Ordu.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen bildirib.
Onun sözlərinə görə, Ukraynaya qarşı başladılan müharibə yalnız Ukrayna ilə məhdudlaşmır və Rusiyanın fəaliyyəti bütün Avropanın təhlükəsizliyi üçün təhdid yaradır.
“Təəssüf ki, belə bir ssenari mümkündür. Vəziyyətin harada və necə gərginləşəcəyini proqnozlaşdıra bilmirəm. Həmçinin hansı konkret təhlükələrlə üzləşəcəyimizi də bilmirəm. Lakin əminəm ki, Rusiyanın yeni aqressiya dalğası bizi gözləyir”, - deyə Frederiksen bildirib.
O qeyd edib ki, Polşanın Rusiyadan gələn təhlükə ilə bağlı mövqeyini bölüşür və bu yanaşma ölkənin tarixi təcrübəsi ilə də bağlıdır.
“Düşünürəm ki, Rusiyanın Ukraynada başladığı müharibə yalnız Ukraynaya aid deyil. Buradan çıxarıla biləcək yeganə nəticə ondan ibarətdir ki, Ukraynaya bütün mümkün vasitələrlə və istənilən xərc bahasına dəstək verməliyik”, - deyə Danimarkanın Baş naziri vurğulayıb.
Rusiyanın aqressiyasını Avropa ölkələrinə necə yönəldə biləcəyi barədə suala cavabında Frederiksen hibrid təhdidlərin mümkünlüyünə diqqət çəkib.
“Bu, hibrid müharibənin yeni forması ola bilər. Belə fəaliyyət artıq müşahidə olunur, Rusiya davamlı olaraq sərhədləri pozur. Hazırda onları Ukraynada verdikləri itkilər saxlayır. Onlar hərbi resurslarının, o cümlədən canlı qüvvəsinin böyük hissəsini udan müharibəyə cəlb olunublar”, - deyə o bildirib.
Bununla yanaşı, Frederiksen hesab edir ki, Avropa bu gün Rusiyadan gələn təhlükələrə bir neçə il əvvəl olduğundan daha yaxşı hazırdır.
Sevinc Əliyeva
Ordu.az