Avropada robotlaşdırılmış qülləyə və PUA-lara malik yeni tank təqdim olunub

2026/06/1782029058.jpg
Oxunub: 243     11:55     21 İyun 2026    
Fransa-Almaniya müdafiə konserni KNDS “Eurosatory 2026” sərgisində Avropa müştəriləri üçün yeni əsas döyüş tankını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.

Almaniyanın “Krauss-Maffei Wegmann” və Fransanın “Nexter” şirkətlərini birləşdirən KNDS hazırda 11 mindən çox əməkdaşı, 4,4 milyard avrodan artıq dövriyyəsi və iri sifariş portfeli olan ümumavropa quru müdafiə holdinqi kimi fəaliyyət göstərir.

CAPINT (Intermediate Capability) adlandırılan yeni tank Avropanın mövcud və gələcək zirehli texnika layihələri arasında keçid platforması hesab olunur.

Konsepsiya baxımından platforma Leopard 2A8 şassisi üzərində qurulub və tamamilə yenidən işlənmiş pilotsuz qüllə, eləcə də pilostuz uçuş aparatları və robotlaşdırılmış quru platformalarının inteqrasiyası ilə təchiz edilib.

Layihə Fransa-Almaniya MGCS (Main Ground Combat System) proqramı istifadəyə verilənə qədər keçid həlli kimi təqdim edilir. KNDS bildirir ki, CAPINT platforması 2030-cu illərdə istifadəyə hazır vəziyyətə gətiriləcək.

Tank təxminən 1500 at gücünə malik dizel mühərriki ilə təchiz olunub. Eyni zamanda istilik və səs izini azaltmaq məqsədilə hibrid enerji sistemlərinin tətbiqi də nəzərdən keçirilir.

Layihənin əsas xüsusiyyətlərindən biri pilotsuz qüllədir. Ekipaj tamamilə korpus daxilində yerləşdirilir, silah sistemləri isə məsafədən idarə olunur. Bu yanaşma qüllənin ölçülərinin azaldılmasına və ekipajın mühafizəsinin artırılmasına imkan verir.

Əsas silah kimi avtomatik doldurma sisteminə malik 120 mm çaplı ASCALON hamar lüləli top nəzərdə tutulub. Sistem NATO standartlarına uyğun sursatlardan istifadə edə bilir. Konstruksiya gələcəkdə qüllənin tam yenidən hazırlanmasına ehtiyac olmadan daha böyük çaplı silahların inteqrasiyasına da imkan verir.

KNDS tankı həmçinin robotlaşdırılmış texnikalar və kəşfiyyat tipli pilotsuz uçuş aparatları ilə birlikdə fəaliyyət göstərə bilən şəbəkə əsaslı döyüş konsepsiyasının mühüm elementi kimi təqdim edir.

Şirkət sərgidə eyni zamanda” Leopard 2” A-RC 3.0 konsepsiyasının inkişaf etdirilmiş variantını da nümayiş etdirib. Bu platforma da pilotsuz qüllə və üç nəfərlik ekipajla təchiz olunub.

Sistem 120, 130 və 140 mm çaplı silahların inteqrasiyasına imkan verir və pilotsuz uçuş aparatları ilə onların kütləvi hücumlarına qarşı gücləndirilmiş müdafiə vasitələri ilə təchiz olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Tank  


Bizi "telegram"da izləyin