ABŞ-nin bahalı müdafiə sistemləri və Ukraynanın ucuz alternativi: İranda yeni balans formalaşır? (FOTOLAR)

2026/03/1773417858.jpg
Oxunub: 871     21:21     13 Mart 2026    
ABŞ-İsrailin Tehrana qarşı müharibəsi zamanı Yaxın Şərq ölkələri İranın infrastruktura və ABŞ-nin hərbi aktivlərinə yönəlmiş zərbələrinin qarşısını almağa çalışarkən, Ukrayna İordaniyaya önləyici PUA-lar və hərbi personal göndərib.

Prezident Volodimir Zelenski cümə günü Ukrayna qrupunun ABŞ-nin “Muwaffaq Salti” aviabazasında hərbi aktivləri olan İordaniyaya yola düşdüyünü təsdiqləyib.

Bu addım Vaşinqtonun Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri boyunca İsrail və ABŞ-nin müdafiə aktivlərini, eləcə də digər infrastrukturu hədəf alan İran raketlərini önləmək üçün daha ucuz texnologiya axtardığı bir vaxtda, Zelenskinin sözlərinə görə, ABŞ-nin cümə axşamı etdiyi müraciətdən sonra atılıb.

Hazırda ABŞ bölgədəki hərbi aktivlərini hədəf alan İran PUA-ları və raketlərini önləmək üçün “Patriot” raketləri, THAAD batareyaları və AWACS təyyarələri kimi hava hücumundan müdafiə sistemlərindən istifadə edir.

Lakin bu tip sistemlər bahalıdır, atılan hər bir önləyici raket milyonlarla dollara başa gəlir və ABŞ-nin önləyici raket ehtiyatlarının azala biləcəyi ilə bağlı narahatlıqlar var.

İran Körfəz boyunca ucuz, ölkə daxilində istehsal olunan “Shahed” PUA-larını tətbiq edir və onun ehtiyatda minlərlə belə aparat saxladığı güman olunur. Bunlar Moskvanın Ukraynaya qarşı müharibəsi boyunca Rusiyaya verdiyi eyni PUA-lardır. Uzun müddətdir ABŞ-nin daha inkişaf etmiş müdafiə sistemlərini istəyən Kiyev Rusiyanın PUA sürüsü hücumlarına qarşı daha ucuz önləyici PUA-ların kütləvi istehsalı üçün texnologiya hazırlayıb.

“Ukraynalılar artıq illərdir ki, “Shahed” PUA-larına qarşı mübarizə aparırlar və hamı anlayır ki, dünyada heç bir başqa ölkənin bu cür təcrübəsi yoxdur. Biz kömək etməyə hazırıq”, - deyə Zelenski cümə axşamı X-də yazıb və əlavə edib ki, Ukrayna bunun müqabilində “Patriot” sistemi kimi ABŞ-nin inkişaf etmiş müdafiə sistemlərini istəyib.

Zelenski bazar ertəsi X-də paylaşımında təsdiqləyib ki, ABŞ, Körfəz və Avropa ölkələri daxil olmaqla 11 ölkə Kiyevdən yardım istəyib və bəzi müraciətlər “artıq konkret qərarlar və konkret dəstəklə qarşılanıb”.

Budur, ABŞ və Körfəz ölkələrinin tətbiq etmək istədiyi Ukrayna PUA-ları barədə bildiklərimiz.


Tələb olunan Ukrayna önləyici PUA-ları barədə nə məlumdur?

Ukrayna Rusiya-Ukrayna müharibəsi ərzində İranın “Shahed” tipli PUA-larına qarşı minlərlə aşağı qiymətli önləyici PUA istehsal edib.

ABŞ-nin “Patriot” raketdən müdafiə sistemləri kimi yüksək səviyyəli silahları müttəfiqlərindən kifayət qədər ala bilmədikdən sonra Kiyev 2025-ci ildə yenilik etməyə məcbur oldu. İndi isə o, dünyanın aparıcı “Shahed qatilləri” istehsalçılarından birinə çevrilib.

