Rusiya dörd ildən artıq əvvəl Ukraynaya qarşı səbəbsiz işğal müharibəsinə başladıqdan sonra NATO Baltik regionunun təhlükəsizliyinə xüsusi diqqət yetirir. Bu siyasətin bir hissəsi kimi Almaniya İkinci Dünya müharibəsindən sonra ilk dəfə daimi xarici hərbi yerləşdirmə həyata keçirib. Yeni yaradılmış 45-ci Zirehli Briqada (Panzerbrigade 45) Rusiyanın müttəfiqi Belarusla sərhəddən cəmi 30 kilometr məsafədə yerləşən Litvada bazalanıb.
Gələcəkdə Baltik ölkəsində 100-dən çox “Leopard 2A8” əsas döyüş tankının yerləşdirilməsi planlaşdırılır. Almaniya Müdafiə Nazirliyinin cümə axşamı yaydığı məlumata görə, iyun ayında 1GNC kimi tanınan Almaniya-Niderland komanda mərkəzi Estoniya və Latviyada da komandanlıq funksiyalarını öz üzərinə götürəcək.
Bu addımın məqsədi Baltik regionunda Rusiyanın mümkün təcavüzünü çəkindirməkdir. Nazirliyin açıqlamasında qeyd olunub: “Regionda əlavə taktiki qərargahın yerləşdirilməsi NATO-nun birliyini gücləndirir və Rusiyanın çəkindirilməsinə xidmət edir”. Bildirilir ki, 1GNC 50 minə qədər hərbçiyə komandanlıq edə bilər.
Hazırda regiondakı NATO qüvvələri Polşanın qərbində yerləşən Şetsin şəhərindəki qərargah tərəfindən idarə olunur. Yeni komanda məntəqəsi isə böhran vəziyyətində alyansın daha çevik reaksiyasına imkan yaradacaq.
Almaniya Müdafiə Nazirliyi əlavə edib: “Regionda ikinci korpus qərargahının yaradılması ilə Almaniya və Niderland NATO-nun şərq cinahının çəkindirilməsi və müdafiəsi üçün məsuliyyət götürmək istəklərini və bacarıqlarını nümayiş etdirirlər”.
1996-cı ildə yaradılan 1GNC komandanlığı Almaniya və Niderland arasında növbəli qaydada dəyişir. Hazırda komandanlıq Almaniyanın əlindədir və bu vəziyyət 2028-ci ilin əvvəlinədək davam edəcək. Bundan əlavə, NATO-nun daha 14 üzv dövləti qərargahın heyətinə şəxsi heyət ayırır.
Bu addım həm də NATO-nun 2026-cı ilin yanvarında Baltik dənizindəki kritik sualtı infrastrukturun təhlükəsizliyini və müşahidəsini gücləndirmək məqsədilə başladığı “Baltic Sentry” proqramından sonra atılıb. Proqram bir neçə ehtimal olunan sabotaj hadisəsindən sonra işə salınıb.
İsveç Qotland adasını NATO qalasına çevirir
Qotland adasının hərbi imkanlarının ciddi şəkildə artırılması istiqamətində də iş aparılır. Ada Rusiyanın güclü şəkildə hərbiləşdirilmiş Kalininqrad bölgəsindən təxminən 300 kilometr məsafədə yerləşir. Bu ayın əvvəlində İsveç adada ilk genişmiqyaslı hərbi təlimlərə ev sahibliyi edib. Qotland strateji mövqeyinə və “Saab JAS 39 Gripen” kimi döyüş təyyarələrini qəbul etmək imkanına görə tez-tez “batmayan aviadaşıyıcı” adlandırılır.
2024-cü ildə NATO-ya qoşulduqdan sonra İsveç ilk dəfə alyans tərəfindən koordinasiya edilən belə böyük təlim keçirdi. Təlimlərdə 13 ölkədən 18 mindən çox hərbçi iştirak edib. Qotlanddakı hərbi yerləşdirmələr Donald Tramp administrasiyasının ABŞ-nin NATO-dakı rolunu azaltmaq barədə təhdidlərinin fonunda həyata keçirilir.
Ukrayna NATO üzvü olmasa da, ukraynalı hərbçilər təlimlərdə iştirak ediblər. Onlar pilotsuz uçuş aparatlarının döyüş şəraitində istifadəsini nümayiş etdirərək İsveçin zirehli bölməsini şərti olaraq “məhv etməyi” göstəriblər.
Qotland NATO-nun Baltik müdafiəsinin əsas elementi ola bilər
İsveç materikindən təxminən 80 kilometr məsafədə yerləşən Qotland IX əsrdən etibarən Stokholmun dolayı nəzarəti altında olub. Bununla belə, İsveç adanı rəsmi olaraq 1645-ci ildə, Otuzillik müharibənin sonuna yaxın imzalanmış Brömsebro müqaviləsindən sonra əldə edib. Qotland İsveç və Latviya arasında yerləşdiyi üçün Moskvanın Baltik ölkələrinə qarşı mümkün hərbi əməliyyatları zamanı potensial hədəf kimi qiymətləndirilir.
Soyuq müharibə dövründə adada dörd alay tərkibində 25 minə qədər hərbçi xidmət edib. Hazırda saylar bu səviyyədən xeyli aşağı olsa da, İsveç hərbi mövcudluğunu yenidən artırmağa çalışır. 2018-ci ildə Stokholm XIX əsrə gedib çıxan tarixə malik Qotland alayını yenidən aktivləşdirib. Hazırda bu alay adanın müdafiəsinə cavabdehdir. İndi isə İsveç adanı yenidən möhkəmləndirməyə ehtiyac duyur.
İsveç Müdafiə Araşdırmaları Agentliyinin direktor müavini Niklas Qranholm “Politico”ya bildirib: “Müasir silah sistemlərinin mənzilini və yerləşməsini nəzərə alsaq, Qotlanda nəzarət edən Baltik dənizində baş verənlərin böyük hissəsinə nəzarət edə bilər”. Qranholm əlavə edib ki, adada yerləşdirilən qırıcı təyyarələr Baltik ölkələrinin paytaxtlarına “bir neçə dəqiqə ərzində” çata bilər.
Adanın coğrafi mövqeyi onu Baltik regionunda mümkün müharibə zamanı əsas boğaz nöqtəsinə çevirə bilər. Qotland faktiki olaraq Moskvanın Baltik dənizinə çıxış imkanlarını məhdudlaşdırır və Kalininqrad, Sankt-Peterburq, hətta Rusiyanın daha dərin bölgələrinə sürətli zərbələr endirməyə şərait yaradır.
Əksinə, əgər ada Rusiyanın nəzarətinə keçərsə, Baltik ölkələri və Finlandiyanın təcrid olunması mümkündür.
Hazırda əsas narahatlıq ondan ibarətdir ki, Kreml hibrid müharibə üsullarından istifadəni davam etdirə bilər. Rusiyanın adaya içməli su gətirən nasos sistemlərini sabotaj etməsi, internet bağlantısını təmin edən fiber-optik kabeli zədələməsi və radioelektron mübarizə vasitələrindən istifadə etməsi ehtimal edilir.
NATO hazırda həm Qotlandda, həm də Baltik regionunda bu təhdidlərə qarşı tədbirlər görür. Əgər Rusiya regionu yenidən öz nəzarəti altına almağa cəhd etsə, onu heç də asan proses gözləməyəcək.
Sevinc Əliyeva
Ordu.az