Azərbaycanın HHM gücü: Modern və texnoloji sistemlərimizin üstünlüyü - Hərbi ekspert (ANALİZ)

2018/02/029-1024x695_10622314668456_1517917982.jpg
Oxunub: 5573     19:52     06 Fevral 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)




Əlbəttə, bu mülahizələr düşmənin qüvvələrini bir nöqtəyə cəmləməyib, bütün cəbhə boyu yayması halında düzgündür. Onları yalnız təsəvvürün asanlaşdırılması üçün yürüdürük. Döyüş şəraitində qüvvələr sahəyə riyazi bərabər bölünmədiyindən, təhcizat prinsipi də ona uyğun olur. Bunları nəzərə alaraq, qüvvələrimizin döyüş sıxlığını daha da artırmaq üçün İsraildən "Barak-8" tipli Zenit Raket Kompleksləri də alınıb ki, onların da döyüş qabiliyyəti çox genişdir. Şaquli buraxıcı qurğudan atılan raket həm aerodinamik, həm də ballistik hədəfləri vurur.


Bu məqsədlər üçün sovet dövlətinin 80-ci illərdə ən möhtəşəm zenit-raket kompleksi olan C-200 "Veqa" sistemini də istifadə etmək olar. Bu sistemin qüdrətli raketləri 300 km məsafədən düşmənin aerodinamik və ballistik hücum vasitələri ilə mübarizə apara bilər. Onları raketlərinin maye yanacaq komponentləri qurtarana qədər istifadə etmək olar. Ondan sonra isə onun modernizasiya potensialını analiz edilərək, qərar çıxarmaq olar. KİV-lərdən sızan məlumatlara görə, İran mühəndisləri İranın SSRi-dən aldığı C-200 kompleklərini modernizə edirlər. Əlbəttə, sanksiyalara görə onların çıxış yolu yoxdur, ancaq bu informasiyanı nəzərə almağa dəyər.

Dövlət təkcə mülki obyektlərini və əhalisini deyil, hərbi birləşmələri də düşmənin zərbəsindən qorumaq üçün böyük işlər görür. Əlbəttə, yuxarıda sadaladığımız sistemlər hərbi hissələrin yerləşdiyi ərazini də ərazi-sahə cavabdehliyi prinsipi üzrə əlavə eşelon olaraq qoruyur. Bundan əlavə, ordu birləşmələrinin rəhbərliyinin sərəncamında da öz birləşmələrini hava hücumundan qorumaq üçün HHM bölmələri olur. Sovet dövlətinin əmlakı bölünən zaman bizə bu bölgüdə quru qoşunları hissələrinin müdafiəsi üçün nəzərdə tutulmuş "Kruq-М1", "Strela-10", "Osa-АK/АKМ" kompleksləri, daşınan ZRK komplekslərindən "Streka-2М", "Strela-3", "İqla-1" və "İqla”, zenit avtomat topları ZSU-23-4 "Şilka", 57mm-lik S-60 və ZU-23 düşüb.


Ehtimal olunur ki, "Kruq-М1" tırtıllı mobil atış qurğuları üzərində olan sistem resursları işləndiyindən modernizasiya olunacaq və ya döyüş heyətindən silinəcək. Onları əvəzləyən daha müasir və daha qüdrətli uzaqvuran, hər bir havadan hücum vasitəsini vura bilən BUK-М1-2 və BUK-МB sistemləri alınıb.


Bundan əlavə hər bir havadan hücum vasitəsini vura bilən avtomatlaşdırılmış TОR-М2E zenit-raket sistemi, İsrail istehsalı olan "Spuder" kompleksinin divizionları da alınıb. Onun inersial naviqasiya sistemli raketləri hədəfə yerdə yerləşdirilən radiolokatorun müşaiyyəti olmadan da atıla bilir ki, bu da zərbəni çox gözlənilməz, atış nöqtəsini düşməndən gizli saxlayır. Bu sistemləri pusqudan istifadə etməklə düşməndən taktik üstünlük əldə etmək mümkündür. "Spuder"in 2 növ raketdən istifadə edə bilməsi onu həm iki eşelonlu müdafiə qurmağa, həm də material ehtiyatlara qənaət etməyə imkan verir.


