ADVENT DİS ailəsinə İDP-lər üçün 2 yeni üzv: ROTA və KALYON

2023/12/sanca-1701670650.jpg
Oxunub: 540     17:29     04 Dekabr 2023    
Türkiyə müdafiə sənayesi yerli və milli imkanlarla inkişaf etdirilən İnsansız Dəniz Platformalarını (İDP) təhlükəsizlik qüvvələrinə təqdim etməyə hazırlaşır.

Son illərdə döyüş meydanında effektivliyi və müxtəlifliyi artan insansız platformaların təhlükəsizlik qüvvələrinə gətirilməsi üçün səylər davam edir. İnsansız hava və quru platformalarından sonra İDP-lər də tezliklə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

Bu çərçivədə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) tərəfindən tədarük ediləcək və Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının xidmətinə veriləcək “Sancar” Silahlı İnsansız Dəniz Platforması (SİDP) HAVELSAN-“Yonca Onuk” Gəmiqayırma Zavodu əməkdaşlığı çərçivəsində hazırlanır.

Özü ilə əhəmiyyətli qabiliyyətlər gətirəcək SİDP bazanın mühafizəsi, axtarış və xilasetmə, kəşfiyyat, aşkarlama, müşahidə, patrul, suüstü döyüş və mina əleyhinə tədbirlər kimi kritik missiyalarda fəal rol oynayacaq.

Bütün bu vəzifələri insansız olaraq yerinə yetirmək üçün “Sancar”ın sahib olduğu və onu bənzərlərindən fərqləndirən “missiya ağlı” ADVENT ROTA-nın Faza-1 mərhələsinin “zavod qəbul sınaqları” Türkiyə MSK və HDQ Komandanlığı rəsmilərinin iştirakı ilə uğurla başa çatıb.

Türkiyə HDQ-nin suüstü platformalarının bir çoxunda yer alan, effektivliyini sübut etmiş ADVENT Döyüş İdarəetmə Sisteminin (DİS) insansız vasitələrdə istifadə olunacaq versiyası olan ADVENT ROTA-nın yerləşdiriləcəyi ilk platforma “Sancar” SİDP olacaq.

“Sancar” SİDP NATO-nun Birgə İşləklik Standartlarına uyğun olaraq ADVENT C4ISR missiya sistemi ilə idarəetmə stansiyasından idarə oluna bilər. Bu səriştə sayəsində platforma ADVENT DİS ilə təchiz edilmiş digər dəniz platformaları ilə işləmək qabiliyyətinə malik olacaq.

İdarəetmə məntəqəsində yerləşəcək ADVENT KALYON Missiya Sistemi də ROTA ilə birgə Faza-1 “zavod qəbul sınaqları”ndan uğurla keçib.

Digər layihələrdə də istifadə oluna bilən həllər

Layihə çərçivəsində HAVELSAN platforma avtonomluğu, missiya sistemi proqram təminatı, yerüstü idarəetmə stansiyası, mini-GMPS (Gəmi Məlumat Paylama Sistemi), “anti jam” xüsusiyyətli GNSS və Peyk Əlaqə Sistemini hazırlayır və istehsal edir. “Yonca-Onuk” isə SİDP platforması olan qayığın istehsalını və gəmidə istifadə olunacaq faydalı yüklərin tədarükü və inteqrasiyasını həyata keçirir.

Layihə tamamlandıqda, HAVELSAN tərəfindən hazırlanmış, avtonom naviqasiya və tapşırıqları yerinə yetirə bilən, ADVENT DİS ilə inteqrasiya olunmuş, Yerüstü İdarəetmə Stansiyası və ADVENT DİS vasitəsilə idarə oluna bilən ilk avtonom suüstü platforma yaradılacaq.

Süni Zəka (SZ), öyrənmə alqoritmləri, böyük verilənlər, verilənlərin sintezi və avtonom sistem texnologiyaları ilə inkişaf etdirilən “Sancar”ın uzunluğu 12,73 metr, eni 3,3 metr, subasımı qabiliyyəti isə 9 tondur. “Sancar” 40 düyündən çox sürətə və 740 kilometrdən çox səyahət mənzilinə çatır. Uzaqdan idarə oluna bilən “Sancar” SİDP liman/baza mühafizəsi, axtarış/xilasetmə, kəşfiyyat, aşkarlama, müşahidə, polis bölməsi, suüstü döyüş və mina əleyhinə tədbir missiyalarını avtonom şəkildə yerinə yetirə biləcək.

SİDP Layihəsi ilə tam bir insansız suüstü platforma istehsal edilib və kütləvi istehsala hazır məhsula çevrilib. Bundan əlavə, komanda idarəetmə inteqrasiya proqramı, missiyanın planlaşdırılması və missiya sonrası qiymətləndirmə və təhlil proqramı kimi sistemin alt komponentləri müstəqil məhsullar ola bilər.

Beləliklə, HAVELSAN məhsul ailəsinə strateji səviyyədən taktiki səviyyələrə qədər istifadə oluna bilən bazar məhsulları əlavə olunacaq. ADVENT ROTA və ADVENT KALYON məhsulları digər İDP layihələrində də xidmət göstərə biləcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADVENT   DİS   İDP  


Bizi "telegram"da izləyin