Böhranın mərkəzində İranın nüvə proqramı və Vaşinqtonun onu güc yolu ilə məhv etməyə, gizli təzyiqlə məhdudlaşdırmağa, yoxsa Tehranın yenidən danışıqlar masasına qayıtmasına məcbur etməyə çalışacağı sualı dayanır. Trampın qarşılaşdığı risk ABŞ-ni nəzarət edilməsi çətin və daxildə geniş şəkildə qeyri-populyar olacaq regional müharibəyə daha da dərin cəlb etməkdir.
Variantlardan biri İranın nüvə və hərbi infrastrukturuna qarşı bombardman kampaniyasını gücləndirmək, əlavə zənginləşdirmə obyektlərinə, raket bazalarına və İnqilab Keşikçiləri Korpusunun mövqelərinə zərbələri genişləndirməkdir. Məqsəd Tehranın nüvə proqramını daha da zəiflətmək və zədələnmiş imkanlarını bərpa etməsinin qarşısını almaqdır.
Daha dramatik eskalasiya isə ABŞ quru qoşunlarının istifadəsi ola bilər. Yayılan məlumatlara görə, Tramp məhdud missiyalar üçün ABŞ qüvvələrinin İrana göndərilməsinə ciddi maraq göstərib. Bu missiyalar nüvə materiallarının və ya əsas obyektlərin təmin edilməsi kimi vəzifələri əhatə edə bilər. Lakin “məhdud” yerləşdirmə belə ABŞ-ni sürətlə daha geniş müharibəyə cəlb edə bilər.
Açıq münaqişədən kənarda Vaşinqton kibermüharibə, sabotaj və gizli əməliyyatlar vasitəsilə İranın nüvə proqramını ləngitmək üçün yeni hava zərbələrinə əl atmadan kölgə müharibəsini gücləndirə bilər.
Diplomatiya da başqa bir ehtimal olaraq qalır. Tramp hesab edir ki, davamlı hərbi və iqtisadi təzyiq İranı yeni nüvə sazişi üzrə danışıqlara məcbur edə bilər.
Ən geniş və eyni zamanda ən qeyri-müəyyən nəticə isə Tehranda rejim dəyişikliyi ola bilər.
Hazırda Trampın qarşısında duran beş ssenari bunlardır:
1. Bombardman kampaniyasını gücləndirmək
Variantlardan biri İranın nüvə və hərbi infrastrukturuna qarşı bombardman kampaniyasını genişləndirmək, Tehranın nüvə silahı hazırlamaq imkanlarını daha da zəiflətməyə çalışmaqdır.
Həftəsonu raket zərbələri İsfahanda şüalanma sterilizasiya obyektinə “ciddi ziyan” vurub. Bu barədə İranın dövlətə yaxın ISNA xəbər agentliyi məlumat yayıb.
ABŞ artıq bir dəfə bu həddi keçib. Keçən ilin iyun ayında ABŞ qüvvələri Fordo, Natanz və İsfahandakı əsas nüvə obyektlərinə B-2 stels bombardmançı təyyarələri ilə zərbələr endirib. Bu təyyarələr güclü bunkerdağıdan bombalarla silahlanmışdı, həmçinin sualtı qayıqdan buraxılan “Tomahawk” qanadlı raketlərdən istifadə olunub. “Midnight Hammer” adlı əməliyyat İranın nüvə proqramına qarşı həyata keçirilmiş ən böyük və ən mürəkkəb zərbələr olub.
Bu hücumların məqsədi İranın uran zənginləşdirmə imkanlarını iflic etmək idi. Lakin obyektlər ciddi zərər görsə də, proqram tam məhv edilməyib və ehtimal olunur ki, zənginləşdirilmiş uranın bir hissəsi bombalanmış obyektlərin dağıntıları altında qalır.
