Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Hayastan” müxalifət blokunun lideri Robert Köçəryan mayın 30-da Aştarak şəhərində seçicilərlə görüşü zamanı deyib.
Köçəryanın sözlərinə görə, hakimiyyət seçki prosesini yalanların, təhqirlərin, təhdidlərin və aqressiyanın meydanına çevirib.
O bildirib ki, bu siyasi mədəniyyətin ictimai həyata gətirilməsində əsas məsuliyyət mövcud hakimiyyətin və şəxsən baş nazir Nikol Paşinyanın üzərinə düşür.
“Bu hakimiyyət başdan-ayağa nifrətdən ibarətdir. Hamını bu nifrətlə zəhərləmək istəyir, çünki nifrət mühitində özünü rahat hiss edir. İnsanların bir-biri ilə dalaşmasından, ailələrin parçalanmasından, qonşuların bir-biri ilə danışmamasından zövq alır. Onu fəal və isterik vəziyyətdə saxlayan amil də məhz budur”, - deyə Köçəryan bildirib.
O qeyd edib ki, belə davranışı normal hesab etmir.
“Bu, normal deyil, bu, hamımıza açıq şəkildə görünən psixi pozuntunun əlamətidir”, - deyə Ermənistanın ikinci prezidenti vurğulayıb.
Bununla yanaşı, Köçəryan mövcud vəziyyətdə cəmiyyət üçün müəyyən müsbət dərs də gördüyünü bildirib.
Onun sözlərinə görə, indiki dövr vətəndaşlara dövlət idarəçiliyində hansı səhvlərə yol verilməməli olduğunu göstərməlidir.
“Biz nəhayət anlamalıyıq ki, ölkəni güclü saxlamaq üçün hansı addımları atmaq olmaz. Ölkəni zəiflədən, cəmiyyəti parçalayacaq heç bir addım atmaq olmaz. Buna görə də saxta məlumatların arxasınca getmək və nifrət yaymaq olmaz. Bu, hamımız üçün dərs olmalıdır, xalqımız üçün dərs olmalıdır”, - deyə o qeyd edib.
Köçəryan əmin olduğunu bildirib ki, erməni cəmiyyəti artıq hakimiyyətdə hansı insanların olmamalı olduğunu anlayıb.
“Sırf öz kürsüsünü qorumaq naminə dövlətçiliyi məhv edən insanlar ölkənin rəhbərliyində olmamalıdır”, - deyə erməni siyasətçi bildirib.
Hakimiyyətin fəaliyyət dövründən danışan “Hayastan” blokunun lideri son səkkiz ili “rüsvayçılıq illəri” adlandırıb.
“Bu səhifəni bağlamalıyıq. Ermənistanın və erməni xalqının ləyaqətini bərpa etməyə, ölkəni gücləndirməyə və dövlətlə xalqın bu illərdə üzləşdiyi itkiləri aradan qaldırmağa borcluyuq”, - deyə o vurğulayıb.
Köçəryanın sözlərinə görə, hazırkı nəsil son illərdə baş verən hadisələrə görə gələcək nəsillər qarşısında məsuliyyət daşıyır.
“Gələcək nəsillərin bizi bu səkkiz il ərzində baş verənlərə görə bağışlaması üçün hər şeyi etməliyik. Müharibəyə görə. Müharibədə məğlubiyyətə görə. “Yerablur”un üç dəfə böyüməsinə görə. Ölkənin rüsvayçı vəziyyətə salınmasına görə”, - deyə o bildirib.
O vurğulayıb ki, Ermənistan vətəndaşlarına öz ölkələri ilə fəxr etmək hissini geri qaytarmalıdır.
“Xalqımızın yenidən öz keçmişi ilə qürur duyması, bu günü ilə fəxr etməsi və gələcəyə böyük ümidlə baxması üçün əlimizdən gələni etməliyik”, - deyə Köçəryan bildirib.
O ümid etdiyini qeyd edib ki, vətəndaşlar mövcud problemləri dərk edir və hakimiyyət dəyişikliyi ilə bağlı qərar verəcəklər.
Köçəryan 2018-ci il hadisələrinə də toxunaraq bildirib ki, onun fikrincə, Ermənistan həmin proseslərə gətirib çıxaran siyasi sistemlə bir daha üzləşməməlidir.
“Ermənistanda bir daha 2018-ci il inqilabını doğuran sistem olmamalıdır. Biz buna zəmanət veririk”, - deyə o vurğulayıb.
Köçəryanın sözlərinə görə, insanlar həmin dövrdə daha yaxşı həyat ümidi ilə küçələrə çıxmışdılar, lakin nəticə gözləntilərin tam əksinə olub.
“İnsanlar həqiqətən daha yaxşı həyat ümidi ilə küçələrə çıxmışdılar. Amma tam əks nəticə əldə etdik. Çünki həmin hərəkatın başında fırıldaqçılar və siyasi avantüristlər dayanırdı və onlar prosesi tamamilə başqa istiqamətə yönəltdilər”, - deyə “Hayastan” blokunun lideri bildirib.
O vurğulayıb ki, komandalarının məqsədi yalnız hakimiyyət dəyişikliyi deyil.
“Məqsədimiz sadəcə hakimiyyət dəyişikliyi deyil. Məqsədimiz keyfiyyətli erməni dövlətçiliyinin qurulmasıdır. Söhbət vətəndaşlarını qoruya bilən, müttəfiqlərinə hörmət edən, qonşularının hörmətini qazanan və uşaqları üçün imkanlar yaradan bir dövlətin qurulmasından gedir. Biz vətəndaşlarını qoruya bilən, müttəfiqlərinə hörmət edən, qonşularının hörmət etdiyi və uşaqları üçün gələcək yaradan dövlət qurmaq istəyirik. Bunu edə biləcək komanda bizik”, - deyə Ermənistanın ikinci prezidenti bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az