Minsk səfərinin gizlinləri: “Polonez”lər vacibliyinə görə üçüncü-dördüncü yeri tutur – Hərbi ekspert (ANALİZ)
Oxunub: 1940
14:56
27 Fevral 2018
Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun Belarus Müdafiə nazirinin dəvəti ilə Minskə səfəri diqqəti cəkən bir hadisədir. Ölkələrimiz arasında bir neçə il ərzində dayanaqlı mehribançılıq və əməkdaşlıq ənənələri yaradılıb. Bu nöqteyi-nəzərdən Belarus müdafiə nazirinin öz azərbaycanlı kolleqasını ordularının yaranmasının 100 illiyi tədbirinə dəvət təşəbbüsü, münasibətlərin daha da dərinləşməsi vəzifəsinə xidmət edir.
Nazir Zakir Həsənovun bu dəvəti qəbul etməsi və axırıncı dörd ay ərzində ikinci dəfə Minsk səfəri Azərbaycan tərəfinin də bu münasibətləri qiymətləndirməsinə bilavasitə sübutdur. Səfər proqramına nazirimizin bir neçə hərbi sənaye müəssisəsinə getməsi də daxil idi. Bu əsnada ölkəmizi və düşmən tərəfi təmsil edən hərbiyönlü mətbuat orqanları, hərbi bloqerlər nazirin səfər proqramının ikinci hissəsi haqqında fərziyyələr, spekulyasiyalar və araşdırmalar yaymağa başladılar.
Adətən düşmən tərəfinin spekulyasiyası bizim bir qism hazırlıqsız kadrlara malik olan mətbuat orqanlarının analitik və texniki zəifliyindən əmələ gələn psixoloji xüsusiyyətlərini bacarıqla istifadə edərək yaradılır. Bu da onu göstərir ki, düşmənin KİV-ləri bir fikir mərkəzindən koordinasiya olunur. Hətta bir mərkəzdən idarə olunması da istisna olunmur. Onların yaydığı xəbərlər əsasən bu fikri ifadə edir: “Ermənistan silahlı qüvvələri “İsgəndər” tipli operativ-taktiki raket əldə edəndən sonra Azərbaycan tərəfi böyük qorxuya düşüb və bu gücü neytrallaşdırmaqdan ötrü tələsik ona ekvivalent gücü olan bir raket sistemi əldə etmək istəyir ki, bizimlə raket dueli apara bilsin. Ona görə də, bu məqsədlə Belarusdan tələsik “Polonez” uzaqvuran reaktiv yaylım sistemi almaq istəyirlər. Lakin qəhrəman Ermənistan diplomatları və gözlə görmədiyimiz başqa qəhrəmanlar Belarus hökümətini KTMT hərbi paktı daxilində əməkdaşlıq və müttəfiqlik xəttinə sadiq qalmağa çağırıb, onları bu silahı Azərbaycana satmaq fikrindən daşındırıblar”.
Azərbaycan KİV-ləri məsələyə konseptual baxış əvəzinə, düşmən təbliğatının qurduğu oyunun tələbləri çərçivəsində hərəkət edir və bu fikirləri təkzib etməyə çalışırlar. Yəni, “dost Belarus sizin arzularınıza məhəl qoymadan onsuz da gec-tez bu silahı bizə satacaq. Sədəcə olaraq bu sövdələşmənin formal problemləri ola bilər ki, onu da bu yaxınlarda (nə vaxt?) aradan qaldırıb, bu sistemi əldə edəcəyik!”.
Bu qiyabi polemika ondan xəbər verir ki, hər iki tərəf raket texnikasının döyüş tətbiqi, ondan müdafiə taktikasının xüsusiyyətlərinə ümumiyyətlə məhəl qoymadan mübahisə edir. Düşməni başa düşmək olar. O həqiqəti bilərəkdən təhrif edərək, spekulyasiya ilə əvəz edib, onu bizim ictimaiyyətə sırımaq istəyir. Bəs onunla mübahisə edən bizim mənbələr niyə işin mahiyyətinə varmadan, düşmənin oyun qaydalarını qəbul edərək, onun yanlış təbliğat tezisləri ilə mübahisə edirlər?