2. ABŞ quru qoşunlarını göndərmək
Digər, daha dramatik variant ABŞ quru qoşunlarının İrana göndərilməsi ola bilər. İndiyədək ABŞ əsasən hava zərbələri və dəniz gücünə arxalanıb, lakin bəzi rəsmilər hesab edir ki, nüvə proqramının bəzi hissələrini təmin etmək və ya məhv etmək üçün yerüstü qüvvələr lazım ola bilər.
“NBC News”un məlumatına görə, Donald Tramp məhdud sayda ABŞ qüvvələrinin konkret missiyalar üçün yerləşdirilməsinə ciddi maraq göstərib. Bu missiyalar nüvə materiallarının qorunması, zədələnmiş zənginləşdirmə obyektlərinə nəzarətin ələ keçirilməsi və ya İranın zənginləşdirilmiş uran ehtiyatlarını köçürməsinin qarşısının alınmasını əhatə edə bilər.
Bu yanaşmanın tərəfdarları bildirirlər ki, yerüstü qüvvələr ABŞ-yə həssas obyektlər üzərində fiziki nəzarəti təmin etməyə imkan verəcək. Lakin risklər çox böyükdür. İran İraqdan xeyli böyükdür və güclü ordusu var.
Ağ Evin mətbuat katibi Karolin Livitt “NBC News”un məlumatına cavab olaraq bildirib: “Prezident Tramp həmişə bütün variantları açıq saxlayır, lakin onun hansısa konkret variantı dəstəklədiyini iddia edənlər qərar qəbul edənlər sırasında deyil”.
3. Kölgə müharibəsi və kiber əməliyyatlar
Trampın başqa bir seçimi İran əleyhinə kölgə müharibəsini kiber əməliyyatlar və gizli fəaliyyətlər vasitəsilə genişləndirməkdir. Açıq hərbi zərbələr əvəzinə ABŞ haker hücumları, sabotaj və kəşfiyyat əməliyyatları ilə İranın nüvə proqramını ləngitməyə çalışa bilər.
Kiberhücumlar nüvə obyektlərini, hərbi rabitə sistemlərini və ya enerji infrastrukturunu hədəf ala bilər. Bu, İranın uran zənginləşdirmə və müdafiəni koordinasiya etmə qabiliyyətini poza bilər. Gizli əməliyyatlar isə avadanlıqların sıradan çıxarılması və ya təchizat zəncirlərinə müdaxiləni hədəfləyə bilər. Bu yanaşma əvvəllər də istifadə olunub.
2010-cu ildə ABŞ və İsrail tərəfindən hazırlandığı güman edilən “Stuxnet” kiber silahı Natanzdakı zənginləşdirmə obyektində İran sentrifuqalarını gizli şəkildə sıradan çıxarıb, yüzlərlə avadanlığa zərər vurub və proqramı geri salıb.
Mövcud şəraitdə bu variant daha az riskli olsa da, eyni zamanda daha az effektiv hesab olunur.
4. Zəiflədilmiş İranla razılaşma əldə etmək
Digər mümkün yol diplomatiyadır. Müharibənin kəskinləşməsindən cəmi bir neçə həftə əvvəl ABŞ və İran yanvar və fevral aylarında Oman və Cenevrədə dolayı nüvə danışıqları aparırdı. Bu, hərbi qarşıdurmanın qarşısını almaq üçün son şans kimi qiymətləndirilirdi.
Həmin vaxt Tehran danışıqlara daha güclü mövqedən daxil olmuş, uran zənginləşdirmə hüququnu qorumaqda israr etmiş və geniş sanksiya güzəştləri tələb etmişdi. Danışıqlar razılaşma olmadan başa çatdı və gərginlik qalmaqda davam etdi.
İndi isə balans dəyişmiş ola bilər. Güclü hərbi zərbələr və nüvə infrastrukturuna vurulan əlavə ziyan İranı əvvəlki danışıqlarla müqayisədə daha zəif vəziyyətə salıb. Sanksiyalar və iqtisadi böhran da ölkə daxilində təzyiqi artırıb.
Bu isə, əgər Tehran müharibəni davam etdirməkdənsə danışıqlara qayıtmağı üstün tutarsa, Vaşinqtona daha sərt məhdudiyyətlər, daha sıx yoxlamalar və İranın raket proqramına məhdudiyyətlər tətbiq etmək üçün leverage verə bilər.
5. Rejim dəyişikliyinə məcbur etmək
Ən qeyri-müəyyən variant isə İran daxilində xalq üsyanını təşviq edərək rejim dəyişikliyinə nail olmaqdır. Bu strategiya yalnız hərbi zərbələrə deyil, ölkədaxili təzyiqin artırılmasına əsaslanır.
İran artıq bu il ciddi iğtişaşlarla üzləşib. Yanvar ayında bir neçə şəhərdə kütləvi etirazlar baş verib. Bu etirazlar iqtisadi çətinliklər və hökumətə qarşı narazılıq fonunda yaranıb. Təhlükəsizlik qüvvələri sərt müdaxilə edib və minlərlə insan həyatını itirib.
Bu yanaşmanın tərəfdarları hesab edir ki, müharibə, sanksiyalar və iqtisadi çətinliklər narazılığı yenidən alovlandıra bilər. ABŞ informasiya kampaniyaları, müxalif səslərə dəstək və senzuranın aşılması vasitəsilə daxili təzyiqi artırmağa çalışa bilər.
Lakin nəticə qeyri-müəyyəndir. Hakimiyyəti əvəz edəcək vahid lider yoxdur və İran rəhbərliyi hakimiyyətdə qalmaq üçün gücdən istifadə etməyə hazır olduğunu dəfələrlə göstərib. Hətta geniş etirazlar belə rejimi devirmək üçün kifayət etməyə bilər.
Bu arada, İraqın şimalında minlərlə kürd döyüşçü ABŞ-nin dəstəyi ilə İrana qarşı mümkün sərhəd əməliyyatına hazırlaşır. Kürd rəsmilər “Associated Press” agentliyinə bildiriblər ki, Tramp ötən həftə İraqdakı iki əsas kürd partiyasının rəhbərləri ilə bu məsələni müzakirə edib.
Bu döyüşçülər uzun müddətdir Tehrana qarşı çıxan müxalif qruplara məxsusdur və İran sərhədi yaxınlığında bazalara malikdir. Kürdlərin iştirakı yeni cəbhə aça və İranın müdafiəsini ciddi şəkildə sınağa çəkə bilər, lakin bu, eyni zamanda İraqın münaqişəyə daha dərindən cəlb olunması riskini artırır.
Təxminən doqquz milyon kürd İranın qərbində, İraq və Türkiyə sərhədləri boyunca yaşayır və həm İran İslam Respublikası, həm də ondan əvvəlki monarxiyaya qarşı uzunmüddətli üsyan tarixinə malikdir. Bir neçə kürd qruplaşması əvvəllər onları tərksilah etmək cəhdlərinə baxmayaraq, İraqdakı bazalardan fəaliyyət göstərib.
Trampın dilemması
Tramp hansı yolu seçməsindən asılı olmayaraq, əsas təhlükə hadisələrin Vaşinqtonun nəzarətindən çıxmasıdır. Hava zərbələrinin genişləndirilməsi və ya quru qoşunlarının göndərilməsi İranın və onun regional müttəfiqlərinin daha sərt cavab verməsinə səbəb ola bilər və bu da daha çox ölkəni münaqişəyə cəlb edə bilər. Hətta diplomatiya belə risklidir, danışıqlar uğursuz olarsa, gərginlik yenidən artacaq.
Yaxın Şərq artıq gərgindir. ABŞ bazaları, mühüm dəniz yolları və əsas müttəfiqlər İran raketlərinin və ona bağlı qüvvələrin təsir dairəsindədir. Ağ Evin qarşısında duran əsas vəzifə aydındır: İranın nüvə ambisiyalarını dayandırmaq, lakin daha geniş və uzunmüddətli müharibəyə səbəb olmamaq.
Dəyanət Ağalarlı
Ordu.az