Türkiyənin radioelektron müharibədə əli milli texnologiyalarla güclənir – ARAŞDIRMA

2023/10/1697531522.jpg
Oxunub: 21106     12:31     17 Oktyabr 2023    
Türkiyənin müdafiə sənayesi hər bir ölkə üçün məxfi qalmalı olan radioelektron müharibə sahəsində aparılan araşdırmalarla silahlı qüvvələrin ehtiyac duyduğu infrastrukturları və bənzərsiz sistemləri inkişaf etdirir və kritik texnologiyaları ölkəyə gətirir.

Müasir müharibənin sürətlə inkişaf edən və getdikcə mürəkkəbləşən təbiəti radioelektron müharibənin əhəmiyyətini artırır. Texnologiyanın yüksəlişi ilə döyüş sahəsi artıq ənənəvi fiziki məkanlar və silah sistemləri ilə məhdudlaşmır.

Radioelektron sistemlər və cihazlar müasir hərbi əməliyyatlarda həlledici rol oynayır və bu sistemləri pozmaq, qorumaq və istifadə etmək qabiliyyəti münaqişənin nəticələrinə böyük təsir göstərə bilər.

Radioelektron müharibə texnologiyalarının sürətli inkişafı döyüş meydanındakı paradiqmaları da dəyişir. Bu inkişaflar qarşısında ölkələrin müstəqilliyinin qorunması, çəkindiriciliyinin təmin edilməsi yalnız milli səviyyədə radioelektron müharibə sistemlərinin layihələndirilməsi, inkişaf etdirilməsi və bu sistemlərdən sahədə səmərəli istifadə edilməsi ilə mümkündür.

TÜBİTAK İnformatika və İnformasiya Təhlükəsizliyi Təkmil Texnologiyaları Araşdırma Mərkəzi (BİLGEM) hər bir ölkə üçün məxfi qalmalı olan radioelektron müharibə sahəsində silahlı qüvvələrin ehtiyac duyduğu infrastrukturları və unikal sistemləri inkişaf etdirərək, kritik texnologiyaların Türkiyəyə gətirilməsi istiqamətində mühüm vəzifələri öz üzərinə götürür.

BİLGEM institutları hərbi qurumların müəyyən etdiyi əməliyyat ehtiyaclarına uyğun olaraq yerli müdafiə sənayesi şirkətləri və universitetlərlə əməkdaşlıq edərək, milli həllər istehsal edir. Qabaqcıl Texnologiyalar Tədqiqat İnstitutu (İLTAREN) 1999-cu ildə qurulduğu gündən bu yana yalnız radioelektron müharibəyə diqqət yetirir.

BİLGEM İLTAREN qurulduğu gündən bəri bir çox radioelektron müharibə layihəsi həyata keçirilib. Əvvəlcə Türkiyə üçün təhlükə yaradan sistemlərin analiz, simulyasiya və sınaq infrastrukturlarını əhatə edən layihələr inkişaf etdirildiyi halda, bu gün İLTAREN-də yerli və milli səviyyədə inkişaf etdirilən radioelektron döyüş sistemləri Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib.

EHPOD Sistemi F-16 təyyarələri üçün özünümüdafiə sistemi kimi hazırlanıb. O, Türkiyə üçün təhlükə yaradan atəşə nəzarət və axtarış radarlarına və idarə olunan radiotezlik axtarış başlığına sahib raketlərə qarşı aşkarlama, qarışdırma və aldatma missiyalarını yerinə yetirir. EDPOD Sistemi isə təhdid radar sistemlərini və raketlərini müəyyən edir və aşkarlayır, bu təhlükələrin coğrafi yerlərini müəyyənləşdirir və təhlükələrin parametrlərini çıxarıb qeyd edə bilir.

İnstitut həmçinin ASELSAN ilə birlikdə milli resurslarla Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına aid təyyarələrdə quraşdırılacaq İnfraqırmızı Raket Xəbərdarlıq Sistemini hazırlayır. İnfraqırmızı Raket Xəbərdarlıq Sisteminin operativ uçuş proqram təminatının hazırlanması, radioelektron müharibə alqoritmlərinin inkişafı, məlumatların toplanması və təhlili fəaliyyətləri İLTAREN tərəfindən həyata keçirilir.

İstiqamətləndirilmiş İnfraqırmızı Mübarizə Sistemi çərçivəsində hava platformalarında istifadə olunması üçün təhdidi izləyəcək və müxtəlif diapazonlarda göndərilən lazer siqnalları vasitəsilə təhlükənin idarəetmə kilidini qıraraq onu zərərsizləşdirəcək bir sistem hazırlanır. Bundan əlavə, təhdid olan müxtəlif nəsil infraqırmızı axtarış başlığına sahib çiyindən atılan idarəolunan raketlərin müvafiq dalğa uzunluğunda istehsal edilən lazer kodları ilə qarışdırılması ilə bağlı Türkiyədə ilk olan və xaricdə də bir neçə ölkənin sahib olduğu sınaq mexanizmi yaradılıb.