Ucuz, lakin güclü bu PUA-lar hədəflərinə çatmamış Rusiya kamikadze PUA-larını vurmaq üçün hazırlanıb. Onlar pilotlar tərəfindən monitorda izlənilərək və ya birinci şəxs baxış bucaqlı FPV eynəkləri taxılaraq idarə olunur. Hər birinin qiyməti təxminən 1.000-2.000 dollardır, bu isə yüksək texnologiyalı ABŞ önləyicisinin istehsalına, daşınmasına və atılmasına sərf olunan bir neçə milyon dolların çox kiçik hissəsidir.

Ukraynalı istehsalçılar onlardan ayda minlərlə ədəd istehsal edirlər.

Analitiklər bildiriblər ki, bu PUA-lar müxtəlif hücumlara qarşı istifadə oluna bilər, lakin ballistik raketləri önləyə bilmir. Hələlik onların tətbiqi üçün döyüş zonasına yaxın yerləşdirilmiş təlim keçmiş pilotlar tələb olunur, habelə istehsalçılar hazırda avtomatlaşdırılmış modellər də hazırlayırlar.

Ukraynada hazırlanmış bir neçə model var:

“The Sting”: Bu kvadrokopter mərmi formasındadır və təxminən böyük bir termos ölçüsündədir. O, önləyicilər arasında ən sürətlisidir, saatda 315-343 kilometr sürətə çata bilir və 3.000 metr hündürlükdə uça bilir. Hədəfi vurmaq üçün termal görüntüləmə kameralarına əsaslanır və hədəf tapa bilmədikdə bazaya qayıdır. Onun günbəz formalı baş hissəsində kamera sistemi və partlayıcı yük yerləşir. Ukraynanın “Wild Hornets” startapı tərəfindən istehsal olunur.

“Bullet”: 2025-ci ilin sonlarında Ukraynanın silah istehsalçısı “General Cherry” tərəfindən hazırlanmış bu yüksək sürətli önləyici reaktiv mühərrik və dörd rotorla hərəkət edir. O, 3D printerdə çap oluna bilir və hədəfləri tapmaq üçün süni zəka dəstəyi ilə istiqamətləndirmədən istifadə edir. Bildirilir ki, saatda 130-309 kilometr sürətlə hərəkət edə və 5.500 metrədək hündürlükdə uça bilir.

“P1-Sun”: “Skyfall” silah şirkəti tərəfindən istehsal olunan 3D çaplı bu aparat saatda 300 kilometrədək sürətlə uça bilir. Görünüşcə “The Sting”ə bənzəyir.

“Octopus 100”: Bu önləyici Ukraynada hazırlanıb, lakin Böyük Britaniyada kütləvi istehsal olunur. Onun texniki xüsusiyyətləri aydın deyil.

“ODIN Win_Hit”: Digər mərmi formalı PUA qısamüddətli, yüksək intensivlikli missiyalar üçün hazırlanıb. Onun maksimal sürəti saatda 280-300 kilometrdir və bir dəfəlik yeddi-on dəqiqə ərzində 5.000 metrədək uça bilir. Ukraynanın müdafiə şirkəti ODIN tərəfindən hazırlanıb.


İranın “Shahed”i necə fəaliyyət göstərir?

Rusiya Ukraynaya İran dizaynlı minlərlə “Shahed” PUA-sı buraxıb və bunun nəticəsində yüzlərlə, hətta minlərlə insan ölüb, infrastruktur isə ağır zərər görüb. Getdikcə daha çox halda isə onların qarşısı Ukrayna tərəfindən alınır.

“New York Times”ın təhlili göstərib ki, Rusiya fevral ayında Ukraynaya təxminən 5.000 PUA göndərib və Ukrayna onların 87 faizini vurub.

