Gürcüstanda casusluqda şübhəli bilinən ikinci şəxs saxlanılıb

2026/05/1780211875.jpg
Oxunub: 340     11:41     31 May 2026    
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti casusluq ittihamı ilə daha bir şəxsi saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı qurumun özü təsdiqləyib.

Saxlanılan şəxsin jurnalist İrakli Çixladze olduğu bildirilir. O, “Qafqaz İnsan Hüquqları İnstitutu”nun təsisçisi və rəhbəridir.

Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə bildirilib ki, saxlanılan şəxs öz ölkəsinin maraqlarına zidd fəaliyyət göstərərək, jurnalistika, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə etməklə xarici xüsusi xidmət orqanlarının maraqları naminə sistemli şəkildə kəşfiyyat xarakterli məlumatlar toplayıb və ötürüb.

Qurumun məlumatına görə, ötürülən məlumatlar Gürcüstanda və qonşu ölkələrdə baş verən proseslərlə bağlı informasiyaları əhatə edib.

Bundan əlavə, Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, o, onlayn platforma adı altında fəaliyyət göstərən kəşfiyyat şəbəkəsinə rəhbərlik edib, həmçinin xüsusi xidmət orqanlarından əldə olunan maliyyə vəsaitlərini şəbəkə üzvləri arasında bölüşdürüb.

Xatırladaq ki, bundan əvvəl Dövlət Təhlükəsizlik Xidməti casusluq ittihamı ilə “Avrasiya İnstitutu”nun təsisçisi Qulbaat Rtsxiladzeni də saxlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Casusluq   DTX  


Bizi "telegram"da izləyin