“Welt am Sonntag”: ABŞ Avropadakı hərbi bazalarından qoşunların çıxarılmasını sürətləndirmək niyyətindədir

2026/05/1779220687.jpg
Oxunub: 474     09:19     31 May 2026    
ABŞ Avropadakı hərbi bazalarından qoşunlarının çıxarılmasını sürətləndirmək niyyətindədir və bununla bağlı təkliflərini artıq gələn ay NATO üzrə müttəfiqlərinə təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “Welt am Sonntag” qəzeti Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Vaşinqton Amerika hərbi mövcudluğunun azaldılması ilə bağlı detalları NATO qüvvələrinin formalaşdırılması məsələlərinə həsr olunmuş qarşıdakı Force Sourcing Conference konfransında müzakirə etməyi planlaşdırır.

Eyni zamanda qoşunların sürətləndirilmiş şəkildə çıxarılmasının konkret vaxtı və bunun hansı obyektlərə şamil ediləcəyi hələlik açıqlanmır.

May ayında ABŞ Prezidenti Donald Trampın administrasiyası artıq Almaniyadan təxminən 5 min hərbçinin çıxarılması planlarını elan etmişdi. Həmin vaxt Pentaqon bildirmişdi ki, proses altı aydan on iki ayadək davam edəcək.

Almaniya Avropada ABŞ qoşunlarının yerləşdirilməsi üzrə ən böyük mərkəz olaraq qalır. Ölkə ərazisində ABŞ-nin təxminən 35 min hərbçisi yerləşdirilib.

Bir sıra analitiklərin fikrincə, hərbi kontingentin azaldılması qərarı Vaşinqtonla Avropadakı müttəfiqlər arasında İran ətrafındakı münaqişə və təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqları ilə bağlıdır.

Pentaqon hələlik “Welt am Sonntag”ın məlumatına rəsmi münasibət bildirməyib. Avropada ABŞ hərbi mövcudluğunun daha da azaldılmasının mümkün miqyası da naməlum olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Avropa  


Bizi "telegram"da izləyin