Ordu.az xəbər verir ki, nazirlik SAFE fondu çərçivəsində imzalanan müqavilələrin ümumi dəyərinin təxminən 6 milyard avro olduğunu açıqlayıb.
Bu çərçivədə Almaniyanın “Rheinmetall” şirkətinin Rumıniyadakı törəmə müəssisəsi olan “Rheinmetall Automecanica SRL” ilə 298 ədəd KF41 “Lynx” zirehli döyüş maşınının və onun müxtəlif versiyalarının tədarükü barədə müqavilə bağlanıb.
ƏDV xaric 3 milyard 337 milyon avro dəyərində olan proqram Rumıniya Quru Qoşunlarının ağır piyada batalyonlarının ehtiyaclarının qarşılanmasına yönəlib. Bundan başqa, “Rheinmetall Italia S.p.A.” şirkəti ilə hava hücumundan müdafiə və pilotsuz uçuş aparatlarına qarşı sistemlərin alınmasına dair müqavilə imzalanıb.
ƏDV xaric 981 milyon 950 min avro dəyərində olan müqavilə çərçivəsində C-RAM sistemi imkanlarına malik 7 ədəd SKYNEX yerüstü hava hücumundan müdafiə artilleriya sistemi, 2 ədəd SKYRANGER 35 çox qısa mənzilli mobil hava hücumundan müdafiə sistemi və 2 ədəd “Millenium” yaxın müdafiə sistemi tədarük ediləcək.
Rumıniya Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi məqsədilə “NVL B.V. & Co. KG” şirkəti ilə də müqavilə imzalanıb. ƏDV xaric 920 milyon avro dəyərində olan müqaviləyə əsasən, 2 ədəd dəniz patrul gəmisi və 2 ədəd təcili müdaxilə və dalğıc hazırlığı qayığı alınacaq.
Nazirlik bildirib ki, bu proqramlar Rumıniyanın müdafiə qabiliyyətinin artırılmasına, regional sabitliyin dəstəklənməsinə və Avropa İttifaqı ilə NATO-nun dəniz sərhədlərinin təhlükəsizliyinə töhfə verməyə xidmət edir.
Paket çərçivəsində son müqavilə isə “Rheinmetall Waffe Munition GmbH” şirkəti ilə bağlanıb. Müqavilə 401 760 ədəd 35 mm çaplı AHEAD sursatının tədarükünü nəzərdə tutur.
ƏDV xaric 449 milyon 750 min avro dəyərində olan proqram pilotsuz uçuş aparatları da daxil olmaqla hava hədəflərinə qarşı mübarizə üçün kritik döyüş ehtiyatlarının yaradılmasını hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az