Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Şənbə günü dərc olunan hökumət qərarında qeyd olunub ki, Belarus üçün sığorta ödənişinin tətbiqi üzrə keçid dövrü 2026-cı il oktyabrın 1-dək davam edəcək.
Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenkonun aparatında bildirilib ki, keçid dövrünün müəyyənləşdirilməsi qərarı yeni qaydaların idxalçılar üçün daha rahat şəkildə tətbiq olunması məqsədilə qəbul edilib.
Qurumun məlumatına görə, sığorta ödənişinin tətbiqinin təxirə salınması məsələsi Qriqorenkonun biznes nümayəndələri və aidiyyəti qurumlarla, Maliyyə Nazirliyi, Federal Vergi Xidməti və Federal Gömrük Xidməti ilə keçirdiyi müşavirədə müzakirə olunub.
Görüşdə həmçinin aprel ayından etibarən həyata keçirilən sistem sınaqlarının nəticələri yekunlaşdırılıb. Müzakirələrdə iri biznes qurumlarının və sahibkar birliklərinin nümayəndələri iştirak ediblər.
Qriqorenkonun aparatında bildirilib ki, bu müddət ərzində sistem vasitəsilə qarşıdakı tədarüklərlə bağlı 6,5 mindən çox sənəd təqdim olunub.
Biznes dairələrindən daxil olan rəylər nəzərə alınaraq sistem təkmilləşdirilib. Məsələn, mühasibat sistemlərindən məlumatların avtomatik yüklənməsi funksiyası tətbiq olunub. Bundan başqa, API vasitəsilə məlumat mübadiləsi imkanları da hazırlanır.
Xatırladaq ki, 2026-cı il iyunun 1-dən Rusiya idxalçıları üçün Avrasiya İqtisadi Birliyi ölkələrindən, yəni Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan avtomobil nəqliyyatı ilə malların gətirilməsi üzrə yeni qaydalar qüvvəyə minir.
SPOT sistemi çərçivəsində Rusiyaya mal idxal etmək istəyən idxalçı xüsusi QR kod əldə etməlidir. Bunun üçün sərhədi keçməzdən iki gün əvvəl alıcı, daşıyıcı və təchizatçı barədə məlumatları göstərməklə gələcək tədarükə dair elektron sənəd tərtib edilməlidir.
Keçid dövrü başa çatdıqdan sonra isə idxal zamanı ödənilməli olan dolayı vergilərdən, ƏDV və aksiz məbləğindən az olmayan sığorta ödənişi həyata keçirilməlidir.
Bəzi hallarda sığorta ödənişi tələb olunmur. Buraya iri vergiödəyicilər, vergi monitorinqi altında olan şirkətlər, səlahiyyətli iqtisadi operatorlar reyestrində qeydiyyatda olan subyektlər, vergidən azad malların idxalçıları, azad iqtisadi zonaların rezidentləri, Avrasiya İqtisadi Birliyi ölkələri arasında Rusiya ərazisindən tranzit daşıma həyata keçirənlər və lizinq obyektləri idxal edənlər daxildir.
Alpər Mövludoğlu
Ordu.az