib. 21/14-də 1 səs almışıq, saytda 0 göstərilib. 21/15-də 1 səs almışıq, yenə də 0 göstərilib. 21/17-də 6 səs almışıq, saytda isə 0 yazılıb”, - deyə Marukyan bildirib.
O qeyd edib ki, digər bir sıra məntəqələrdə də eyni hal müşahidə olunub.
“Söhbət kiçik kəndlərdən gedir. Nikol nə edib? Mərkəzi Seçki Komissiyasının sisteminə sıfır səs daxil edib. Niyə Nikol deyirəm? Çünki sistem hakimiyyətə məxsusdur. Mən demirəm ki, biz parlamentə keçməli idik, amma fakt budur ki, nəticələr saxtalaşdırılıb.
Bu, ümumdövlət əhəmiyyətli məsələdir. Eyni şey 2000 məntəqədə baş verib”, - deyə o vurğulayıb.
Marukyanın sözlərinə görə, bunun məqsədi onların topladığı səsləri az göstərmək və partiyanın dövlət maliyyələşməsindən məhrum edilməsinə nail olmaq olub.
O qeyd edib ki, hakimiyyət nümayəndələri dəfələrlə seçkiləri saxtalaşdırmayacaqlarını bəyan etsələr də, faktiki vəziyyət bunun əksini göstərir.
“Bu, cinayət məsuliyyəti yaradan əməldir. Protokollar saxtalaşdırılıb. Bizə göstərilən rəqəmdən qat-qat çox insan səs verib. Bu faktlar üzə çıxır və ortaya daha çox fakt çıxacaq. Əsas məsələ budur ki, bu sistem seçki saxtakarlığı alətinə çevrilib.
Deyirdilər ki, Köçəryan seçkiləri saxtalaşdırırdı, Serj seçkiləri saxtalaşdırırdı. İndi isə eyni sistemdə oturub eyni üsulla saxtakarlıq edirsiniz. Dairə komissiyalarından tutmuş Mərkəzi Seçki Komissiyasının sədrinə qədər və şəxsən sən, Nikol, buna görə hamınız cavab verməlisiniz. Siz elə adi, kiçik seçki saxtakarlarısınız”, - deyə Marukyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az