Deqradasiyadan Yenidənqurmaya: 3-cü ən geniş nüvə arsenalına sahib ölkə niyə çökdü?

2018/08/34535_1535357615.jpg
Oxunub: 2667     16:11     27 Avqust 2018    
2015-ci ilin avqustunda Ukrayna Müdafiə Nazirliyi tərəfindən Donbasda baş verən hadisələrə cavab olaraq silahlı qüvvələrin dərhal, çevik və təxirəsalınmaz tədbirlər planı ilə modernizasiyasına start verilməsi barədə qərar qəbul edildi.

Bu qərardan sonra geridə qoyduğumuz 3 il ərzində Ukrayna ordusunun döyüş qabiliyyətinin müstəqillik dövründə, yəni 1991-ci ildən bu yana özünün ən pik səviyyəsinə yüksəldiyini deyə bilərik. Lakin hələ də Ukrayna hər hansısa ciddi xarici təhdidlərə qarşı çox zəif görkəm bağışlayır. Bu vəziyyəti aradan qaldırmağın əsas yolu NATO-ya üzvlük kimi görünsə də, rəsmi Kiyev alternativlər axtarışındadır.

2014-cü ildə hökumət Sovet İttifaqından geri qalan, deqradasiyaya uğramış ordunun tam həcmli yenidənqurulması işlərinə start verdi. Əslində bu başlanğıc çox zəif idi və bu zəif başlanğıc niyə görə ordunun hazırkı vəziyyətinin heç də qənaətbəxş olmadığını əsaslı şəkildə izah edir. Hazırda beynəlxalq miqyaslı dəstəklər əldə etməsinə baxmayaraq Ukrayna hələ də tam həcmli yenidənqurma layihələrinin yekunlaşdırılmasından olduqca uzaq görünür. Buna səbəb sözügedən islahatların həyata keçirilməsində ortaya çıxan 3 əsas problemdir.

Birincisi, Sovet İttifaqından qalma ənənələr və stereotiplər hələ də aşılmayıb və bu da islahatların qarşısında zəif idarəetmə kimi ciddi əngəl yaradır. İkincisi, bir çox keçmiş sovet respublikalarının da keçid dövründə yaşadığı korrupsiya problemidir. Üçüncü isə Ukraynanın maliyyə imkanlarının çox dar çərçivəli olmasıdır.

Deqradasiya

Sovet İttifaqının parçalanmasından sonra Ukrayna müstəqilliyə Avropanın ən nəhəng hərbi qüvvələrindən birinə sahib ölkə kimi start verdi. Həmin dövrdə Ukrayna ordusunun tərkibində 780 min hərbçi, 6500 tank, 1100 döyüş təyyarəsi və 500-dən çox gəmi mövcud idi. 176 ədəd qitələrarası ballistik raket və 1000-dən çox strateji nüvə silahı ilə ölkə dünyanın ABŞ və Rusiyadan sonra 3-cü ən geniş nüvə arsenalına sahib ölkəsi oldu. NATO da artıq rəqib olmaqdan çıxmış və partyora çevrilmişdi. O zamanlar bu imkanlar Ukrayna rəsmilərini eyforiyaya saldı. Digər tərəfdən Ukrayna dərin iqtisadi böhrandan əziyyət çəkməyə başladı. Bütün sovet respublikaları kimi Ukrayna da sosializmdən kapitalizmə keçidin yaşatdığı böhrandan ciddi yaralar aldı. Şübhəsiz ki, ümumi olaraq biznes fəaliyyəti ilə məşğul olmaq abu-havasını bir kənara qoyun, belə bir sakit və o qədər də geniş müharibə perspektivi vəd etməyən ölkədə hərbi sənaye sektoruna yatırım etmək də xarici şirkətlərə cəlbedici gəlmədi.