Ölkəmiz sovet dövründən qalan Osа-АKМ komplekslərini də Belarus müəssisələrinin köməyi ilə modernizə edərək müasirləşdirib, keyfiyyətini və imkanlarını yüksəldib. Bundan əlavə, tam yeni Belorus-Ukrayna istehsalı olan, lakin Osa-AKM-lə unifikasiya olunan "Stilet-38" sisteminin bir neçə divizionu da alınıb ki, bu da düşmən hədəfini "Osa"ya nisbətən 2 dəfə uzaqdan, yəni 20 kilometrdən vurmağa imkan verəcək. Gələcəkdə bütün "Osa" tipli sistemləri onlarla əvəz etmək mümkündür.


Ölkəmiz İsrail istehsalı olan çox maraqlı bir ZRK olan "Dəmir Qübbə" də alıb ki, onun da imkanları çox genişdir. Bu sistem həm inzibati-sosial infrastrukturu, həm hərbi infrastrukturu düşmənin müxtəlif mənzilli taktiki ballistik trayektoriyalı raketlərindən, top və minaatan mərmilərindən qoruya bilmək, həm də atəş açılan nöqtəni dəqiq müəyyənləşdirərək onun koordinatlarını ani müddətdə öz zərbə qüvvələrinə ötürmək qabiliyyətinə malikdir. Kompleksin mobilliyini nəzərə alaraq demək olar ki, onun tabeçiliyini və döyüş tapşırığını şəraitdən asılı olaraq cəld dəyişmək mümkündür.

Bundan əlavə bir neçə yüz ədəd daşınan "İqla-S" sistemləri böyük döyüş komplekti ilə birlikdə alınaraq quru qoşunlarına verilib.


Radiotexniki qoşunlar da silahlanmada fəal iştirak edir. Onların maniəyədavamlığını, dəqiqliyini, aşkarlama həssaslığını və məsafəsini artıran radiolokasiya sistemləri alınaraq istismar olunur. 2000-ci illlərin əvvəllərində bu sahədə avadanlıq yenilənməsi aşkarlama məsafəsi 360 kilometr olan 36D6-М üçkoordinatlı hava şəraitinə nəzarət stansiyalarının alınması ilə başladı. Ukraynanın Zaporoji vilayətində yerləşən "İskra" hərbi müəssisəsinin istehsalı olan bu radar öz dövrünün müasir radarlarından biri sayılır. Bu radar müasir hava döyüşünün avtomatik idarə etmə sistemlərində yer səthinə yaxın uçan, aktiv və passiv maniələrlə maskalanmış hədəflərin aşkar olunması üçün, hərbi və mülki aviasiyanın idarəolunması və tuşlanması üçün tətbiq olunur.


Hal-hazırda ölkəmizdə aktiv işləyən bir neçə bu tipli radar var. 2007 ci ildə "İskra" müəssisəsi 80K6 tipli döyüş mövqeyini çevik dəyişə bilən üçkoordinatlı (yəni hədəfin fəzada hər üç koordinatını müəyyən edə bilən) dairəvi nəzarət sektorlu, şüasının istiqaməti faza dəyişməsi ilə idarə olunan tərpənməz antenna müstəvisinə malk radiolokatorlar istehsalına başladı. 2012-ci ildə ölkəmiz BUK ZR kompleksi alanda, bir neçə daha da təkmilləşdirilmiş 80K6M hava şəraitinə nəzarət lokatoru aldı. Bu mobil hava şəraitinə dairəvi nəzarət lokatoru 2013-cü ilin Azərbaycan ordusunun yaranma ildönümünə həsr olunan paradda nümayiş etdirildi. Bu radiolokasiya stansiyasının qurulma və daşınma halına gəririlməsi cəmi 6 dəqiqə vaxt aparır ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Stansiyanın yer bucağı (üfüqlə maksimal hündürlük arasındakı bucaq) üzrə nəzarət sektoru 55 dərəcə olduğundan, ballistik hədəfləri də müfəffəqiyyətlə aşkarlayır. Stansiyanın bütün döyüş komponentləri yüksək keçidli özüyeriyən təkərli şassi üzərində yığıldığından, onun mobilliyi yüksək, taktiki imkanları isə rəngarəngdir. Əlbət ki, texnikanın döyüş qabiliyyətini onu sınaqdan keçirib alınmasına qərar verən zabitlərimiz daha yaşı bilər. Lakin istehsalçı müəssisənin verdiyi məlumata görə, 80K6M RLS-si Amerika Birləşmiş Ştatları istehsalı olan AN/TRS-78 və Avropa Ortaq sərmayəli Hərbi konserni “Tales Raytheon Sistems” istehsalı olan GM400 stansiyaları ilə taktiki imkanlarına görə yarışa bilər. Ukraynadan alınan bu nəzarət və aşkarlayıcı radarlardan əlavə ölkəmiz İsraildən bu yönlü ELM-2288 AD-STAR və ELM-2106NG stansiyalar alıb. Bunlar müasir və keyfiyyətli olmaqla yanaşı, həm də çoxfunksiyalıdırlar. Həm aviasiyanı idarəetmə və tuşlama funksiyasını, həm hava uçuşlarına nəzarət və nizamlayıcı funksiyasını yerinə yetirirlər. Birinci adı çəkilən stansiya 480 km radiusda hava şəraitinə nəzarət qabiliyyətinə malikdir. İkinci stansiya yer şəthinə çox yaxın uçan hədəfləri 90 km-dən aşkarlayır və onların 60 ədədini eyni zamanda müşayət edə bilir.


