Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Qeyd edilir ki, layihə Amerika mayeləşdirilmiş təbii qazının regiona tədarükünü təmin etməli və Rusiya qazı tədarükünün bir hissəsini əvəz etməlidir.
Nəşrin məlumatına görə, AAFS belə miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində demək olar ki, heç bir təcrübəyə malik deyil. Bununla belə, şirkətin nümayəndələri arasında MAGA hərəkatı və Trampın siyasi çevrəsi ilə sıx əlaqələri olan şəxslər var.
Şirkətin əsas nümayəndələrindən biri amerikalı hüquqşünas Cessi Binaldır. O, Trampın və onun müttəfiqlərinin hüquqi müdafiəsində iştirakı ilə tanınır. Binal 2020-ci il seçkilərindən sonra səsvermə zamanı pozuntularla bağlı iddiaları fəal şəkildə dəstəkləyib və Co Baydenin qələbəsinə etiraz edilməsinə yönəlmiş məhkəmə proseslərində iştirak edib.
Şirkətin digər nümayəndəsi Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flinnin qardaşı Co Flinndir. Nəşrin məlumatına görə, onların hər ikisi 2020-ci il prezident seçkilərinin nəticələrinə etiraz kampaniyası ilə əlaqəlidir.
Qaz kəməri Bosniya və Herseqovina tarixində ən böyük enerji layihələrindən biri hesab olunur. Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ administrasiyasının nümayəndələri bosniyalı rəsmilərə Vaşinqtonun layihənin məhz AAFS şirkətinə verilməsində maraqlı olduğunu çatdırıblar.
“The Guardian”ın araşdırmasında qeyd olunur ki, vəziyyət ABŞ dövlət maraqları, enerji siyasəti və hazırkı Amerika administrasiyası ilə əlaqəli şəxslərin kommersiya maraqları arasında mümkün kəsişmələrlə bağlı suallar doğurur.
Nəşrin məlumatına görə, layihə yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. O, ABŞ-nin regionun Rusiya enerji daşıyıcılarından asılılığını azaltmağa çalışdığı Balkanlarda enerji təsiri uğrunda daha geniş mübarizənin bir hissəsidir.
Eyni zamanda ekspertlər xəbərdarlıq edirlər ki, layihə ətrafında xarici təzyiqin güclənməsi Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin başa çatmasından və Dayton sazişlərinin imzalanmasından sonra qorunub saxlanılan həssas siyasi tarazlığa təsir göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az