Tramp və Finlandiya prezidenti Sauli Niiniste səhər 7-dən 10-a qədər bir arada olacaqlar. Putin və Tramp isə "tet-a-tet" görüşə 13:15-də başlayacaq. Daha sonra 16:30-da Putin və Sauli Niiniste bir araya gələcəklər.
Putin və Tramp üçün bu, üçüncü şəxsi görüş olacaq. Bundan öncə, onlar 2017-ci ilin yazında Almaniyada G-20 zirvə toplantısında və noyabr ayında Vyetnamda keçirilən ATEC sammitində görüşüblər.
Trampın Putin ilə tammiqyaslı görüş keçirmək istəyi bu ilin martında məlum olsa da, sammitə hazırlıq tam həcmdə həyata keçirilməyib. Bu hazırlıqlara demək olar ki, ABŞ Dövlət Departamenti qatılmayıb və əsas yük Milli Təhlükəsizlik üzrə prezident məsləhətçisi Con Boltonun çiyinlərinə düşüb.
Rusiya və ABŞ liderlərinin son tammiqyaslı görüşü 9 il əvvəl, yəni 2009-cu ilin yayında baş verib. ABŞ prezidenti Barak Obama Kremldə Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən qəbul edilib.
Putin isə Obama ilə yalnız beynəlxalq tədbirlərdə görüşüb. 2005-ci ildə ABŞ prezidenti Corc Buş ilə Putin arasında tammiqyaslı görüş keçirilib. 2008-ci ildə daha bir görüş keçirilib. Bu görüş tammiqyaslı adlandırıla bilməzdi, çünki hər iki prezidentin səlahiyyət müddəti başa çatırdı.
O vaxtdan etibarən Moskva ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə pisləşib, bəzən isə bir çoxları tərəfindən "yeni Soyuq Müharibə" kimi qiymətləndirilib.
Görüşdən qabaq Trampın özü də "qeyri-real gözləntiləri"nin olmadığını, lakin bəzi "gözlənilməz nəticələr" əldə oluna biləcəyini də istisna etməyib.
Bunun üçün potensial imkanlar mövcuddur, çünki nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlardan əlavə iki lider arasında "tet-a-tet" görüş də nəzərdə tutulur. Dövlət rəhbərləri tez-tez belə bir formata müraciət edirlər. Bu formatda ehtiyac olduqda, görüşdə yalnız tərcüməçilər iştirak edir. "Tet-a-tet" formatı, görüşlərdə müzakirə ediləcək və ictimaiyyətdən gizlədiləcək detalların “ağzı yırtıq iştirakçılar” tərəfindən ətrafa sızdırılmasının qarşısını almaq məqsədilə hər iki tərəfin razılığı ilə tətbiq edilir.
Belə bir ünsiyyət formatı, ölkə liderlərinə ictimai səhnəyə çıxarılmadan öncə bir-birinə qarşı olan iradlarını rahatlıqla ifadə etməyə və hər iki tərəfə "qırmızı xətləri"ni əsaslandırmağa imkan verir.
Çox güman ki, bu "qeyri-rəsmi" ünsiyyət zamanı Tramp yenidən Rusiya prezidentinə ABŞ seçkilərində "müdaxilə" haqqında suallar verəcək. İndi bu mövzu yenidən aktuallıq qazanmaqdadır, çünki görüşdən 3 gün əvvəl ABŞ Baş Prokurorunun müavini Rod Rozenşteyn Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) 12 üzvünə qarşı Demokratlar Partiyasının Milli komitəsinin serverlərinin haker hücumu nəticəsində sındırılması ilə bağlı yeni bir ittiham irəli sürüb. Tramp özü bu məsələyə kifayət qədər skeptik və loyal yanaşır.
Bu yaxınlarda Moskvada olan senator Con Tun Rusiyanın ABŞ-ın 2018- ci il seçkilərinə müdaxiləsi ilə özlərinin barışmayacağına dair siqnal aldıqlarını düşündüyünü bildirərək Moskvanın bu metodlardan əl çəkəcəyi təqdirdə əvvəlki haker hücumunu unutmağa hazır ola biləcəklərini diqqətə çatdırıb.
Kreml ümumiyyətlə ABŞ-dakı seçkilərə hər hansı bir müdaxiləsinin baş verməsi iddialarını inkar edib, üstəlik Putin bu barədə heç bir ictimai bəyanat verməyəcəyini bəyan edib. Qeyd edək ki, Rusiya tərəfi bir neçə dəfə ABŞ-ın sənədləri təqdim edəcəyi halda, “müdaxilə" faktlarını nəzərdən keçirməyə hazır olduğunu bildirirdi.
ABŞ-da QRU əməkdaşlarına qarşı səsləndirilən iddialardan sonra bir çox nüfuzlu senatorlar Tramp-Putin görüşünü ləğv etmək üçün çağırışlar etdilər. Lakin Tramp görüşərək problemləri müzakirə etməyə üstünlük verdi.
Bu görüşdə Ukrayna, Suriya, İran, Şimali Koreya və Əfqanıstan ətrafındakı vəziyyət və nüvə silahlarından imtina proqramlarının dövlət başçıları tərəfindən müzakirə ediləcəyi gözlənilir.
Ukrayna məsələsinin ciddi müzakirə olunacaq mövzulardan biri olmasına baxmayaraq, bu istiqamətdə ciddi bir proqress əldə edilməsi gözlənilmir. Lakin dialoq ümumi danışıqlar prosesini aktivləşdirmək üçün stimul verə bilər.
Bu görüşün əsas məqsədi ikitərəfli münasibətlərdə mövcud olan gərginliyi azaltmaqdan, beynəlxalq məsələlərdə neqativ vəziyyəti düzəltməkdən, onları yaxşılaşdırmaq üçün tədbirlər görməkdən, Rusiya və ABŞ-a qarşılıqlı faydalı ola biləcək əməkdaşlığa qayıtmağa imkan verəcək konkret addımlar atmaqdan ibarət olması gözlənilir.
Putin və Tramp Suriyada İran təsirini məhdudlaşdırmaqla müəyyən irəliləyişlər əldə edə bilərlər. Lakin İranın bu məsələdə geri çəkiləcəyi real görünmür.
Əfqanıstan məsələsində sülhə nail olunması hər iki tərəfin marağındadır. Moskva ilə Vaşinqton arasında əsas fərq onların danışıqlar prosesinə fərqli prizmadan yanaşmalarındadır. Vaşinqtondan fərqli olaraq Moskva danışıqlarda özünün qadağan etdiyi "Taliban" qruplaşması ilə danışıqlar aparır və onların sülh danışıqlarında iştirakını dəstəkləyir. Burada ciddi fikir ayrılıqları olsa da, müsbət nəticələr əldə edilə bilər.
Şimali Koreya məsələsində yəqin ki, ABŞ Rusiyadan sanksiyaları hələlik qüvvədə saxlamağı xahiş edəcək. Bu məsələdə tam razılıq əldə oluna bilər. İki nüvə nəhənginə üçüncü oyunçu lazım deyil.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az