Fransa Atlantik okeanında Rusiyanın “kölgə donanması”na məxsus tankeri saxlayıb

2026/05/1777995341.jpg
Oxunub: 284     11:24     01 İyun 2026    
Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında beynəlxalq sanksiyalar altında olan “Tagor” neft tankerini saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

Tankerin saxlanılması mayın 31-i səhər saatlarında baş verib.

Makronun sözlərinə görə, tanker Rusiyadan hərəkət edirdi.

Əməliyyat Fransa tərəfdaşları, o cümlədən Birləşmiş Krallıq ilə birlikdə və “dəniz hüququna tam uyğun şəkildə” həyata keçirilib.

“Gəmilərin beynəlxalq sanksiyalardan yayınması, dəniz hüququnu pozması və Rusiyanın artıq dörd ildən çoxdur Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirməsi qəbuledilməzdir. Hətta dənizçiliklə bağlı ən elementar qaydalara belə məhəl qoymayan gəmilər ətraf mühit və ümumi təhlükəsizlik üçün də təhdid yaradır”, - deyə Makron bildirib.

“Tagor” tankeri ABŞ, Avropa İttifaqı, Birləşmiş Krallıq və Ukraynanın sanksiya siyahılarına daxil edilib. Gəmi Birləşmiş Krallığın sanksiyalar siyahısına 2026-cı ilin fevralında əlavə olunub.

Birləşmiş Krallıq hökumətinin açıqlamasında qeyd olunurdu ki, London bu tankeri Rusiyanın “kölgə donanması”nın bir hissəsi hesab edir. Avropa İttifaqının məlumatına görə, gəmi Rusiyada istehsal olunan neft və neft məhsullarını daşıyır.

ABŞ sanksiya siyahısına əsasən tanker Panama bayrağı altında üzür. Bu, Fransanın Rusiyanın “kölgə donanması”na aid tankeri saxladığı ilk hadisə deyil.

Mart ayında Fransa Hərbi Dəniz Qüvvələri Murmanskdan hərəkət edən və Mozambik bayrağı altında üzən “Deyna” tankerini saxlamışdı. Lakin bir ay sonra Fransa hakimiyyəti “Deyna” tankerinin Marsel limanını tərk etməsinə icazə vermişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rusiya  


Bizi "telegram"da izləyin