Ordu.az xəbər verir ki, Papikyan bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələrinə istinad edib.
Erməni nazirin sözlərinə görə, mayın 21-də bir siyasi partiyanın nümayəndəsi videomüraciətlə çıxış edib və həmin müraciətdə üzü maskalı bir şəxs Cermukda mövqenin təhvil verildiyini iddia edib.
“Əlbəttə, Müdafiə Nazirliyi bunu təkzib etdi və hüquq-mühafizə orqanlarına müraciət edərək məsələyə hüquqi qiymət verilməsini istədik. Ötən gün İstintaq Komitəsi müəyyən edib ki, bu, yalan məlumatdır. Artıq etiraf edən şəxs var ki, aldadıb, yalan danışıb və əslində saxta məlumat yayıb”, - deyə Papikyan bildirib.
O iddia edib ki, bu hadisənin təşkilatçıları və quruluşçuları “Güclü Ermənistan” partiyasının nümayəndələri olub.
“Ermənistan sərhədində xidmət aparan əsgərə qarşı informasiya diversiyası həyata keçirirsiniz. Siz diversantsınız”, - deyə Ermənistan müdafiə naziri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az