Rusiya-Gürcüstan diplomatik münasibətləri bərpa edilir? Moskva separatçı bölgələrə “yox” deyir?

2024/06/Russi-1718345851.jpg
Oxunub: 753     12:39     14 İyun 2024    
“RIA Novosti” ötən gün Gürcüstanın “Mtavari Arx” telekanalının Rusiya və Gürcüstanın diplomatik münasibətlərin bərpası barədə danışıqlar aparması ilə bağlı yaydığı sensasion məlumata toxunub.

Gürcüstan Rusiya ilə diplomatik münasibətləri 2008-ci il avqustun 26-da Moskvanın beş günlük müharibədən sonra Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıması ilə kəsib. İki ölkə arasında “Cenevrə Platforması” adlanan formatda müəyyən əlaqələr saxlanılıb.

Maraqlıdır ki, ötən ay Rusiya Xarici İşlər Nazirliyi İsveçrəni qərəzsizliyini itirməkdə ittiham edib və Moskvanın “Cenevrə Platforması” ilə bağlı Gürcüstan tərəfi ilə müzakirələri dayandırdığını bəyan edib. Bu danışıqları Moskva tərəfdən xarici işlər nazirinin müavini, bu gün Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin aparırdı.

Gürcüstan tərəfi Moskvanın “Cenevrə Platforması” üzrə dialoqu dayandırmaq barədə bəyanatına rəsmi cavab vermədi və bu, Rusiya-Gürcüstan təmaslarının davam edəcəyini açıq şəkildə ortaya qoydu. Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasına dair danışıqlar barədə məlumatın Cənubi Osetiyada keçirilən qondarma “prezident seçkiləri”ndən sonra yayılması son dərəcə vacibdir. Məsələ burasındadır ki, aylar əvvəl separatçılar bəyan etmişdi ki, bunlar Rusiyaya birləşmək üzrə “referendum”la müşayiət oluna bilər.

Heç bir “referendum” keçirilməyib və aydındır ki, “Cənubi Osetiya” qərar verən tərəf deyil. Abxazlar narahatdır, lakin orada hələlik Abxaziya kilsəsi faktoru işə salınıb. Suxumi Katedralının rahibi Visarion Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillə açıq məktub göndərərək, Abxaziyada Rus Pravoslav Kilsəsinin (RPK) kanonik yeparxiyasının yaradılmasını təklif edib.

Hazırda RPK Abxaziyanı Gürcü Pravoslav Kilsəsinin kanonik ərazisi kimi tanıyır. Moskva patriarxlığı əslində Visarionun təklifini rədd edib və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməyib. İyunun 11-də Ukraynanın bərpası ilə bağlı Almaniyanın təşəbbüsü ilə keçirilən konfransda iştirak edən Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili jurnalistlərə bildirib ki, Tbilisi Avropaya inteqrasiya kursunu dəyişməyib. O, ABŞ ilə münasibətlərin əvvəlki vəziyyətə qayıdacağına ümid etdiyini bildirib.

Vaşinqton onlarla Gürcüstan rəsmisinə sanksiya tətbiq edib. Görünür, əsas səbəb heç də “xarici agentlər” qanunu deyil. Böyük ehtimalla ABŞ Rusiya-Gürcüstan pərdəarxası danışıqlarından xəbərdardır. Gürcüstan televiziya şirkətinin məlumatına görə, Tbilisi Moskvadakı səfirliyinin fəaliyyətini bərpa etməyə hazırlaşır. Cənubi Osetiyadakı separatçılar Rusiyaya birləşmək üçün “referendum”dan niyə imtina etdilər?

Yeri gəlmişkən, separatçı Dnestryanı da fevralda analoji “qərar” qəbul etdi, bu, Moskvanın açıq-aşkar narazılığına səbəb oldu və bundan sonra Moldova məsələsində Qaqauziyanın muxtariyyəti məsələsi aktuallaşdı.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan   Münasibət  


Bizi "telegram"da izləyin