Sabiq erməni XİN rəhbəri: “Bu dalan yanlış və hesablanmamış qərarların nəticəsidir”

2026/05/1780149200.jpg
Oxunub: 488     17:48     30 May 2026    
“AİB sammitində dörd ölkə rəhbərinin qəbul etdiyi bəyanat ciddi və narahatedici siqnaldır, hətta müəyyən mənada ultimatum xarakteri daşıyır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri, “Çiçəklənən Ermənistan” Partiyasından deputatlığa namizəd Ara Ayvazyan bildirib.

“Əlbəttə, dünən Avrasiya İqtisadi Birliyi sammitində baş verənlər nə qədər narahatedici olsa da, gözlənilməz deyildi və əvvəlcədən gözlənilən hadisə idi”, - deyə sabiq nazir bildirib.

O qeyd edib ki, müxalifət bu barədə əvvəlcədən xəbərdarlıq etmişdi.

Ayvazyan xatırladıb ki, aprelin 1-də Ermənistan və Rusiya liderlərinin görüşü keçirilib və həmin görüşdə kifayət qədər ətraflı müzakirələr aparılıb.

Onun sözlərinə görə, bundan sonra Rusiya prezidentinin daha sərt bəyanatı səslənib.

“Mən həmin bəyanatı Rusiyanın icazə verilən çərçivələri müəyyən etməsi və çəkindirmə siyasəti yürütmək əzmini nümayiş etdirməsi kimi qiymətləndirdim. O, hansı alətlərlə hərəkət edə biləcəyini göstərdi”, - deyə Ayvazyan bildirib.

Sabiq erməni nazir qeyd edib ki, rəsmi İrəvanın davranışından görünür ki, Ermənistan rəhbərliyi bu siqnalları kifayət qədər ciddi qəbul etməyib.

“Xatırlayırsınızsa, cəmi bir neçə gün əvvəl baş nazir qazın qiymətinə yenidən baxılmasının mümkün olmadığını, bu cür problemlərin əvvəllər də yaşandığını və Ermənistanın onları aradan qaldırdığını deyirdi. Ancaq bu dəfə vəziyyət əvvəlkilərlə müqayisədə daha ciddi görünür. Təəssüf ki, biz belə bir vəziyyətə düşmüşük”, - deyə diplomat əlavə edib.

Ayvazyanın sözlərinə görə, Rusiya və Avrasiya İqtisadi Birliyi Ermənistanın əsas tərəfdaşlarıdır.

O bildirib ki, bunu sammit zamanı səsləndirilən iqtisadi göstəricilər və rəqəmlər də təsdiqləyir.

“İqtisadiyyatı siyasətdən ayırmaq mümkün deyil. Ölkə strateji tərəfdaşlarının etimadını itirməməlidir. Bu tərəfdaşlığa zərər verən ritorikadan istifadə edib eyni zamanda bunun iqtisadiyyata təsir etməyəcəyini düşünmək olmaz”, - deyə o vurğulayıb.

Ayvazyan bildirib ki, dörd ölkə liderinin bəyanatı həm rəsmi İrəvana, həm də Ermənistan cəmiyyətinə ünvanlanmış müəyyən ultimatum xarakteri daşıyır.

“Bu, həm də “biz siyasətlə məşğul olmuruq” deyən insanlara ünvanlanmış ultimatumdur. Vəziyyət göstərdi ki, avantürist, hesablanmamış və çox vaxt emosiyalar üzərində qurulan xarici siyasət hətta siyasətlə məşğul olmaq istəməyən insanlar üçün belə geri dönməz və ya son dərəcə ağrılı nəticələr doğura bilər”, - deyə o bildirib.

Sabiq erməni nazir əlavə edib ki, əsas problem alternativ bazar platformalarının olmadığı şəraitdə bu cür hesablanmamış addımların daha təhlükəli olmasıdır.

O vurğulayıb ki, Qərb Ermənistana gözəl ifadələrdən, bəyanatlardan və nəticə verməyən səfərlərdən başqa heç nə təklif etmir.

Ayvazyanın fikrincə, mövcud hakimiyyətin xarici siyasəti Ermənistanın müxtəlif güc mərkəzlərindən asılı olmaqla öz təhlükəsizliyini və suverenliyini təmin edə biləcəyi ideyasına əsaslanıb.

“Nəticədə elə bir vəziyyət yaranıb ki, Ermənistan başqalarının maraqlarına xidmət edir və öz milli maraqlarını unudur. Təbii olaraq bu da Ermənistanı qarşıdurma içində olan geosiyasi maraqların toqquşma mərkəzinə çevirir. Görürük ki, hər bir güc mərkəzi vəziyyətdən istifadə edir və Ermənistana öz şərtlərini diktə edir. İndi isə artıq elə bir vəziyyətə gəlib çatmışıq ki, sanki dalana dirənmişik”, - deyə Ayvazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ayvazyan  


Bizi "telegram"da izləyin