ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaz səfəri: Strateji tərəfdaşlıq və regional bağlantı addımları

2026/02/1771043387.jpg
Oxunub: 546     11:37     14 Fevral 2026    
Vensin hər iki ölkəni eyni səfər çərçivəsində nəzərdən keçirməsi klassik mənada balans siyasətindən daha çox, regiondakı iki əsas aktorla eyni vaxtda və konstruktiv münasibətlər quraraq uzunmüddətli mövqe formalaşdırmaq cəhdinin təzahürü kimi dəyərləndirilə bilər.

Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Hazel Çağan Elbir

ABŞ vitse-prezidenti Cey Di Vensin 2026-cı il fevralın 9-11-də Ermənistana və Azərbaycana həyata keçirdiyi səfər Cənubi Qafqazda yeni diplomatik fəallığın göstəricisi kimi qiymətləndirilir. Tramp administrasiyasının ikinci dövründə hələ ilkin mərhələdə olan bu təmaslar yalnız ikitərəfli münasibətlərin gücləndirilməsi baxımından deyil, eyni zamanda regionun daha geniş geosiyasi və geoiqtisadi dinamikləri kontekstində də diqqət çəkir.

Səfərlə bağlı Rusiyadan gözlənilən səviyyədə reaksiya və ya narahatlıq ifadəsinin ictimaiyyətə əks olunmaması mühüm məqam kimi önə çıxır. Bu vəziyyət ABŞ-nin regiondakı təşəbbüslərinin ilk növbədə Rusiyanın mövcud varlığını birbaşa hədəf almadığını göstərir.

Bunun əvəzinə, Vaşinqtonun Cənubi Qafqaza yanaşmasının daha geniş Avrasiya strategiyasının tərkib hissəsi olduğu müşahidə olunur. Həmin strategiya Çin Xalq Respublikasının “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində inkişaf etdirdiyi logistika və iqtisadi bağlantılara alternativ, tarazlaşdırıcı dəhlizlərin gücləndirilməsi, enerji təhlükəsizliyi, kritik mineralların təchizat zəncirləri və regionda dayanıqlı mövcudluğun təmin edilməsi kimi elementləri əhatə edir.

Bu kontekstdə vitse-prezident Vensin hər iki ölkəni eyni səfər çərçivəsində nəzərdən keçirməsi klassik balans siyasətindən daha çox, regionun iki əsas aktoru ilə paralel və konstruktiv münasibətlər quraraq uzunmüddətli mövqe formalaşdırmaq niyyətinin göstəricisi kimi dəyərləndirilə bilər.

2026-cı ilin yanvarı: TRIPP (Zəngəzur dəhlizi-red.) icra çərçivəsi

Xatırladaq ki, 2025-ci ilin əvvəlindən etibarən ABŞ-nin Cənubi Qafqaza marağının artdığı müşahidə olunurdu. Bu marağın ən aydın göstəricisi 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tərəfdaşlıq bəyanatı olub. Həmin sənəd 2026-cı ilin yanvarında yeni mərhələyə keçib. Bu çərçivədə hazırlanan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) İcra Çərçivəsi Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında fasiləsiz multimodal tranzit bağlantısının (dəmir yolu, avtomobil yolu, enerji və rəqəmsal infrastruktur) yaradılmasını nəzərdə tutan geniş yol xəritəsi xarakteri daşıyır. Sənəd hüquqi baxımdan məcburi öhdəlik yaratmır, tərəflərin niyyətlərini və mümkün əməkdaşlıq istiqamətlərini əks etdirir.

