Ordu.az xəbər verir ki, bu barədə “Axios” administrasiyadakı yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp razılaşmanın yaxın vaxtlarda yekunlaşdırılmasını istəyir, lakin xüsusilə İranın nüvə materialları ilə bağlı bəzi müddəaların gücləndirilməsinə çalışır.
Trampın müraciəti tərəflər arasında yeni danışıqlar mərhələsinin başlanmasına səbəb olub və bu proses bir neçə gün davam edə bilər.
ABŞ Prezidenti cümə günü bildirmişdi ki, sazişlə bağlı situasiya mərkəzində müşavirə keçirəcək və görünür, razılaşmaya yaxın olduğunu eyham etmişdi.
Ağ Ev nümayəndəsi görüşdən sonra jurnalistlərə bildirib ki, Tramp “yalnız Amerikanın xeyrinə olan, onun tələblərini ödəyən və İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyinə təminat verən razılaşmanı imzalayacaq”.
Mənbələrin sözlərinə görə, Tramp komandasına İranın nüvə proqramına aid müddəaların layihəsinə dəyişiklik etməyi tapşırıb. Hazırkı variantda memorandum İranın nüvə silahı əldə etməyə çalışmamaq öhdəliyini ehtiva edir, lakin bundan başqa konkret güzəştlər nəzərdə tutulmur.
Sənəddə göstərilir ki, İranın nüvə öhdəlikləri və ABŞ sanksiyalarının yumşaldılması üzrə danışıqlar üçün 60 günlük “pəncərə” ayrılacaq. Gündəliyin ilk məsələləri İranın zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası və gələcək zənginləşdirmənin məhdudlaşdırılması olacaq.
Yüksək vəzifəli administrasiya nümayəndəsi bildirib ki, əsas məsələ ABŞ-nin həmin materialları necə və hansı müddətdə əldə etməsidir. Digər mənbənin sözlərinə görə, Tramp Hörmüz boğazının açılması ilə bağlı bəzi ifadələrə də düzəliş etmək istəyir.
Amerikalı rəsmiyə görə, Trampa bildirilib ki, İran tərəfinin cavab verməsi üçün təxminən üç gün vaxt lazım olacaq.
Administrasiyanın yüksək vəzifəli nümayəndəsi qeyd edib ki, Vaşinqton prezidentin istədiyi nəticəni əldə etməsi üçün gözləməyə hazırdır və yaxın günlərdə cavab gözləyir.
Sevinc Əliyeva
Ordu.az