İşin mahiyyəti bundan ibarətdir ki, raket zərbəsi riski altında qalan tərəf, əvvəlcə bu zərbənin qarşısını almaq tədbirləri haqqında, onu neytrallaşdırma haqqında fikirləşir. Ən axırda isə, çox müstəsna hallarda təcavüzkardan qisas alaraq, onu cəzalandırmaq haqqında fikirləşir. Təcavüzkardan qisas almaq bizim vəziyyətimizdə rasional deyil. İzah etməyə çalışaq:
Əgər düşmən sərəncamında olan “İsgəndər” raketini dinc əhalimizə qarşı tətbiq edərsə, 400-500 kq partlayıcı maddə daşıyan qeyri-nüvə başlığı olan raketlə, atılandan 6,5 dəqiqədən sonra 300 kilometr məsafədə olan yaşayış məntəqəsində bir 5 mərtəbəli binanı məhv etmək olar. Zərbənin gücünü əyani göstərən videomaterial:
Bu vaxt ərzində binanın əhalisinin 80 faizi sığınacağa yerləşə bilər. Düşmənin bütün raket ehtiyatı şəhərlərimizin hansınınsa bir mikrorayonunu dağıtmağa bəs etməz.
Amma düşmən öz raketlərini ölkəmizin vacib infrastruktur obyektlərinə yönəldərsə, zərbənin effekti birə min artacaq. Bu halda düşmənə əlacsızlıq əlaməti olan qisas zərbələri endirilməsinin heç bir praktik əhəmiyyəti olmayacaq. Əksinə, bu halda həm məğlub olmaq, həm də dünyada barbar imici qazanmaq riski var. Loru dildə desək, ən azından yüz milyonlarla vəsaiti heç bir faydası olmadan göyə sovurmaq və nəticə qazanmamaq şansı var.
Qat-qat vacib tələbat düşmənin zərbə vasitələrini aşkar edib, onu fasiləsiz müşayət edə bilən, onu bütün dislokasiya məntəqələrində məhv edə bilən, müşayət və zərbə qüvvələrimizin işini avtomatik rejimdə koordinasiya edə bilən sistemlərə; aşkar olunmaqdan yayınıb atəş açmağa nail olmuş raketləri vaxtında təsbit edib, məhv edə bilən vasitələrədir.
Keçən dəfəki yazımızda göstərmişdik ki, siyasi və hərbi rəhbərliyimiz daha çox bu məsələlərin həlli haqqında düşünür. Və onlar artıq tam həll edilmək üzrədir. Sədəcə bu vəzifələri həll edən sistemlərin sıxlığını artırmaq lazımdır ki, tapşırıq 100% ehtimall ilə həll edilsin.
Bu nöqteyi nəzərdən ölkəmizin hərbiçilərini Belarusun daha başqa xarakterli sistemləri də maraqlandıra bilər. Bu ölkənin Hərbi Sənaye Kompleksinin Azərbaycan ordusunun döyüş hazırlığını möhkəmləndirmək potensialı hələ tükənməyib. Və bu sırada “Polonez” sistemi vacibliyinə görə üçüncü-dördüncü yeri tutur. Tam yəqinliklə demək olar ki, “Polonez” sisteminin hal-hazırda Azərbaycan ordusunda olmamasında erməni diplomatiyasının heç bir rolu yoxdur. Belorus hökümətini bu addımdan Raket Texnologiyalarının Yayılmaması haqqında beynəlxalq saziş çəkindirə bilər.
Qeyd edim ki, artıq xarici ölkələrlə müvafiq sazişlər imzalanıb və onların əsasında texnika alınıb. Ən əsası bu sistem artıq tam qurulub. Sədəcə bu vəzifələri həll edən sistemlərin sıxlığını artırmaq lazımdır ki, müvafiq tapşırıq 100% ehtimalla həll edilsin.
Bu öhdəlik zərbə məsafəsi 300 km-dən çox olan raketlərə aiddir. KTMT dövlətləri arasında bağlanılan hər hansısa bir saziş nə Belarusu, nə də Rusiyanı Azərbaycana silah satmasından çəkindirə bilməz. Onlar bu məsələdə yalnız öz siyasi maraqlarına uyğun hərəkət edirlər. Mətbuatda israrla hallandırılan “Polonez” sövdələşməsinin hələlik baş tutmaması isə yalnız Azərbaycanın iradəsindən asılı ola bilər. Səbəbləri bu yazımızda göstərilib.
Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur