Rusiyanın bu sualtı gəmisi bir əsas səbəbdən dolayı NATO-nu qorxudur - ANALİZ

2018/08/39575668_1975760489153912_7164100398570012672_n_1534773816.jpg
Oxunub: 4349     22:10     20 Avqust 2018    
Sovet İttifaqı Soyuq Müharibəyə sualtı gəmi texnologiyası üzrə ABŞ-ın arxasınca başladı. Sovetlərin müharibənin sonuna doğru bir neçə qabaqcıl alman sualtı gəmisi almasına baxmayaraq, ABŞ Sakit Okean Müharibəsində və Atlantik Döyüşündə əldə etdiyi zəngin sualtı gəmi əleyhinə müharibə praktikasına və sualtı gəmi texnologiyasındakı təcrübəsinə arxalanırdı. ABŞ buradakı üstünlüyünü digər texnoloji üstünlükləri ilə birləşdirərək, Soyuq Müharibənin ilk iki onilliyi ərzində sualtı gəmi, xüsusilə nüvə gəmiləri sahəsində liderliyini aşkar şəkildə əlində saxlayırdı.

İlk vaxtlar SSRİ-nin sualtı gəmiləri Qərb rəqiblərinə qarşı mübarizədə stels və etibarlılıq xüsusiyyətləri baxımından uduzurdu. İlk bir neçə dizaynın əldə edilməsindən sonra Sovetlər kobud qüvvə və ekstremal dərəcədə riskli yüksək texnologiyanın kombinasiyasını üstlənməyə qərar verdilər. Kobud qüvvə hissəsi qərb alternativlərindən daha sürətlə üzən və daha dərinə dala bilən gəmilərin hazırlanması demək idi. Yüksək texnologiya isə innovativ mərkəzi dizayn, reaktor dizaynı və material manipulyasiyasını nəzərdə tuturdu. Nəticədə Qərbin özünün dəniz altındakı dominantlığına təhdid olaraq gördüyü “Type 705 Lyra” (NATO sənədlərinə görə, “Alfa”) meydana gəldi.

“Lyra” sinfi ilə Sovetlər iki məqsədə nail olmaq istəyirdilər. Birincisi, onların məqsədi Şimali Atlantikada və Arktikada dəniz müharibəsinin xarakterini dəyişən imkana malik silah istehsal etmək idi. Bu silah NATO donanmalarının su üzərindəki üstünlüyünü də təhdid edə bilməli idi. İkincisi isə onlar gələcək sualtı gəmilərə əlavə ediləcək innovasiyalar istehsal etmək, texnoloji təkmilləşmədə sıçrayışa nail olmaq istəyirdilər. Bunlardan irəli gələn üçüncü məqsəd isə NATO donanmalarını daha çox pul xərcləməyə məcbur etmək idi.

“Lyra” sinfi ikinci məqsədə imkan verirdi. Onun ekstremal dərinliyə dalması və yüksək sürəti üçün zəruri olan titan gövdəsi var idi. Ekipajın sayını kiçik miqyasda saxlamaq məqsədilə “Lyra sinifli gəmilər avtomat açar sistemləri üçün qabaqcıl texnikalardan istifadə edirdi. Yüksək nail olmaq üçün “Alfas” innovativ soyuducu sürət reaktorundan istifadə edirdi. Bu isə kompakt fəzada gəmilərə nəhəng miqdarda enerji təmin edə bilirdi. Lakin o, həm də eyni zamanda dənizdə kiçik heyət tərəfindən həll edilməsi çətin olan təmir problemləri meydana gətirmişdi.

“Lyra”ların bəzi göstəriciləri var ki, ona bu gün belə nail olmaq mümkün olmayıb. Onlar 76 kilometr-saat sürətlə hərəkət edə və bu sürətə başlanğıc mərhələdə nail ola bilirdi. Onlar azı 670 metr dərinliyə dala bilirdi ki, bu rəqəm bu gün belə NATO-nun istənilən sualtı gəmisindən daha dərin idi.

MiQ-25 və digər Sovet super silahlarının yaranması ilə birlikdə NATO “Alfa” təhlükəsini daha ciddiyə almağa başladı. Mövcud torpedolar və digər sualtı gəmi əleyhinə silahlar “Alfa”ları ovlamaqda çətinlik çəkəcək, yaxud onları dağıtmaq üçün kifayət qədər dərinliyə dala bilməyəcəkdi.

Ya əsl təşvişdən, ya da “Alfa”nın təhdidini yeni innovasiyanı təşviq etmək üçün istifadə etmək istəyindən dolayı olaraq ABŞ və Britaniya donanmaları “Alfa”ları aşkarlaya biləcək sensorlar və onları məhv edəcək silahları təkmilləşdirmə proqramları qəbul etdilər.

Bu səylər bir çox silahların əldə edilməsi ilə nəticələndi. Bunlardan biri də “Mark 48 ADCAP” torpedosu idi. O, 116 kilometr-saat sürətlə hərəkət edə bilirdi. Kral donanması isə buna bənzər “Spearfish” torpedosunu ərsəyə gətirdi. Birləşmiş Ştatlar daha sonra “Sea Lance” supersəs raket sisteminə dair proqram başlatdı. O, yüz mil məsafəyə torpedo və ya nüvə başlığı daşıya bilirdi. Buna baxmayaraq, Soyuq Müharibənin sonu ilə ABŞ “Sea Lance” proqramını ləğv etdi. Eyni zamanda “Lyra” sinfi də istifadə müddətini başa vurdu.

SSRİ “Lyra”nın bu qabiliyyətlərini əldə etmək üçün böyük səxavətlilik göstərdi. “Golden Fish” ləqəbi verilən “Alfa”lara çəkilən xərc hətta Sovetlərin nəhəng sualtı gəmi tikintisi büdcəsini də geridə qoymuşdu. Üstəlik onlar xidmət zamanı etibarlı deyildilər, olduqca bahalı və kompleks baxım tələb olunurdu. Sovet limanlarında isə “Lyra”ları işlək vəziyyətdə saxlamaq üçün zəruri təlim və ləvazimatların çatışmazlığı vardı. Soyuq Müharibənin əksər sualtı gəmi layihələrindən fərqli olaraq SSRİ sadəcə 7 ədəd “Lyra” gəmisi tikdi. Onların biri isə istifadəyə uyğun silahdan daha çox prototip model idi.

Soyuq Müharibənin sonunda Rusiya Federasiyası Sovet İttifaqının nəhəng müdafiə quruculuğunu davam etdirməkdə çətinlik çəkdi. “Lyra”lar kimi ultra-bahalı gəmilər artıq kritik missiyalar üçün uyğun deyildi. Buna görə də, Rusiya Federasiyası Soyuq Müharibədən sonra “Alfa”ları tez bir şəkildə istifadədən çıxardı. 1990-cı illərin ortalarına qədər bu gəmilərin hamısı istifadədən çıxarıldı və məhv edildi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO   Sualtı-Gəmi  


Bizi "telegram"da izləyin