Ordu.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının seçki qərargahının rəhbəri Hraçya Rostomyan sosial şəbəkə hesabında yazıb..
Onun sözlərinə görə, bu siyasət Rusiya ilə münasibətlərin mərhələli şəkildə gərginləşdirilməsi, xarici siyasət kursunun dəyişdirilməsi və cəmiyyətdə anti-Rusiya gündəminin fəal şəkildə təşviqi ilə müşayiət olunur.
Rostomyan bildirib ki, bu siyasətin müəllifləri Ermənistanla Moldovanın tamamilə fərqli geosiyasi, iqtisadi və təhlükəsizlik mühitində yerləşdiyini ya anlamırlar, ya da bilərəkdən nəzərə almırlar.
O qeyd edib ki, Moldovanın üstünlüyü ölkə vətəndaşlarının əhəmiyyətli hissəsinin eyni zamanda Rumıniya vətəndaşı olması və Rumıniyanın Avropa İttifaqının üzvü kimi Moldova ilə ortaq sərhədə malik olmasıdır.
“Əgər Rusiya tərəfindən iqtisadi məhdudiyyətlər və ya siyasi təzyiqlər tətbiq olunursa, Moldova üçün Avropa bazarı, Avropa infrastrukturu və milyonlarla insan üçün açıq olan Avropa imkanları alternativ dayaq rolunu oynayır. Ermənistan isə belə vəziyyətdə deyil”, - deyə Rostomyan vurğulayıb.
O qeyd edib ki, Ermənistanın Avropa İttifaqı ilə ortaq sərhədi yoxdur və ölkə iqtisadiyyatı hələ də böyük ölçüdə Rusiya bazarı və Avrasiya İqtisadi Birliyinin iqtisadi məkanı ilə bağlıdır.
Onun sözlərinə görə, Ermənistan ixracatının mühüm hissəsi, minlərlə müəssisənin fəaliyyəti və on minlərlə iş yeri birbaşa və ya dolayı şəkildə bu iqtisadi sistemlə əlaqəlidir.
Rostomyan hesab edir ki, Rusiya ilə münasibətlərin kəskin şəkildə pozulması və ya Avrasiya İqtisadi Birliyindən çıxmaq perspektivi Ermənistan üçün iqtisadi təhlükəsizlik, sosial sabitlik və hətta dövlətin dayanıqlılığı məsələsinə çevrilə bilər.
“Moldova üçün Rusiyanın təsirinin azalması halında Rumıniya və Avropa alternativi mövcuddur. Ermənistan üçün isə belə təbii alternativ yoxdur. Yaranacaq boşluq böyük ehtimalla Türkiyə və Azərbaycanın iqtisadi və siyasi təsiri ilə doldurulacaq. Əgər Moldovada söhbət Avropa inteqrasiyasından gedirsə, Ermənistan üçün eyni proses ölkənin vilayətləşməsi perspektivi ilə Türkiyə-Azərbaycan təsirinin dərinləşməsinə gətirib çıxara bilər”, - deyə o bildirib.
Rostomyan qeyd edib ki, Rusiyayla qarşıdurma Moldova vətəndaşının gündəlik həyatında ciddi dəyişiklik yaratmaya bilər, lakin Ermənistan vətəndaşının həyatı üçün bunun nəticələri çox ağır ola bilər.
Onun fikrincə, Ermənistanın gələcəyi başqa ölkələrin təcrübəsinin mexaniki surətdə təkrarlanması üzərində qurulmamalıdır.
“Milli maraqlara əsaslanan, iqtisadi sabitliyi, təhlükəsizliyi və dövlətçiliyin möhkəmləndirilməsini təmin edən balanslaşdırılmış siyasətə ehtiyac var. Ermənistana yaxşı və əsaslı dəyişikliklər lazımdır və bunu təmin edə biləcək qüvvə “Çiçəklənən Ermənistan” Partiyasıdır”, - deyə Rostomyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az