VBAT-400-ün quruluşu və aerodinamikası müxtəlif coğrafi və mübarizə şəraitlərində iş üçün optimallaşdırılıb. PUA ağır yanacaq mühərriki ilə təchiz olunduğundan onun yanacaq həcmi böyükdür, bu da uzunmüddətli uçuşlar üçün imkan verir. Şaquli eniş-qalxış (VTOL) qabiliyyəti V-BAT-ın kiçik məkanlardan, hətta gəmi göyərtəsindən belə təkbaşına uçuşa buraxılmasına imkan verir. “Shield AI” məlumatına görə, VBAT-ın uçuşa start və eniş üçün cəmi 4.6×4.6 metr eniş zonası tələb olunur. Açıq rotorların olmaması operator təhlükəsizliyini artırır və PUA-nı sıx şəhər məskunlaşması və düzənliklərdə etibarlı edir.

PUA-nın açıq arxitekturaya malik platforması üç modullu yük bölməsini dəstəkləyir və bu sahələr vasitəsilə müxtəlif kəşfiyyat sensorları, kommunikasiya sistemləri və hətta “gəzən sursat”lar daşımaq mümkündür. Məsələn, “Shield AI” tərəfindən sınaqdan keçirilmiş V-BAT yük modulunda “Hatchet” adlı “gəzən sursat” inteqrasiya oluna bilir. Bu, PUA-nın eyni uçuş sistemində həm kəşfiyyat, həm də hücum funksiyalarını yerinə yetirməsinə imkan verir. Beləliklə, VBAT-400 kiçik logistika izi, çevik buraxılış və eniş imkanları sayəsində əlavə infrastruktur tələb etmədən sürətli yerləşdirmə üçün nəzərdə tutulub.
VBAT-400 PUA-sı kütləvi informasiya səviyyəsində yeni PUA hesab edilir. Onun texniki göstəriciləri də rəqiblərin oxşar PUA-larından fərqlənir. Məsələn, V-BAT-ın maksimum uçuş müddəti 12+ saat (EO/IR kameralarla təchiz edildikdə) təşkil edir və faydalı yük tutumu 18 kq civarındadır. Uçuş diapazonu 130-180 km aralığındadır (radar əlaqə tipindən asılı olaraq), maksimum sürət isə təxminən 90 km/saatdır. Xidməti uçuş hündürlüyü isə 5,500 metr (18,000 fut) səviyyəsindədir. Bu parametrlər göstərir ki, VBAT-400 uzun müddət səyyar kəşfiyyat həyata keçirə, çoxsaylı kameralarla geniş sahəni skan edə bilər.
Lakin sürətinin məhdud olması və böyük PUA-larla müqayisədə daha az faydalı yük daşıma qabiliyyəti (dəqiq zərbə endirməkdən çox, əsasən müşahidə məqsədi üçün nəzərdə tutulub) onu strateji hədəflərin məhvindən daha çox müşahidə və ehtiyat kəşfiyyat tapşırıqlarında effektiv edir. Eyni zamanda, ağır yanacaq mühərriki PUA-nın bütün mühitlərdə stabilliyini artırır və yanacaq infrastrukturunu sadələşdirir.

VBAT-400 yüksək səviyyəli avionik və optik sistemlərlə təchiz olunub. PUA-da girosabitləşdirilmiş elektro-optik/infraqırmızı kamera bloku yerləşdirilib ki, bu da gündüz və gecə şəraitində yüksək qətnaməli görüntü əldə etməyə imkan verir. Onun “ViDAR” genişzolaqlı avtonom müşahidə sistemi isə bir-birindən müstəqil işləyən çoxkameralı quruluş vasitəsilə diqqət çəkən hədəflərin sürətli aşkarlanmasına əsaslanır. Bu sahədə qabaqcıl hesab olunan “ViDAR” texnologiyası V-BAT platformasına inteqrasiya edildikdə hər saatda təxminən 8 100 km² ərazini skan etmək qabiliyyətinə malik olur ki, bu da regional patrul və sərhəd təhlükəsizliyi baxımından geniş müşahidə imkanları yaradır.
