Ordu.az xəbər verir ki, söhbət Nəbatiyyə şəhəri yaxınlığında yerləşən və zirvəsində orta əsrlərə aid Bofor qalasının yerləşdiyi yüksəklikdən gedir.
İsrail ordusunun məlumatına görə, əməliyyat bir neçə gün davam edən intensiv döyüşlərin və ətraf yaşayış məntəqələrinə endirilən hava zərbələrinin nəticəsi olub. İsrail bölmələri dağlıq ərazidə “Hizbullah” döyüşçüləri ilə qarşıdurmaya giriblər.
Hərbçilər bu irəliləyişi son 25 ildən artıq müddətdə Livan ərazisinə ən dərin nüfuzlardan biri kimi qiymətləndiriblər. Qeyd olunur ki, Bofor qalası daha əvvəl 1982-ci ildə də İsrailin nəzarətinə keçmiş və 2000-ci ildə qoşunların çıxarılmasına qədər bu vəziyyət davam etmişdi.
İsrailin müdafiə naziri İsrael Kats İsrail bayrağının qala üzərində qaldırıldığını bildirib.
Ordudan verilən məlumata görə, əməliyyatın məqsədi “Hizbullah”ın infrastrukturunu məhv etmək və İsrail vətəndaşları üçün təhlükəni aradan qaldırmaqdır.
Hərbi komandanlığın məlumatına əsasən, hücum bir neçə gün əvvəl Bofor dağ silsiləsi və Suluki vadisi istiqamətində başlayıb. İsrail Ordusu zərurət yaranacağı təqdirdə əməliyyatı genişləndirməyə hazır olduğunu bəyan edib.
Məlumata görə, İsrail qüvvələri əvvəllər şərti ayırıcı xətt hesab olunan Litani çayını keçərək Livanın cənubunun dərinliklərinə doğru irəliləyiblər. Nəbatiyyə ətrafı və Sur şəhəri də daxil olmaqla bir sıra bölgələrin sakinlərinə təxliyə çağırışları göndərilib.
“Hizbullah” isə öz növbəsində sərhədyanı ərazilərdə İsrail qüvvələrinə və zirehli texnikasına, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirdiyini açıqlayıb.
İsrail tərəfi çətin aşkarlanan pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin artdığını qeyd edir.
İsrail ilə “Hizbullah” arasında qarşıdurma mart ayının əvvəlindən kəskin şəkildə şiddətlənib və qarşılıqlı zərbələr, quru əməliyyatları, həmçinin hər iki tərəfdə ciddi itkilərlə müşayiət olunur.
Məlumatlara görə, Livanda 3 mindən çox insan həlak olub, 1 milyondan artıq sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Sevinc Əliyeva
Ordu.az