Türkiyənin bayraq daşıyıcı zərbə PUA-sı: “Bayraktar TB2”

2024/03/A_263-1709967087.jpg
Oxunub: 1268     12:28     25 Mart 2024    
Türkiyə müdafiə sənayesinin məhsulu olan “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) dünyanın ən çox ölkəsinə satılan zərbə PUA-sı olaraq bu sahədə Türkiyənin bayraq daşıyıcısı halına gəlib.

“Baykar” tərəfindən “Bayraktar TB2” üçün taktiki PUA layihəsinin inkişafı və istehsalı prosesi 2012-ci ildə başlayıb. İlk tam avtomatik uçuş sınağını 2014-cü ildə həyata keçirən “Bayraktar TB2” eyni ildə inventara daxil olub. 2015-ci ildə ilk 1000 uçuş saatını heç bir zərər görmədən tamamlayan “Bayraktar TB2” ilk atış sınağını idarə olunmayan sursatla həyata keçirib.

2018-ci ildə Qətərdə ilk ixrac uğurunu əldə edən “Bayraktar TB2” üçün indiyədək 33 ölkə ilə müqavilə imzalanıb. Dünyanın bir çox fərqli yerində rast gəlinən səhra istisi, dondurucu soyuq, qar və fırtına kimi bütün mənfi hava şəraitində fəaliyyət göstərən “Bayraktar TB2” NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrin inventarına daxil olub.

“Bayraktar TB2”nin ixrac uğurları “Baykar” İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktarın 2021 və 2022-ci illərdə Türkiyənin ən çox vergi ödəyicisi olmasını təmin edib. Sözügedən illərdə ən çox vergi ödəyən ikinci şəxs isə “Baykar” baş direktoru Haluk Bayraktar olub. Bu günə qədər 750 min uçuş saatını keçən “Bayraktar TB2” 27 min 30 futla öz sinfində Türkiyə yüksəklik rekordunu qırıb.

“Bayraktar TB2” bu uçuş müddəti ilə ən uzun müddət missiya icra edən milli hava vasitəsi ünvanına sahibdir. “Bayraktar TB2” 2019-cu il iyulun 16-da Küveytdə 27 saat 3 dəqiqə fasiləsiz uçuşla daha bir rekord qırıb. 93 faizlik yerli sənaye payına sahib olan milli PUA üzərinə inteqrasiya olunmuş bir çox avadanlığın yerli, milli olaraq istehsalında və ixrac uğurunun qazanılmasında da həvəsləndirici olub.

Texnoloji avadanlıq

“Bayraktar TB2” üstün xüsusiyyətləri ilə istifadəçilərinə əhəmiyyətli üstünlüklər təmin edir. Tam avtomatik uçuş idarəetməsi və 3 ehtiyatlı avtopilot sisteminə malik olan “Bayraktar TB2” yerüstü sistemlərdən asılı olmadan tam avtomatik enmə və qalxma, GPS-dən asılı olmadan daxili sensor birləşməsi ilə naviqasiya xüsusiyyətləri ilə işləyir.

“Bayraktar TB2”nin xüsusiyyətləri arasında tam avtomatik naviqasiya və marşrut izləmə, daxili sensor birləşməsi dəstəyi ilə dəqiq avtomatik qalxma və enmə, tam avtomatik taksi və parklama xüsusiyyəti, yarımavtonom uçuş rejimləri dəstəyi, nasazlığa dözümlü və 3 yedəkli sensor birləşməsi tətbiqi, çarpaz yedəkli yerüstü idarəetmə stansiyası sistemi, yerli yedəkli servo ötürücü bölmələri, yerli yedəkli litium əsaslı batareya bölmələri yer alır.

300 kilometr rabitə mənzilinə sahib olan “Bayraktar TB2”də peyk əlaqəsi variantı da var. 4 ədədə qədər lazerlə idarə olunan ağıllı sursatla işləyə bilən “Bayraktar TB2” 150 kiloqramlıq faydalı yük daşıya bilir.

Milli sursat və raketlərdən güc alır

Bu günə qədər MAM-L, MAM-C, “Bozok” sursatları və “Kemankeş” Mini Ağıllı Qanadlı Raketi “Bayraktar TB2”yə atəş gücü təmin etmək üçün inteqrasiya edilib. Ölkə daxilində və xaricdə müxtəlif əməliyyatlarda müvəffəqiyyətlə xidmət edən “Bayraktar TB2” xüsusilə Liviya, Azərbaycan və Ukraynada istifadəsi ilə dünyanın diqqətini çəkib. “Bayraktar TB2” bu əməliyyatlarda istifadəsi ilə yeni doktrinaların müzakirəsini və döyüş meydanında görünməsini təmin edib.

PUA “Bahar Qalxanı” əməliyyatı çərçivəsində ilk dəfə parklar halında uçub və bir çox zirehli vasitə, haubitsa, Yaylım Atəşli Reaktiv Sistemi (YARS) və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini məhv edib. “Bayraktar TB2” dünyada ilk dəfə olaraq PUA-ların döyüş meydanında əsas element olaraq istifadə edildiyi “Bahar Qalxanı” Əməliyyatına qatılan hava vasitələri tərəfindən yerinə yetirilən bütün uçuşların 80 faizini həyata keçirib.

Suriyanın İdlib bölgəsindəki əməliyyat çərçivəsində hər cür Radioelektron Mübarizəyə (REM) baxmayaraq müvəffəqiyyətlə fəaliyyət göstərən “Bayraktar TB2” PUA-ları 2 min saatdan çox uçuş həyata keçirib. “Bayraktar TB2” PUA-larının dünya döyüş tarixində ilk dəfə parklar halında uçaraq, əməliyyatda effektiv xidmət göstərməsi dünya mətbuatında böyük əks-səda doğurub.

Türkiyənin milli PUA-ları Azərbaycanın təxminən 30 ildir davam edən Qarabağ işğalını sonlandırmasında da əhəmiyyətli rol oynayıb. “Bayraktar TB2” hərbi istifadə ilə yanaşı, meşə yanğınları, fəlakətlər və nizamsız miqrasiya ilə mübarizə kimi vəzifələrdə də istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   TB2   Türkiyə   HHQ   PUA  


Bizi "telegram"da izləyin