Yekun olaraq qeyd edə bilərik ki, Ukrayna ordusunda deqradasiyaya səbəb olan əsas faktorlara Sovetlər birliyindən qalan geniş miqyaslı hərbi təchizatın yaratdığı rahatlığı, sosializmdən kapitalizmə gedən yolda iqtisadi böhranın hərb sənayesini diqqətdən kənar saxlamasını və ölkənin kifayət qədər stabil ölkə olmamasını göstərə bilərik. Ukrayna hərbisinin çöküşü və onu kökündən sarsıdan məsələ isə yəqin ki, 1996-cı ildə Kiyevin sahib olduğu bütün nüvə silahlarından imtina etməsi hesab olunmalıdır ki, bu da Ukraynanın xarici təhdidlərdən müdafiəsini tamamilə sarsıtmış oldu. Böhranlı mərhələnin ən yekun nöqtəsi isə 2012-ci ildə hərbi qüvvələrin ölçüsünün daraldılması ilə bağlı verilən qərar idi. Belə ki, 2013-cü ilin başlanğıcından etibarən Ukrayna silahlı qüvvələrinin tərkibi 184 min canlı qüvvə, 700 tank, 172 döyüş təyyarəsi və 22 döyüş gəmisi olaraq müəyyən edildi. Bütün bunlar Ukrayna hərbi qüvvələrinin deqradasiyasını formalaşdıran başlıca nüanslar oldu və Ukraynanın təhlükəsizliyini minimuma endirdi.

Yenidənqurma

Donbasdakı müharibə Ukrayna ordusunun bərbad ifadəsini maksimum şəkildə doğurduğunu göstərdi. Bu müharibə Ukraynaya onu xatırlatdı ki, 1991-ci ildə müstəqilliyini əldə edərkən Avropanın ən güclü ordularından birinə sahib ölkə, hazırda qitədə ən zəif hərbi qüvvələrdən birini dirçəltmək kimi vəzifə onları gözləyir. Buna görə də, 2012-ci ildə ordunun sahib olduğu hərbi qüvvənin ölçüsünün və gücünün azaldılması ilə bağlı qərar 2015-ci ildə ləğv edildi və tamamilə əks-mövqe tutulmağa başlanıldı. Ukrayna hökuməti aydınlaşdırmalı idi ki, geridə qalan 24 il ərzində nələr yanlış edilib və buna uyğun olaraq da hansı strateji yol xəritəsi qəbul edilməlidir. Qərarın qəbul edilməsi çox çəkmədi. 2015-ci ilin avqustuna qədər yaxın, orta və uzun perspektivli olmaqla həyata keçiriləcək layihələrlə bağlı ümumi plan qəbul edildi: İlk olaraq hərbi xərclər 2 milyard dollar qaldırılacaq, hərbçilərin sayı 36 faiz artırılaraq 250 minə çatdırlacaq, 2020-ci ilə kimi hərbi qulluqçuların 80 faizini profesional hərbçilər təşkil edəcək və orta hesabla illik 900 hərbi təlim təşkil ediləcək.
Statistika olaraq qulağa xoş gələn bu rəqəmlər əslində nəhəng islahatlar proqramının ən önəmli parçalarını təşkil edirdi və kifayət qədər təqdirəlayiq addımlar idi. Bu addımları başa düşmək üçün Ukrayna hərbi büdcəsinin 2013-cü ildə 1,9 milyard, 2015-cü ildə 3,1 milyard olduğunu və 2019-cu ildə bu rəqəmin 4 milyard, 2022-ci ildə isə 7 milyard dollara qaldırılması planlaşdırıldığını bilmək lazımdır. Eyni zamanda Ukrayna ordusu 2015-ci ildə heç bir beynəlxalq təlimlərdə iştirak etməyib və təcrübə mübadiləsi yaşamayıb, həmçinin daxili təlimlərin sayı da 70-80 ətrafında olub. Hazırda isə Ukrayna hərbçiləri ildə 200-ə qədəri beynəlxalq olmaqla ümumilikdə 900 müxtəlif hərbi təlimlərdə iştirak edir. İlkin mərhələ üçün bu addımları qənaətbəxş hesab etmək mümkün olsa da, qarşıdakı dövrlərdə yeni layihələrə ehtiyac olacaq. Şübhəsiz ki, Ukraynanın hərb sahəsində aparılan reformların zirvə nöqtəsi NATO-ya üzvlük olacaq. Lakin hələlik istər ölkə daxilindəki siyasi və hərbi vəziyyətdən dolayı olsun, istərsə də Rumıniya ilə aralarındakı problemlərdən dolayı, istənilən halda Ukraynanın alyansa üzvlüyü yaxın bir neçə il üçün qeyri-mümkün tapşırıq kimi görünür. Buna baxmayaraq qəbul etməliyik ki, hazırda Kiyev administrasiyası bu yolda çox əmin addımlarla irəliləyir. Əgər Ukrayna rəhbərliyi buna nail olarsa, onda Ukrayna SSRİ-dən sonra ilk dəfə öz milli təhlükəsizliyini bu qədər etibarlı hiss edəcək.

