Atəşkəs şərtləri və sülhün sərhədləri: Qərbin ilkin şərtsiz dayandırma tələbi niyə real görünmür?

2026/06/1780301430.jpg
Oxunub: 294     12:21     01 İyun 2026    
“Hazırda Avropa Ukrayna tərəfində münaqişənin iştirakçısıdır. Unutmaq olmaz ki, Avropa silahları birbaşa bizə qarşı istifadə olunur. Bundan abstrahasiya olmaq mümkün deyil. Buna görə də Avropa bu statusda heç bir vasitəçilik missiyasına iddia edə bilməz”. Bunu Astanada jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatına münasibət bildirib. Kallas Rusiyanı Ukrayna münaqişəsinin həlli çərçivəsində qoşunlarını təkcə Ukraynadan deyil, həm də Moldova və Gürcüstandan çıxarmağa çağırmışdı.

“RIA Novosti” redaksiya məqaləsində Kallası “Rusiyaya gülünc tələblər irəli sürən keçmiş sovet pioneri” adlandırıb. Kallas Rusiyadan Ukraynada atəşin “dərhal və heç bir ilkin şərt olmadan dayandırılmasını” tələb edib. “Nezavisimaya qazeta”nın mənbələri isə bildiriblər ki, Rusiyanın müdafiə naziri Andrey Belousov son günlər qoşunların təmas xəttində yoxlamalar aparıb. Nəşr bunun, ehtimal ki, “yay aylarında genişmiqyaslı əməliyyatların planlaşdırılması” ilə bağlı olduğunu güman edib.

Məlum olduğu kimi, mayın 25-də Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə akkreditə olunmuş diplomatik nümayəndəliklərə ölkəni tərk etməyi “tövsiyə edib”. Məlumatlara görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ dövlət katibi Marko Rubionu Kiyevə qarşı “ardıcıl və koordinasiyalı zərbələr endiriləcəyi” barədə məlumatlandırıb.

Rusiya prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov bu məlumatı təsdiqləyib, lakin əlavə edib ki, Vaşinqtondan “hələlik cavab yoxdur”. ABŞ-nin Rusiya təhdidlərinə dolayı reaksiyası kimi Kiyevdəki ABŞ səfirliyinin rəsmi bəyanatını qiymətləndirmək olar. Səfirlik Rusiya KİV-lərinin yaydığı, guya “amerikalı diplomatların Ukrayna paytaxtını tərk etməsi” barədə xəbəri təkzib edib.

Daha sərt reaksiya isə Fransa və Almaniyadan gəlib. Paris və Berlində Rusiyanın səfirləri xarici işlər nazirliklərinə çağırılıb və onlara xəbərdarlıq edilib. Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiyanın Avropa ölkələrinə “qorxu aşılamaq cəhdləri qəbuledilməzdir və Ukraynaya dəstək göstərmək əzmini zəiflətməyəcək”.

Bu fonda Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Avropa ölkələri “Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşırlar”. O, Finlandiyada və Baltikyanı ölkələrdə aparılan “müdafiə istehkamlarının qurulması və logistika infrastrukturunun təkmilləşdirilməsi işlərinə” istinad edib, xüsusilə vurğulayıb ki, Rusiya ilə sərhədlərdə hərbi qüvvələrin sayı artır.

“RIA Novosti” isə yekun olaraq yazıb ki, “xüsusi hərbi əməliyyatın” yalnız Ukraynadakı neonasizmə qarşı aparıldığı barədə özünü aldatmaq lazım deyil. Bununla agentlik açıq şəkildə Rusiyanın “Qərblə ekzistensial qarşıdurma vəziyyətində olduğunu” nəzərdə tutub.

Ermənistanla münasibətlərdən danışarkən Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqını “Rusiyanın düşməni olan hərbi alyans” adlandırıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin