“Katmerciler” yeni nəsil HIZIR 4x4 maşınlarının ilk təhvilini həyata keçirib

2026/05/1780225688.jpg
Oxunub: 374     15:01     31 May 2026    
Türkiyənin zirehli quru platformaları istehsalçılarından olan “Katmerciler” yenilənmiş HIZIR 4x4 minaya qarşı qorunan zirehli maşının ilk təhvilini həyata keçirib.

Ordu.az xəbər verir ki, təhvil Türkiyə Milli Müdafiə Nazirliyinin sifarişi əsasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları üçün hazırlanmış yeni nəsil HIZIR platformaları çərçivəsində baş tutub.

NATO standartlarına uyğun şəkildə hazırlanmış yeni versiya HIZIR 3 qapılı konstruksiyaya və 5 nəfərlik heyət tutumuna malikdir. Platforma müasir əməliyyat tələblərinə cavab vermək üçün layihələndirilib. Maşın üzərində Türkiyə müdafiə sənayesinin istehsalı olan müxtəlif sistemlər inteqrasiya olunub və onlar vahid kompleks kimi fəaliyyət göstərəcək.

400 at gücünə malik mühərriklə təchiz edilən yeni nəsil HIZIR 70 faiz maili yüksəklikləri dəf etmək qabiliyyətinə, yüksək mina və ballistik müdafiə səviyyəsinə, tam avtomatik transmissiyaya, yüksək manevr imkanlarına və istifadəçi üçün rahat idarəetmə xüsusiyyətlərinə malikdir.

Şirkət layihə üzrə qalan təhvil proseslərinin ilin sonunadək tamamlanacağını və istehsal fəaliyyətinin davam etdiyini açıqlayıb. “Katmerciler” İcraiyyə Şurası sədrinin müavini Furkan Katmerci bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin müasir əməliyyat ehtiyaclarına cavab verən yeni nəsil HIZIR platformalarının ilk təhvilini həyata keçirməkdən qürur duyurlar.

Onun sözlərinə görə, NATO standartlarına uyğun şəkildə yenilənən HIZIR 4x4 ən çətin coğrafi və iqlim şəraitində fəaliyyət göstərə bilir və yüksək mina, həmçinin ballistik müdafiə imkanları ilə hərbçilərin döyüş qabiliyyətini artıracaq.

Katmerci qeyd edib ki, yerli sənaye tərəfindən hazırlanmış alt sistemlərin inteqrasiya olunduğu bu versiya Türkiyənin mühəndislik imkanlarının çatdığı səviyyəni nümayiş etdirir.

O bildirib ki, HIZIR platformasına xarici ölkələrdən maraq artır, xüsusilə dost və müttəfiq dövlətlərdən daxil olan tələblər yeni əməkdaşlıq imkanları yaradır.

Şirkət rəsmisi əlavə edib ki, ixracyönümlü inkişaf strategiyası çərçivəsində cari il ərzində yeni beynəlxalq müqavilələrin imzalanması planlaşdırılır və müxtəlif regionlarda danışıqlar davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Katmerciler   HIZIR   Türkiyə  


Bizi "telegram"da izləyin