Sistem kommersiya komponentləri əsasında qurulmuş və genişləndirilə bilən açıq arxitekturaya malikdir, üçüncü tərəf istehsalçılar (məsələn, “Northrop Grumman” və “General Atomics” kimi şirkətlər) tərəfindən hazırlanmış “gəzən sursat” paketləri və ya əlavə sensorlar asanlıqla inteqrasiya oluna bilər. Üç modullu yük bölməsi şəbəkə-rabitə avadanlıqları və radioelektron mübarizə vasitələri də daxil olmaqla hərbi şəraitdə çoxfunksiyalı əməliyyatları mümkün edir. Nəticə etibarilə, VBAT-400 bir PUA platforması kimi kəşfiyyat, aşkarlama və məhdud zərbə imkanlarını eyni sistemdə birləşdirməyə uyğun quruluşa malikdir.
Bu PUA artıq bir sıra real əməliyyatlardan keçib. ABŞ Hərbi Dəniz Qüvvələri VBAT-ı 2021-ci ildə ixtisaslaşdırılmış sınaqlara cəlb edib və 11-ci Dəniz Piyadaları Briqadasının gəmidə aparılan təlimlərində, o cümlədən “USS Portland” amfibiya gəmisində uğurla istifadə edib. Daha sonra müstəqil mühitdə, Ukraynada VBAT-ın radioelektron mübarizə şərtlərində GPS və əlaqə pozuntusu olmadan uçuş sərbəstliyi təstiqləndi. ABŞ Sahil Mühafizəsi də yüksək əlçatanlıq və operativ hazır vəziyyət göstəricilərini nəzərə alaraq V-BAT platformasını dəniz üzərində pilotsuz uçuş xidmətləri üçün seçdi və bu məqsədlə 198 milyon dollarlıq çoxillik müqavilə imzaladı. Bu faktlar V-BAT-ın real əməliyyat mühitində, o cümlədən riskli və rəqabətli şəraitdə kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün etibarlı və yetkin bir platforma olduğunu göstərir.

Bu PUA donanma və piyada qüvvələri ilə inteqrasiya olunmaqla, hava hücumundan müdafiə və artilleriya atəş koordinasiyası kimi tətbiqlərdə istifadə edilə bilər. Misal üçün, peyk/radio-müdaxilə mühitində işləmək qabiliyyəti VBAT-ı unikallaşdırır (o, azılı GPS-jamming qarşısında belə uçuşu davam etdirə bilir).
Rəsmi açıqlamalarda vurğulandığı kimi, Ermənistanın imzaladığı 11 milyon dollarlıq müqavilə əsasən VBAT-PUA-larının alınmasını nəzərdə tutur. Müqavilənin təfsilatı açıqlanmamış olsa da, bu məbləğə bir neçə hava platforması, yerüstü idarəetmə stansiyaları, təlim və dəstək xidməti daxil ola bilər. Lakin mövcud ictimai informasiyaya görə, razılaşma məhz VBAT-ların alınmasına həsr edilib.
Digər PUA-ların (məsələn, daha kiçik taktiki PUA-ların) konkret adları açıqlanmasa da, 11 milyon dollar həcmində mümkün alış paketinin təhlili göstərir ki, vəsait təkcə V-BAT platformasına deyil, paralel olaraq başqa sinif PUA sistemlərinə də yönəldilə bilərdi. Açıq mənbələrdə yer alan məlumatlara əsasən bir V-BAT aparatının orta qiyməti təxminən 0,5 milyon dollar civarındadır. Əgər 11 milyon dollar vəsait tam şəkildə yalnız V-BAT-ların alınmasına sərf olunsaydı, nəzəri olaraq təxminən 20-yə yaxın aparatın tədarükü mümkün olardı. Lakin praktikada bu cür müqavilələr adətən yerüstü idarəetmə stansiyaları, ehtiyat hissələri, texniki xidmət paketi və təlim xərclərini də əhatə etdiyindən, real say bir qədər daha aşağı ola bilər.

Ancaq eyni məbləğ daha ağır sinif döyüş təyinatlı pilotsuz sistemlərə yönəldilsə, nəticə kəmiyyət baxımından fərqli ola bilər. Məsələn, Türkiyənin “Bayraktar TB2” zərbə PUA kompleksinin ixrac qiyməti müxtəlif mənbələrdə bir neçə milyon dollar səviyyəsində göstərilir və paketdən asılı olaraq dəyişir. Bu baxımdan 11 milyon dollarlıq büdcə ilə məhdud sayda (təxminən bir neçə ədəd) belə sinif platforma əldə etmək mümkün ola bilər. Burada nəzərə almaq lazımdır ki, TB2 adətən tək aparat kimi deyil, yerüstü idarəetmə stansiyası, rabitə avadanlıqları və texniki dəstək paketi ilə birlikdə təklif olunur. Digər alternativ kimi “AeroVironment” istehsalı olan “Puma” kimi daha kiçik taktiki kəşfiyyat PUA-larına baxdıqda isə mənzərə dəyişir. Açıq mənbələrdə bu tip sistemlərin hər birinin qiymətinin yüz minlərlə dollar səviyyəsində olduğu qeyd edilir. Bu halda 11 milyon dollarlıq büdcə ilə onlarla yüngül kəşfiyyat PUA-sının alınması nəzəri cəhətdən mümkün görünür. Lakin burada da real müqavilə dəyərinə ehtiyat hissələri, operator hazırlığı və logistika xərclərinin daxil edildiyini unutmaq olmaz.
Aşağı taktiki sinfə aid pilotsuz uçuş aparatlarının, məsələn, “AeroVironment RQ-11 Raven” kimi əl ilə buraxılan sistemlərin bir ədədinin qiyməti açıq mənbələrdə on minlərlə dollar səviyyəsində göstərilir. Bu baxımdan 11 milyon dollarlıq büdcə nəzəri olaraq yüzlərlə belə yüngül sistemin alınmasına imkan verə bilərdi.
Beləliklə, 11 milyon dollar həcmində vəsait strateji seçim baxımından kifayət qədər çevikdir: bir tərəfdən məhdud sayda daha ağır və zərbə qabiliyyətli PUA kompleksləri əldə etmək, digər tərəfdən isə uzunmüddətli müşahidə və taktiki kəşfiyyat üçün geniş park formalaşdırmaq mümkün idi. Lakin mövcud məlumatlara əsasən, Ermənistan bu mərhələdə əsas diqqəti “V-BAT” platformasına yönəltməyi üstün tutub. Ermənistanın mövcud pilotsuz aviasiya parkına nəzər saldıqda, bu seçim müəyyən məhdudiyyətlər doğura bilər. 2020-ci ildə baş vermiş Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri əsasən sadə kəşfiyyat PUA-larından istifadə etmiş, zərbə imkanlı müasir pilotsuz sistemlər baxımından ciddi boşluq yaşamışdı. Həmin dövrdə Rusiyadan tədarük edilən “Orlan-10” tipli taktiki kəşfiyyat aparatları operativ məlumat təminatında müəyyən rol oynasa da, onların imkanları həm uçuş davamiyyəti, həm də radioelektron mübarizə şəraitində dayanıqlılıq baxımından məhdud idi.

İndiyədək Ermənistanın hərbi-sənaye strukturları tərəfindən 20-dən artıq müxtəlif PUA layihəsinin təqdim olunduğu açıqlanıb, lakin bu layihələrin əhəmiyyətli hissəsi sınaq və ya prototip mərhələsini keçməyib. Açıq mənbələrdə İsrailin “Skylark” və “Orbiter” tipli yüngül kəşfiyyat aparatlarına bənzər yerli modellərin yaradıldığı bildirilir. Məsələn, UL-450 kimi çoxmühərrikli kəşfiyyat platforması haqqında məlumatlar yayılmışdı. Bununla belə, Ermənistanın hazırda uzunmüddətli uçuş qabiliyyətinə və yüksək faydalı yük tutumuna malik iri sinif PUA-ların yerli istehsalı istiqamətində davamlı və seriyalı istehsal xətti formalaşdırdığına dair təsdiqlənmiş faktlar mövcud deyil. Mövcud sistemlərin əksəriyyəti aşağı və orta hündürlükdə taktiki müşahidə tapşırıqları üçün nəzərdə tutulmuş platformalardır.