Türkiyə HHQ Komandanlığının inventarında olan İnfraqırmızı Axtarış Başlığı Sınaq və Analiz Sistemi infraqırmızı axtarış başlığına malik idarəolunan raketlərə qarşı inkişaf etdirilən radioelektron döyüş texnikası və taktikalarının açıq sahədə yoxlanması və effektivliklərinin qiymətləndirilməsi məqsədilə açıq sahədə sınaq, ölçmə və analiz sistemi olaraq hazırlanıb.

Milli Döyüş Təyyarəsi üçün yüksək performanslı prosessor

Milli Döyüş Təyyarəsinin İnkişaf Etdirilməsi Layihəsinin missiya, uçuş və təyyarə idarəetmə sistemlərinin təhlükəsiz və yüksək performanslı əməliyyat və rabitə ehtiyaclarını qarşılayacaq yerli və milli inteqrasiya olunmuş modul avionika platforması üçün də araşdırmalar davam edir. Bu inkişaf etdirilmiş, inteqrasiya olunmuş prosessor vahidi həmçinin təyyarələrdə radioelektron müharibə sistemlərinin yüksək performanslı prosessor ehtiyaclarını qarşılayır.

Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının dəniz patrul gəmiləri üçün hazırlanmış Radioelektron Dəstək Sistemi sıx təhlükə mühitində radiotezlik diapazonunda inteqrasiya olunmuş rəqəmsal əsaslı geniş və dar diapazonlu qəbuledici arxitektura ilə dəqiq parametr çıxarma və istiqamət qiymətləndirmə xüsusiyyətlərinə malikdir.

Rəqəmsal Hesablama Radioelektron Hücum Texnikaları (SAHET) Sistemi Türkiyə HDQ Komandanlığının ehtiyaclarının qarşılanması üçün təhdid radar sistemlərinin hədəf aşkarlama və hədəf izləmə funksiyalarını zəiflədəcək rəqəmsal hesablamalı radioelektron hücum texnikalarının inkişaf etdirilməsi və texnikaların tətbiq oluna bilən olduğunu göstərmək məqsədilə hazırlanıb. SAHET sistemi yeni layihə çərçivəsində yenilənir.

Milli Birgə Radioelektron Müharibə Məlumat Bankı

Türkiyə Silahlı Qüvvələrinin müxtəlif döyüş şərtləri altında radioelektron müharibə fəaliyyətini uğurla həyata keçirməsi üçün radiotezlik təhlükəsi və radiotezlik radioelektron müharibə sistemlərinin qapalı dövrədə yerləşəcəyi Radioelektron Müharibə Sınaq və Qiymətləndirmə Laboratoriyasının yaradılması davam edir. Layihə çərçivəsində laboratoriyada proqramlaşdırıla bilən radar simulyatoru və texniki generator istifadə olunacaq.

Milli Birgə Radioelektron Müharibə Məlumat Bankı çərçivəsində hər cür dost/düşmən radiotezliyi, elektro-optik və rabitə sistemləri ilə bağlı ətraflı texniki/parametrik məlumatlar inteqrasiya olunmuş və milli formatda saxlanılır, işlənir və paylaşılır. Bundan əlavə, inventarda olan platformalar və silah sistemləri üçün müstəqil kitabxanalar hazırlanır, radiotezlik, elektro-optika və rabitə sistemlərinin platforma və silah sistemləri ilə əlaqələri müəyyən edilə bilər. Məlumat banklarında olan və məkan məlumatı olan bütün aktivlər coğrafi informasiya sistemlərindən istifadə edərək, xəritələrdə göstərilə bilər.

Türkiyə Silahlı Qüvvələrini və digər səlahiyyətli orqanları radarla idarə olunan təhdidlərdən qorumaq məqsədilə “chaff” (hərbi aviasiyada döyüş təyyarələri və helikopterləri tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir – red.) ehtiyacını tamamilə qarşılamaq üçün geniş tezlik diapazonuna malik effektiv milli “chaff” sursatı hazırlanır.

Hərbi personal və mühəndislər yan-yana

Britaniya və Fransada xaricdə nümunələri olan mülki mühəndislərlə hərbi personalın birgə işlədiyi strukturlar Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) dəstəyi ilə Türkiyədə də yaradılıb. İLTAREN mövcud və satın alınacaq radioelektron müharibə sistemləri çərçivəsində bütün qüvvələrə mühəndislik dəstəyi verir. Hərbi personal və mühəndislərin yan-yana işlədiyi mühitlərdə Radioelektron Müharibə Sistemləri Layihələri çərçivəsində əldə edilən infrastrukturdan istifadə edərək, raket təhdidlərinin təhlilini həyata keçirmək, Radioelektron Müharibə Texnika və Taktikalarını inkişaf etdirmək, Radioelektron Müharibə Sistemlərini əməliyyat ehtiyaclarını qarşılayacaq şəkildə yenidən proqramlaşdırmaq, növbətçi təlimlər vasitəsilə hərbi personalın bilik və təcrübəsini maksimum səviyyəyə çatdırmaq hədəflənir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyən   Radioelektron-müharibə  


Bizi "telegram"da izləyin