Ordu.az xəbər verir ki, Zelenski mayın 31-də yayımlanan müsahibəsində Kiyevin yaxşılaşan strateji mövqeyini dəyərləndirmək üçün qış başlamazdan əvvəl Rusiya ilə sülh danışıqlarını irəli aparmaq istədiyini deyib.
ABŞ-nin vasitəçiliyi ilə sülh sazişinə doğru irəliləmək cəhdləri Vaşinqtonun İrandakı münaqişəyə fokuslanması səbəbindən ləngimişdi. Zelenski və digər ukraynalı rəsmilər Rus qüvvələrinin cəbhədə irəliləyişinin yavaşladığını, Ukraynanın isə əsasən Rusiyanın neft sənayesini hədəf alan orta və uzaqmənzilli zərbələr dalğasını gücləndirdiyini bildiriblər.
Zelenski CBS telekanalının “Face the Nation” proqramına verdiyi açıqlamada deyib: “2025-ci ilin dekabrında Rusiya döyüş meydanında təşəbbüsü itirməyə başlad. İndi qarşımızda qış gələnədək bir zaman pəncərəsi var... Qışdan əvvəl oturub danışa biləcəyimiz diplomatik yol tapmalıyıq”. Zelenski bunun Rusiya Prezidenti Vladimir Putin üzərində təzyiqdən asılı olduğunu bildirib.
“Rusiya cəmiyyətində təzyiqin artdığını düşünürəm. Sanksiyalar qaldırılmamalı, əksinə daha da artırılmalıdır”, - deyə o qeyd edib. Avropanın yardımı ilə təşkil ediləcək danışıqların və ya Rusiya ilə ikitərəfli görüşlərin də mümkün olduğunu deyən Zelenski Rusiyaya daha sərt sanksiyaların tətbiqi çağırışını bir daha təkrarlayıb.
Ötən həftə “Reuters”ə danışan yüksəkvəzifəli ukraynalı zabit də Ukraynanın döyüş meydanında təşəbbüsü ələ keçirmək və sülh danışıqlarındakı mövqeyini gücləndirmək üçün 6 aylıq fürsət pəncərəsinə sahib olduğunu demişdi.
Zelenski həmçinin bildirib ki, Avropanın hava hücumundan müdafiə proqramı olmayacağı təqdirdə Ukraynanın hava hücumundan müdafiə raketləri üçün ABŞ-nin dəstəyinə ehtiyacı var. Bu kontekstdə o deyib: “Öz Avropa anti-ballistik sistemimizi yaradacağımız ana qədər, o vaxta qədər Birləşmiş Ştatların dəstəyinə ehtiyacımız var”.
Ukraynanın pilotsuz uçuş aparatı texnologiyası üzrə ABŞ ilə razılaşma əldə etməyə ümid etdiyini deyən Zelenski Kiyevin Rusiyanın pilotsuz uçuş aparatları və raketlərini vurmaqla qazandığı beşillik təcrübəni təqdim edə biləcəyini də vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az