Bundan əlavə, ölkəmiz Almaniyanın DASA şirkətinin yaratdığı, EADS sisteminin istehsalı olan TRML-3D hava şəraitinə nəzarət (kəşfiyyat) stansiyasını alıb. Bu yüksək mobilliyə malik stansiya koherent şüa müstəvisi fəzaya ötürülən siqnalların faza fərqləri ilə idarə olunan çoxrejimli antenna ilə təhciz olunub. HHM qüvvələrinin yer və hava komponentlərinin idarəetməsi, informasiya təhcizatını təmin etməyə imkan verir. Sistem 200 km məsafədən 400-ə yaxın hədəfi müşayət edərək, onun xarakteristikalarını analiz edir. Stansiya həm ifrat sürətə malik hədəfləri, həm də aşkarlanması çətin olan quş sürəti ilə süzən helikopterlərin , yer səthi üzəri ilə uçan qanadlı raketləri aşkar edir.


Bütün bu müasir texnikadan əlavə, İsrail istehsalı olan bütün tipli ballistik hədəfləri aşkarlaya bilən EL/M-2080 “Green pine" (Yaşıl sərv ağacı) modul aktiv elementlərdən ibarət, şüa müstəvisi elektrik siqnallarının faza dəyişməsi ilə idarə olunan antennaya malik stansiyadır. Stansiya 500 km məsafədən bütün hədəfləri aşkarlayır və müşayət edir. Bununla yanaşı, operativ-taktiki raketlərin ("İsgəndər" tipli) atılma nöqtəsinin koordinatlarını bir neçə saniyədən sonra hesablayıb aşkarlayır və məlumatı ani olaraq birləşmiş komanda sisteminin idarəetmə kanalları ilə zərbə qüvvələrinə ötürür. Bu informasiyanın hazırlanması, nəql olunması müddəti və keyfiyyəti, düşmənin eyni zamanda buraxa biləcəyi hədəflərin sayından asılı deyil. Stansiya düşmənin atdığı operativ-taktiki ballistik raketin hədəf nöqtəsinin koordinatını proqnozlaşdırıb, bu informasiyanı tələb olunan yerə ötürür. Bu stansiyanı radio mühəndisliyi sənətinin təntənəsi hesab etmək olar. Təxminən 60 ton çəkiyə malik bu daşınan mobil stansiya bir çox taktiki cəhətlərindən Rusiyanın Qəbələdəki istismarı dayandırılmış nəhəng "Dəryal" tipli stansiyasından üstündür.

Bütün bunları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Hava Hücumundan Müdafiə Qüvvələri potensial düşməndən ölkəmizin və ordumuzun effektiv müdafiəsini təmin edə biləcək kifayət qədər silaha və avadanlığa malikdir. Ordumuzun aviasiya parkı yeniləşəndən sonra, ordumuzun döyüş potensialı düşməndən qat-qat yüksək olacaq.

Bu potensialı real döyüş hazırlığına çevirmək isə ordumuzun rəhbərliyindən və vəzifəsindən asılı olmayaraq bütün vətəndaşlarımızdan asılıdır. O halda düşmənin gözlənilməz zərbə ilə potesiallarımızı bərabərləşdirmə xülyası, ac toyuğun yuxuda darı xülyasına çevriləcək. Ermənilərin həmin imkanı olmadığı halda isə, gələcək müharibədə heç bir şansları yoxdur.

Hərbi ekspert Vüqar Miraslanov
Analiz Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ordusu   HHM  


Bizi "telegram"da izləyin