Ordu.az xəbər verir ki, proqram Yer peykinin səthində daimi infrastrukturun və insan varlığının mərhələli şəkildə yaradılmasını nəzərdə tutur.
Layihənin icrası təxminən 2030-cu illərin ortalarınadək davam edəcək üç mərhələyə bölünüb.
Birinci mərhələdə, təxminən 2028-2029-cu illərə qədər, bir sıra robotlaşdırılmış missiyaların həyata keçirilməsi planlaşdırılır. Bu missiyalar Ayın cənub qütbü bölgəsini araşdıracaq, su buzunu axtaracaq, torpaq qatını öyrənəcək, həmçinin rabitə, naviqasiya və enerji təchizatı sistemlərini sınaqdan keçirəcək.
Bu mərhələnin nəticəsində gələcək baza üçün uyğun ərazilər seçiləcək və insanlı missiyalar üçün texnoloji baza hazırlanacaq. Təxminən 2029-2032-ci illəri əhatə edəcək ikinci mərhələ infrastrukturun qurulmasının başlanmasını nəzərdə tutur. Bu çərçivədə enerji sistemləri, rabitə şəbəkəsi, ilk yaşayış və elmi modullar yaradılacaq.
Həmin dövrdə uzunmüddətli insanlı missiyaların həyata keçirilməsi, tikinti və logistika işləri üçün Ay roverlərindən aktiv istifadə olunacağı gözlənilir. Üçüncü mərhələ isə təxminən 2032-2035-ci illərdən başlayaraq Ayda daimi insan mövcudluğuna keçidi nəzərdə tutur.
Bu mərhələdə Ayda dayanıqlı yaşayış kompleksləri, su, oksigen və yanacaq da daxil olmaqla yerli resursların hasilatı və emalı sistemləri yaradılacaq, həmçinin ekipajların müntəzəm rotasiyası təmin ediləcək.
Beləliklə, NASA-nın planına əsasən, Ay infrastrukturunun ilk elementləri 2020-ci illərin sonlarında meydana çıxa, daimi bazanın formalaşdırılması isə 2030-cu illərin ilk yarısında baş tuta bilər.
Sevinc Əliyeva
Ordu.az