Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Xüsusilə Vacib İşlərin İstintaqı Baş İdarəsinin ümumi xarakterli və seçki cinayətlərinin araşdırılması şöbəsində aparılan cinayət işi çərçivəsində “Güclü Ermənistan” blokunun deputatlığa namizədlərindən altısı barəsində ictimai cinayət təqibi başlanıb.
İstintaq orqanının bildirdiyinə görə, həmin şəxslər çoxsaylı vətəndaşların maddi maraqlandırılması və xüsusilə külli miqdarda pulların leqallaşdırılması ilə bağlı cinayət işi üzrə təqsirləndirilirlər. Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham irəli sürülüb.
Adıçəkilən şəxslər barəsində saxlanılma qərarları qəbul olunub. Qərarların icrası Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına həvalə edilib.
Ermənistan İstintaq Komitəsi əlavə edib ki, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və araşdırma çərçivəsində digər prosessual tədbirlər həyata keçirilir.
Alpər Mövludoğlu
Ordu.az