Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“CNN-in saxta xəbərlərində həmişə olduğu kimi bildirildi ki, İranla nüvə razılaşmamın ümumiyyətlə nüvə məsələləri ilə əlaqəsi yoxdur. Halbuki orada çox aydın şəkildə qeyd olunur ki, İran nüvə silahına sahib olmayacaq. Bundan sonra isə razılaşma çərçivəsində nüvə mövzusu ilə bağlı digər aspektlər çox ətraflı və geniş şəkildə təhlil edilib. Əslində razılaşmanın böyük hissəsi məhz buna həsr olunub”, - deyə Tramp yazıb.
Bazar günündən bazar ertəsinə keçən gecə Tramp “Fox News” telekanalına müsahibəsində Vaşinqtonu qane edəcək şərtlərlə İranla razılaşmanın əldə olunmasına getdikcə yaxınlaşdıqlarını bildirib.
“Mən düşünürəm ki, yavaş-yavaş, lakin qətiyyətlə istədiyimiz nəticəni əldə edə biləcəyimiz variantın yaxınlığına çatırıq”, - deyə ABŞ prezidenti qeyd edib.
Eyni zamanda Tramp yenidən xəbərdarlıq edib ki, İran razılaşmanı qəbul etməsə, hərbi əməliyyatların bərpasına hazır olacaq.
“Axios” portalının məlumatına görə, cümə günü Vaşinqtonda keçirilən müşavirə zamanı Tramp razılaşma ilə bağlı yeni ideyalar irəli sürərək daha sərt tələblər formalaşdırıb.
Bu tələblər arasında xüsusilə İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcək taleyi ilə bağlı məsələlər yer alıb.
Sevinc Əliyeva
Ordu.az