Uzun müddətdir Moskvaya silah tədarük edən İran ABŞ və İsrailin ağır bombardmanı ilə üzləşdiyi bir vaxtda qonşularına qarşı zərbələrində də eyni modellərdən istifadə edib. “Times”ın məlumatına görə, ötən həftə bir PUA Küveytə düşərək ABŞ hərbçilərinin altı üzvünün ölümünə səbəb olub.

Hər biri təxminən 20.000-33.000 dollara başa gələn bu GPS-lə idarə olunan PUA-ların uzunluğu təxminən 3,5 metrdir. Onlar proqramlaşdırılmış hədəflərə dəydikdə partlamaq üçün avtomatlaşdırılmış, partlayıcı yüklə təchiz edilmiş gəzən sursat və özünü məhv edən vasitələrdir.

Güman olunur ki, Moskva İran dizaynına öz elementlərini əlavə edib və indi bu kamikadze modellərindən minlərlə ədəd kütləvi istehsal edir. Zelenski bazar ertəsi X-də paylaşımında iddia edib ki, İranın Körfəz qonşularına qarşı istifadə etdiyi “Shahed”lərin qalıqlarında “Rusiya komponentləri” var.


ABŞ və Körfəz ölkələri İran raketlərinə qarşı nədən istifadə ediblər?

ABŞ İran raketlərini önləmək üçün Körfəz ölkələrinə bahalı müdafiə sistemləri ilə dəstək verir. Bunlara daxildir:

“Patriot” raket sistemləri: ABŞ-nin müdafiə podratçısı “Lockheed Martin” tərəfindən istehsal olunan “Patriot Advanced Capability-2” (PAC-2) və PAC-3 təyyarələri, qanadlı raketləri və qısamənzilli ballistik raketləri önləyə bilən inkişaf etmiş yer-hava raketdən müdafiə sistemləridir. Ukrayna dəfələrlə ABŞ-dən daha çox “Patriot” batareyası istəyib. Bu batareyalar səkkiz buraxılış qurğusundan ibarət yük maşınına quraşdırılmış buraxılış sistemi, hər birində dördədək önləyici raket yerləşdirilə bilən qurğular, yerüstü radar, idarəetmə məntəqəsi və generatoru əhatə edir. Hər bir “Patriot” raketi təxminən 4 milyon dollara, buraxıcı qurğular isə təxminən 10 milyon dollara başa gəlir. Sistemin işlədilməsi üçün təxminən 90 nəfər personal tələb olunur. Bunlar məhdud saydadır, çünki “Lockheed Martin” 2025-ci ildə rekord sayda (ən çox “Patriot” raketi olmaqla) 620 PAC-3 MSE önləyicisi təhvil verib. Zelenski bildirib ki, ABŞ və onun Yaxın Şərqdəki tərəfdaşları artıq bunlardan 800-nü istifadə edib, halbuki Ukraynaya dörd il ərzində 600 ədəd verilib.


THAAD raketdən müdafiə sistemi: Yenə “Lockheed Martin” tərəfindən hazırlanmış THAAD qısa, orta və aralıq mənzilli ballistik raketlərə qarşı radar və önləyicilərin kombinasiyasından istifadə edir və yüksək hündürlüklərdə fəaliyyət göstərə bilir. Bir THAAD batareyası altı yük maşınına quraşdırılmış buraxılış qurğusu, 48 önləyici (hər qurğu üçün səkkiz ədəd) bir radar sistemi və atəşə nəzarət və rabitə komponentindən ibarətdir və 95 nəfər personal tələb edir. Hər batareyanın istehsalı təxminən 1 milyarddan 1,8 milyard dollara başa gəlir.


AWACS təyyarələri: Bu təyyarələr 400 kilometrədək məsafədən raketləri və uzaqmənzilli mərmiləri aşkar etmək üçün nəzərdə tutulmuş erkən xəbərdarlıq radar sisteminin bir hissəsidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   İran  


Bizi "telegram"da izləyin