Buna qarşılıq, Azərbaycanın PUA parkı son illərdə həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə genişlənib. Türkiyənin “Bayraktar TB2” zərbə PUA-ları ilə yanaşı, İsrail istehsalı olan “Heron”, “Searcher” və “Hermes” kimi müxtəlif sinif kəşfiyyat və zərbə imkanlı sistemlər istismara verilib. 2024-cü ilin əvvəlində isə “Baykar” şirkətinin yüksək hündürlükdə və uzunmüddətli uçuş qabiliyyətinə malik “Akıncı” PUA-larının ilk partiyası istifadəyə qəbul edilib. Bu platformanın maksimal qalxma çəkisi təxminən 6 ton, faydalı yük daşıma qabiliyyəti isə 1,5 tona qədərdir ki, bu da ona müxtəlif tipli idarəolunan sursat və sensor kompleksləri daşımağa imkan verir. Bundan əlavə, ölkəmiz İsrail mənşəli “Aerostar”, “Orbiter” və digər müşahidə sistemlərindən də istifadə edir ki, bu da çoxqatlı və inteqrasiya olunmuş pilotsuz kəşfiyyat şəbəkəsinin formalaşdığını göstərir.
Bu müqayisədə VBAT-400 imkanlarına görə daha məhdud platforma kimi görünür: onun təxminən 73 kq maksimal qalxma çəkisi, 18 kq faydalı yük tutumu və 5,5 km xidmət hündürlüyü TB2 və “Akıncı” kimi sistemlərlə müqayisədə xeyli aşağı göstəricilərdir. Məsələn, “Bayraktar TB2”nin uçuş kütləsi təxminən 700 kq, “Akıncı”nın isə 6 000 kq-dır. “Akıncı” 9-12 km (30-40 min fut), TB2 isə təxminən 8 km-ə (27 min fut) qədər hündürlüyə qalxa bilir. VBAT-400-ün maksimal hündürlüyü isə 5,5 km səviyyəsindədir. Faydalı yük baxımından da fərq aydındır: təxminən 18 kq (VBAT), 150 kq-a yaxın (TB2) və 1 500 kq-a qədər (“Akıncı”).

Bu səbəbdən VBAT-400 əsasən müşahidə, sərhəd nəzarəti və taktiki kəşfiyyat tapşırıqları üçün uyğun hesab olunur, genişmiqyaslı zərbə və davamlı döyüş əməliyyatlarında daha ağır sinif PUA-ların funksiyalarını əvəz edə bilməz. Bu texniki fərqlər onun regional hərbi balansdakı rolunu da məhdudlaşdırır.
Eyni zamanda, Azərbaycanın hava hücumundan müdafiə sistemi, o cümlədən “Barak-8” tipli uzaqmənzilli komplekslər müxtəlif hava hədəflərini, o cümlədən PUA və raketləri aşkarlamaq və məhv etmək imkanına malikdir. Bu baxımdan, VBAT platformalarının sərhəd zonasında tətbiqi mümkün olsa da, onların müasir hava hücumundan müdafiə vasitələri qarşısında davamlı fəaliyyəti sual altında qala bilər. Bundan əlavə, Azərbaycanın əvvəlki döyüş təcrübəsi göstərir ki, kütləvi və koordinasiyalı şəkildə zərbə və “gəzən sursat” tipli PUA-lardan istifadə əməliyyat üstünlüyünün formalaşmasında mühüm rol oynayıb.
VBAT-400 platformaları Azərbaycan PUA parkı ilə müqayisədə həm say, həm də faydalı yük tutumu baxımından məhdud görünür və əsas zərbə vasitəsi funksiyasını yerinə yetirmir. Bu səbəbdən onların Ermənistanın ümumi hərbi üstünlüyünü ciddi şəkildə dəyişməsi real görünmür, ümumi balans kontekstində fərq hələ də qalmaqdadır.