NATO-ya daxil olmaqdan söz düşmüşkən, vurğulanmalı başlıca faktor budur ki, NATO-ya üzvlük tələblərinin qarşılanması özü belə Ukraynanın kifayət qənaətbəş səviyyəyə çatdığını gösətərəcək. Artıq bu səviyyəyə çatmaq yolunda əhəmiyyətli addımlar atılıb. İlk olaraq Psixoloji Xüsusi Təyinatlı Qüvvələr formalaşdırıldı, ordu daxilində diversifikasiyalaşdırılma aparıldı. Bu addımın özünün belə yaxın zamanlarda əhəmiyyətli nəticələr doğuracağı şübhəsizdir. Bir çox inkişaf etmiş dövlətlərin hərbi qüvvələrində belə mövcud olmayan ixtisaslaşmanın təmin edilməsi üzrə işlərə başlanılıb. Belə ki, Quru Qoşunları, Dəniz Qüvvələri və Hava Qüvvələri daxilində ayrı-ayrı müxtəlif sahələr üzrə ixtisaslaşan komandanlıqlar formalaşdırıldı. Eyni zamanda kibertəhlükəsizlik və kosmik araşdırmalar prioritet məsələlər arasına salındı. Düzünü desək, hələlik bu sahələr kağız üzərində prioritet qeyd edilsə də, maliyyə sıxıntısından dolayı hər hansısa bir irəliləyişin olduğunu iddia edə bilmərik. Lakin bu barədə qərarın qəbul edilməsi belə bu sahələrdə qarşıdakı illərdə ediləcək potensial layihələrdən və irəliləyişlərdən xəbər verir.

İslahatlarla bağlı bir digər faktor da müttəfiq dövlətlərlə hərb sənayesinin mübadiləsinin və qarşılıqlı silah alış-verişinin artan tendensiya ilə davam etməsidir. Xüsusilə Kanada və ABŞ-la yaxın müttəfiqlik daha çox nəzərə çarpır. Hətta belə bir təəssürat formalaşır ki, Kanada piyada, ABŞ isə süvari döyüş vasitələrinin təchizatı ilə bağlı Ukrayna ilə gizli bir pakt imzalayıb. Belə ki, Kanada ilə ardıcıl olaraq avtomat silahların, snayperlərin və qumbaraatanların satışı ilə bağlı toplam dəyərləri 400 milyon dollar olan 10-a qədər müqavilə imzalanıb. Bu müqavilələrin qarşıdakı 4-8 il ərzində həyata keçirilməsi planlaşdırılır. ABŞ-a gəldikdə isə qeyd etmək lazımdır ki, Pentaqon və Ukrayna arasında imzalanan müxtəlif müqavilələrin ümumi dəyəri yarım milyard dollardan çoxdur. Vaşinqton və Kiyev arasında bağlanan müqaviləyə əsasən Ukrayna ABŞ-dan çox sayda tank, raket (210 ədəd) və raket sistemləri (37 ədəd), həmçinin toplar əldə edəcək.

Yekun olaraq qeyd etməliyik ki, Ukrayna ordusu özünün ikinci baharını yaşayır. Sovetlər dövründə nəhəng super gücün bəlkə də ürəyini formalaşdıran bu ordu hazırda itirilmiş gücünü yenidən bərpa etməyə çalışır ki, bunun da çox vaxt aparacağını bilsək də, mümkünsüz olmadığı dəqiqdir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna-Ordusu   Yenidənqurma  


Bizi "telegram"da izləyin