Estoniya Rusiya ilə sərhəddə PUA-ların aşkarlanması sistemlərinin yerləşdirilməsinə başlayıb

2026/05/1780204127.jpg
Oxunub: 383     09:14     31 May 2026    
Estoniya Rusiya ilə sərhəddə pilotsuz uçuş aparatlarının aşkarlanması və monitorinqi üçün stasionar sistemlərin yerləşdirilməsinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

İlk komplekslər artıq sərhədin cənub-şərq hissəsində quraşdırılıb. İlin sonunadək ölkənin bütün şərq sərhədinin bu cür vasitələrlə əhatə olunması planlaşdırılır.

Estoniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ilk stasionar qurğular Estoniya, Latviya və Rusiya sərhədlərinin kəsişmə nöqtəsindən Luhamaa sərhəd-keçid məntəqəsinədək uzanan quru sərhədinin üç hissəsində yerləşdirilib.

Stasionar sistemlərlə yanaşı, sərhəd xidməti qoşqular üzərində quraşdırılmış mobil radiolokasiya komplekslərini də istismara verib. Bu sistemlər sürətlə köçürülə bilir və stasionar müşahidə infrastrukturunun olmadığı, əlçatmaz ərazilərdə istifadə oluna bilər.

Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar bildirib ki, mobil radarlar həm quruda, həm də havada olan təhdidləri, o cümlədən pilotsuz uçuş aparatlarını aşkarlaya bilir.

Mobil radiolokasiya sistemlərinin dəyəri təxminən 1,3 milyon avro təşkil edib. Pilotsuz uçuş aparatlarının aşkarlanması şəbəkəsinin yaradılmasının birinci mərhələsi isə əlavə olaraq təxminən 300 min avroya başa gəlib.

Hakimiyyət orqanları şərq sərhədində müşahidə və monitorinq infrastrukturunun yaradılmasını gələn il tam başa çatdırmağı planlaşdırırlar.

Estoniyanın daxili işlər naziri İqor Taro bildirib ki, sistemin yerləşdirilməsi uzunmüddətli hazırlıq işlərinin nəticəsidir. Onun sözlərinə görə, pilotsuz uçuş aparatları ilə bağlı son insidentlər mövcud risk qiymətləndirmələrinin düzgünlüyünü təsdiqləyib.

Hazırda sərhədin növbəti hissələri üçün avadanlıqların satın alınması davam edir. Nazirliyin məlumatına görə, tikinti işləri qrafikə uyğun və hətta bəzi hallarda onu qabaqlayan tempdə aparılır. Koidula ilə Saatse arasındakı hissədə podratçı işləri cari ilin sonunadək başa çatdırmağı planlaşdırır.

Hakimiyyət orqanları pilotsuz uçuş aparatlarının aşkarlanması sisteminin sərhədyanı ərazilərdən kənarda da genişləndirilməsi imkanını nəzərdən keçirirlər. Gələcəkdə iri şəhərlərin və həyati əhəmiyyətli infrastruktur obyektlərinin də bu vasitələrlə təchiz olunması planlaşdırılır. Taronun sözlərinə görə, son məqsəd yalnız şərq sərhədi boyunca deyil, Estoniyanın bütün ərazisində pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarının yaradılmasıdır.

Layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Rusiya   PUA  


Bizi "telegram"da izləyin