Lakin taktiki səviyyədə mənzərə müəyyən qədər fərqlənə bilər. VBAT-400 PUA-ları zərbə platforması kimi deyil, daha çox sərhəd nəzarəti, hədəf monitorinqi və davamlı kəşfiyyat məqsədləri üçün nəzərdə tutulur. Uzunmüddətli və sabit müşahidə imkanları sayəsində onlar sərhəd keçidlərini izləmək, mövqelərin dəyişməsini qeydə almaq, texnika və şəxsi heyətin hərəkətini müəyyənləşdirmək kimi tapşırıqları icra edə bilərlər. Əldə olunan məlumatlar artilleriya və hava hücumundan müdafiə vasitələrinin daha dəqiq yönləndirilməsinə şərait yarada bilər. Eyni zamanda, bu platformalardan diqqət yayındırıcı və ya saxta hədəf rolunda da istifadə olunması mümkündür.
Beləliklə, VBAT-400 strateji güc balansını köklü şəkildə dəyişdirməsə də, lokal və məhdud əməliyyat mühitində informasiya üstünlüyü yaratmaq potensialına malikdir. Təxminən 5,5 km xidmət hündürlüyü və 90 km/saatadək sürəti dağlıq və mürəkkəb relyef şəraitində müşahidə tapşırıqları üçün yetərli hesab oluna bilər. Bu platformalar əsasən vizual və optik kəşfiyyat apararaq ön xətt və yaxın dərinlikdəki hərəkətliliyi izləyə, zərurət olduqda digər vasitələr üçün hədəf koordinatları təqdim edə bilər. Bununla belə, genişmiqyaslı və intensiv hücum əməliyyatlarında onların rolu məhdud qalır və əsas yük digər silah sistemlərinin üzərinə düşür.
Nəticə etibarilə, Ermənistanın ABŞ ilə imzaladığı bu müqavilə hərbi-strateji balansı köklü şəkildə dəyişməsə də, müəyyən taktiki yenilikləri gündəmə gətirir və siyasi baxımdan yeni tərəfdaşlıq xəttinin formalaşdığını göstərir. Bu addım, eyni zamanda, İrəvanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirmək niyyətinin göstəricisi kimi qiymətləndirilə bilər. Bununla belə, 11 milyon dollarlıq paket çərçivəsində əldə olunan V-BAT platformaları TB2 və ya “Akıncı” kimi ağır zərbə PUA-ları ilə müqayisədə daha yüngül və məhdud imkanlara malikdir. Təxmini hesablamalara görə, bu məbləğə 20-dən çox V-BAT, lakin cəmi bir neçə TB2 və ya onlarla yüngül taktiki kəşfiyyat PUA-sı əldə etmək mümkün olardı.

“Bayraktar Akıncı” və İsrail istehsalı “Heron/Hermes” sistemləri ilə müqayisədə VBAT-400 əsasən kəşfiyyat yönümlü platformadır, yüksək əməliyyat hündürlüyü və böyük həcmli faydalı yük daşımaq qabiliyyəti ilə seçilmir. Bu səbəbdən sözügedən alış Ermənistanın zərbə potensialını əhəmiyyətli dərəcədə artırmır, lakin sərhəd nəzarəti və taktiki müşahidə imkanlarını müəyyən qədər gücləndirə bilər. 12 saatdan artıq uçuş müddəti və müvafiq əməliyyat radiusu sayəsində bu PUA-lar daha çox sərhəd xətlərinin və strateji obyektlərin fasiləsiz monitorinqi üçün nəzərdə tutulur. Bu kontekstdə, Ermənistan VBAT-400 vasitəsilə lokal səviyyədə müşahidə və məlumat toplama qabiliyyətini artıra bilər.
Yekun olaraq qeyd etmək olar ki, V-BAT platformalarının əldə olunması Ermənistan üçün texnoloji baxımdan yeni mərhələ sayılsa da, regiondakı hərbi güc balansını fundamental şəkildə dəyişdirəcək səviyyədə deyil. Bu sistemlər taktiki üstünlük yarada bilər, lakin genişmiqyaslı hərbi üstünlük üçün əlavə kompleks yanaşma və müxtəlif silah sistemlərinin inteqrasiyası tələb olunur.
Firuz Bağırov
Ordu.az