Layihənin icrası üçün nəzərdə tutulan TRIPP İnkişaf Şirkətinin ilkin mərhələdə 74 faiz payının ABŞ tərəfinə, 26 faiz payının isə Ermənistana məxsus olması planlaşdırılır. İlk 49 illik dövrdən sonra Ermənistanın payının 49 faizə yüksəldilməsi nəzərdə tutulur. Şirkət müəyyən edilmiş tranzit dəhlizlərində infrastrukturun inkişafı, tikintisi, istismarı və gəlirlərin toplanması səlahiyyətinə malik olacaq. Bununla yanaşı, Ermənistan layihə əraziləri üzərində tam suverenliyini qoruyur. Qanunvericilik, məhkəmə, milli təhlükəsizlik, sərhəd nəzarəti, gömrük və vergi səlahiyyətləri tam şəkildə Ermənistana məxsusdur və bu səlahiyyətlərin ötürülməsi nəzərdə tutulmur.

Cey Di Vens-Paşinyan mətbuat açıqlaması

Vitse-prezident Vensin 2026-cı il fevralın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İrəvanda keçirdiyi görüşdən sonra yayımlanan birgə mətbuat açıqlaması iki ölkə arasında strateji tərəfdaşlığın son dövrdə əldə etdiyi irəliləyişi nümayiş etdirmişdir. Görüşün ardından Ermənistan ilə ABŞ arasında dinc məqsədli nüvə enerjisindən istifadə (“1-2-3 Sazişi”) sahəsində danışıqların başa çatdığını təsdiqləyən Birgə Bəyanat imzalanıb.

Ermənistan Baş naziri Paşinyan səfəri “tarixi və simvolik” adlandıraraq ABŞ ilə münasibətlərin indiyədək ən yüksək səviyyəyə çatdığını vurğulayıb və 2025-ci il avqustun 8-də baş tutan Vaşinqton Sülh Zirvəsinin yaratdığı dinamika üçün təşəkkürünü bildirib. Paşinyan çıxışında TRIPP layihəsinin icrasının sürətləndirilməsi, süni zəka və yarımkeçiricilər sahəsində əməkdaşlıq, NVIDIA çiplərinin ixrac icazələri, V-BAT pilotsuz uçuş aparatlarının tədarükü, kritik mineralların təchizat zəncirləri və Ermənistanda institusional islahatlara göstərilən dəstək kimi məsələləri önə çəkib. O, həmçinin nüvə əməkdaşlığı sazişinin enerji təhlükəsizliyi və texnologiya transferi baxımından yeni mərhələ olacağını bildirib.

Vitse-prezident Vens isə açıqlamasında sülhün rifah vasitəsilə davamlı hala gətirilməsinin əhəmiyyətinə diqqət çəkib, nüvə sazişinin təxminən 5 milyard dollar ilkin ixrac və uzunmüddətli perspektivdə 4 milyard dollar dəstək nəzərdə tutduğunu qeyd edib. O, TRIPP layihəsinin regiona yeni ticarət, tranzit və enerji bağlantıları gətirəcəyini, özəl kapital axınını təşviq edəcəyini və davamlı sülhün iqtisadi əsaslarını möhkəmləndirəcəyini bildirib. Bununla yanaşı, Vens 11 milyon dollar məbləğində müşahidə və pilotsuz uçuş aparatı texnologiyalarının satışını elan etmiş və bu cür əməkdaşlığın çəkindirmə və sabitlik baxımından əhəmiyyətini vurğulayıb.

Son dövrdə Ermənistanın Qərbə, xüsusilə də ABŞ-yə doğru aydın yaxınlaşma xətti izlədiyi müşahidə olunur və Baş nazir Paşinyan bu istiqaməti gizlətməyib. Ermənistan tərəfi bu inkişafları əsasən ölkəyə yönəlmiş “investisiya” və uzunmüddətli inkişaf imkanı kimi qiymətləndirərkən, ABŞ tərəfinin eyni münasibətləri daha çox “ixrac” və öz şirkətləri üçün yeni bazar imkanları prizmasından dəyərləndirdiyi diqqət çəkir. Bu baxış fərqi tərəflərin əməkdaşlıqdan gözləntilərinin qismən fərqli prioritetlərə əsaslandığını göstərir.

