Viktor Orban Ursula fon der Lyayenin əleyhinə səs verib

2024/06/1719564273.jpg
Oxunub: 129     12:43     28 İyun 2024    
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının sammitində qurumun yüksək vəzifələrə namizədləri ilə bağlı səsvermədə Ursula fon der Lyayenin yenidən Avropa Komissiyasının rəhbəri seçilməsinə qarşı çıxıb.

Ordu.az xəbər verir ki, Telex internet nəşri bu barədə Brüsseldəki diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Viktor Orban Portuqaliyanın sabiq baş naziri Antonio Kostanın Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə namizədliyini dəstəkləyib, Estoniyanın Baş naziri Kaja Kallasın Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə namizədliyinə isə bitərəf qalıb.

Ursula fon der Lyayenın namizədliyini qəbul edilməz adlandıran Macarıstanın Baş naziri bunu Avropa Parlamentinə son seçkilərdə sağçı partiyaları dəstəkləyən avropalıların aldadılması hesab edir.

Qeyd edək ki, iyunun 27-də Avropa İttifaqının dövlət və hökumət başçıları növbəti beş il üçün qurumda rəhbər vəzifələrə təyinatları təsdiqləyiblər. Portuqaliyanın sabiq baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti postunda Şarl Mişeli əvəzləyəcək, Ursula fon der Lyayen daha bir müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsində qalacaq, Avropa diplomatiyasına rəhbərlik edən Jozep Borrel isə öz postunu Estoniyanın Baş naziri Kaja Kallasa təhvil verəcək.

İtaliyanın Baş naziri Ciorcia Meloni də Avropa İttifaqının kadr məsələlərinin bu cür “paket həlli” ilə razılaşmadığını bildirib. O, Antonio Kosta və Kaja Kallasın əleyhinə səs versə də, Ursula fon der Lyayenin namizədliyində bitərəf qalıb.

Avropa Parlamenti iyul ayında deputatların əksəriyyətinin dəstəyini qazanan namizədlərin təsdiqi üzrə səsvermə keçirəcək. Lakin hər üç namizədin bu postlara təsdiqlənəcəyi əvvəlcədən bəllidir. Ursula fon der Lyayenin sentyabr ayında Avropa Komissiyasının yeni tərkibini təqdim edəcəyi gözlənilir. Kaja Kallas oktyabrda, Antonio Kosta isə dekabrda vəzifələrinin icrasına başlayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Viktor-Orban   Ursula-fon-der-Lyayen  


Bizi "telegram"da izləyin