Ordu.az xəbər verir ki, bu barədə İsrailin 13-cü telekanalı güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və şimal istiqaməti üzrə komandanlığın iştirakı ilə fövqəladə müşavirə çağırıb.
Mənbələrin bildirdiyinə görə, İsrail hərbçiləri raket hücumlarının miqyasından və “Hizbullah” hərəkatının taktikasında etdiyi dəyişiklikdən “təəccübləniblər”. İddia olunur ki, təşkilat Livanın cənubunda İsrailin quru əməliyyatlarının genişləndirilməsinə cavab olaraq atəş tətbiqi siyasətinə düzəliş edib.
Məlumata əsasən, şənbə günü Livan ərazisindən İsrailin şimal bölgələrinə doğru bir neçə onlarla raket buraxılıb. Aprelin 17-də qüvvəyə minmiş atəşkəs rejimindən sonra ilk dəfə raketlər Safed və Nahariya şəhərlərinə çatıb.
İsrail mediası vəziyyəti “tam xaos və hadisələrin nəzarətdən çıxmış inkişafı” kimi xarakterizə edərək, ölkə rəhbərliyinin baş verənlərə kifayət qədər diqqət ayırmadığını bildirib.
Eyni zamanda İsrail Ordusunun Radiosu ölkənin şimalında “kövrək atəşkəs” dövrünün başlanmasından etibarən 1099 hava həyəcanı siqnalının qeydə alındığını açıqlayıb.
Öz növbəsində “Hizbullah” pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirdiyini bildirib. Təşkilatın iddiasına görə, hədəflər Natua yaşayış məntəqəsi yaxınlığında və Qalileyadakı hərbi düşərgədə yerləşən İsrail hərbçiləri olub.
Son həftələrdə “Hizbullah”ın pilotsuz uçuş aparatlarından istifadəsi İsraildə artan narahatlıq yaradır. Baş nazir Netanyahu daha əvvəl bu vasitələri aşkarlanması və məhv edilməsinin çətinliyi səbəbindən “ciddi təhlükə” adlandırmışdı.
Sevinc Əliyeva
Ordu.az