Cey Di Vens-İlham Əliyev görüşü

Vitse-prezident Vens 2026-cı il fevralın 10-11-də Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Prezident İlham Əliyev ilə görüşüb və iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə ABŞ Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.

Vens sazişin iqtisadi tərəfinə diqqət çəkərək ABŞ iş dünyasının yeni bazarlara çıxış imkanı əldə edəcəyini və ticarətin münaqişənin yerini aldığı regional düzənin formalaşmasına töhfə verəcəyini bildirib. O, həmçinin Azərbaycanın ərazi sularının təhlükəsizliyinə dəstək məqsədilə yeni qayıqların göndəriləcəyini açıqlayıb.

Vens sülh prosesinə dair qiymətləndirməsində İlham Əliyev, Paşinyan və Trampın birgə səyləri ilə Cənubi Qafqazda tarixi sülhün təmin edildiyini vurğulayıb, bu sülhün davamlı olması üçün iqtisadi bağlantıların gücləndirilməsi, təbii resurslar və kritik minerallar sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Bu kontekstdə TRIPP layihəsinin regiona verəcəyi töhfəyə diqqət çəkib və həmin xətt üzərində uçan ilk şəxslərdən biri olduğunu qeyd edib.

Bu baxımdan, TRIPP layihəsinin strateji ölçüsünü tamamlayan mühüm element kimi ABŞ-nin yanaşmasının Rusiya və İranla yanaşı Çin Xalq Respublikasının “Kəmər və Yol Təşəbbüsü” çərçivəsində inkişaf etdirdiyi logistika şəbəkələrinə qarşı tarazlaşdırıcı rol oynadığı da qeyd edilməlidir.

TRIPP Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyanı Avropaya bağlayacaq alternativ tranzit dəhlizinin yaradılmasını hədəfləyir. Bu çərçivədə enerji, kritik minerallar və ticarət axınlarında Rusiya və İranın rolunun azaldılması, həmçinin Çinin üstünlük təşkil etdiyi mövcud marşrutlardan asılılığın zəiflədilməsi və ABŞ-nin qlobal təchizat zəncirlərinə birbaşa çıxışının təmin edilməsi hədəflənir.

Bu təşəbbüs Vaşinqtonun Avrasiyada geoiqtisadi rəqabətdə uzunmüddətli mövqe formalaşdırmaq strategiyasının tərkib hissəsi olmaqla, iqtisadi inteqrasiya və qarşılıqlı asılılıq vasitəsilə regional sabitliyin möhkəmləndirilməsini nəzərdə tutur. Lakin qeyd olunan kənarlaşdırma mexanizminin İran və Çinin regional təsir dinamikalarına dolayı təsir göstərə biləcəyi də nəzərə alınmalıdır.

Regional əməkdaşlıq və qarşılıqlı iqtisadi asılılıq əsasında atılan bu addımların yaxın perspektivdə daha konkret və səmərəli nəticələr doğuracağı ehtimal olunur. Xüsusilə TRIPP Zəngəzur dəhlizinin funksional hala gəlməsi və Türkiyənin Mərkəzi Asiya türk respublikaları ilə birbaşa və fasiləsiz bağlantısının təmin edilməsi baxımından mühüm imkan yaradır. Bu inkişaf təkcə Qafqazın deyil, daha geniş Avrasiya məkanında logistika, enerji və ticarət axınlarının yenidən formalaşması baxımından da müəyyənedici xarakter daşıyır.

Sözügedən proses tərəflərin suverenlik və təhlükəsizlik həssaslıqlarına hörmət edilməsi şərti ilə sülhün iqtisadi əsaslar üzərində qurulması istiqamətində mühüm nümunə təşkil edə bilər. Regionun gələcəyinin böyük ölçüdə bu cür konstruktiv və qarşılıqlı faydaya əsaslanan təşəbbüslərin davamlılığından asılı olacağı aydındır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Vens   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin