Türkiyə müdafiə sənayesi təxminən 10 il ərzində 9 milli platformanın ilk uçuşlarını həyata keçirib. Türkiyə son zamanlar müdafiə və aviasiya sənayesindəki təhlükəsizlik qüvvələrinin ehtiyaclarını milli həllərlə qarşılamaq üçün intensiv şəkildə çalışır. Bu səylərdə milli hava platformaları mühüm yer tutur.
Əsas təlim təyyarəsi “Hürkuş” ilə başlayan macəradan pilotlu və pilotsuz uçuş aparatları ilə atılan addımlar milli döyüş təyyarəsi “Kaan” ilə zirvəyə çatdı. Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün də sosial media hesabında bu prosesə diqqət çəkən “Səmaya bir daha bax” mesajı ilə Türkiyə müdafiə səaneysinin son dövrdə ilk uçuşunu həyata keçirdiyi hava vasitələri ilə bağlı video paylaşdı.
Buna görə, əsas təlim təyyarəsi “Hürkuş” ilə Türkiyənin milli hava vasitəsi araşdırmalarında yeni bir səhifə açıldı. Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən hazırlanan “Hürkuş” ilk uçuşunu 2013-cü il avqustun 29-da edib. “Hürkuş” geridə qalan dövr ərzində mühüm imkanlar qazanıb və ixrac uğuru əldə edib.
“Baykar” tərəfindən hazırlanan və ən çox ölkəyə ixrac edilən PUA/zərbə PUA-sı adı ilə şirkəti müdafiə sənayesi çempionluğuna daşıyan “Bayraktar TB2” 2014-cü il aprelin 29-da səma ilə görüşüb. “Bayraktar TB2” ölkə daxilində və xaricdə təhlükəsizlik əməliyyatlarında səmərəli istifadə edildi, bu sahədə xarici asılılığa son qoyuldu.
“Bayraktar TB2” xüsusilə Qarabağ Zəfəri və Ukrayna-Rusiya müharibəsindəki rolları ilə “dünya döyüş tarixində paradiqma dəyişdirən” hava vasitəsi olaraq xarakterizə edildi. Haqqında mahnılar bəstələndiyi “Bayraktar TB2” üçün Ukraynaya dəstək məqsədilə müxtəlif ölkələrdə ianə kampaniyaları təşkil edilib.
Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən 18 ay kimi qısa müddətdə “Anka” platformasının bazası əsasına hazırlanan, yüksək daşıma qabiliyyəti ilə çoxfunksiyalı kəşfiyyat, müşahidə, aşkarlama və hücum missiyalarını fasiləsiz yerinə yetirmək qabiliyyətinə malik olan “Aksungur” ilk dəfə 2019-cu il martın 20-də uçub. “Aksungur” Türkiyədə müxtəlif qüvvələrin inventarına daxil olub və ixrac olunmağa başlayıb.
İxracatın “Akıncı”sı
“Baykar” tərəfindən milli və yerli olaraq inkişaf etdirilən “Bayraktar Akıncı” PUA-sı ilk dəfə 2019-cu il dekabrın 6-da havaya qalxıb. Türkiyə aviasiya tarixində rekordlar qıran və ilk uçuşlara imza atan “Bayraktar Akıncı” PUA-sı ardıcıl ixrac uğurlarına imza atıb. Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının inventarında xidmət edəcək “Bayraktar Akıncı” PUA-sı bu razılaşma nəticəsində Türkiyənin tək səfərdə yerinə yetirilən ən böyük aviasiya ixracatının həyata keçirilməsini təmin etdi.
“Baykar”ın öz resursları ilə milli və yerli olaraq inkişaf etdirdiyi pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” ilk dəfə 2022-ci il dekabrın 14-də səma ilə qarşılaşdı. İnkişaf və istehsal fəaliyyətləri davam edən “Bayraktar Kızılelma”nın bu il kütləvi istehsala başlaması planlaşdırılır. “Bayraktar Kızılelma” hava-yer missiyaları ilə yanaşı Süni Zəka (SZ) qabiliyyəti ilə “hava-hava” döyüşü icra edəcək. “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi aşağı radara görünmə sahəsi sayəsində aşağı görünmə qabiliyyəti ilə Türkiyə üçün güc multiplikatoru olacaq.
Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən hazırlanan “Hürjet” ilk uçuşunu 2023-cü il aprelin 25-də etdi. Uçuş sınaqlarını davam etdirən “Hürjet”in variantları arasında Yüngül Hücum Təyyarəsi, Reaktiv Təlim Təyyarəsi, Aerobatika Komandası Nümayiş Təyyarəsi, Döyüş Hazırlığı Təyyarəsi, “Red Aircraft” və Aviadaşıyıcı Gəmi versiyaları var. 45 min fut yuxarı hündürlük həddinə sahib olan “Hürjet” səsdən 1,4 dəfə sürətlə uçma qabiliyyəti ilə fəaliyyət göstərəcək.
“Baykar”ın səmaya çıxardığı son vasitə olan “Bayraktar TB3” ilk uçuşunu 2023-cü il oktyabrın 27-də edib. “TUSAŞ Motor Sanayi AŞ” (TEI) tərəfindən yerli istehsal edilən PD-170 mühərriki ilə havaya qalxan “Bayraktar TB3” zərbə PUA-sı qatlana bilən qanad quruluşu ilə TCG “Anadolu” kimi qısa uçuş-enmə zolaqlı gəmilərindən qalxma və enmə qabiliyyətinə sahib PUA olacaq.
Milli istedadlar “Kaan”ı nəhayət səmaya qaldırdılar
Türkiyə Aviasiya və Kosmos sənayesi tərəfindən hazırlanan pilotsuz döyüş təyyarəsi “Anka III” ilk dəfə 2023-cü il dekabrın 28-də səmaya qalxdı. Türkiyənin ilk şaquli quyruqsuz turbofan mühərrikli PUA-sı olan “Anka III” üçün inkişaf səyləri davam edir. Yeni nəsil PUA sistemi olan “Anka III” aşkarlama, müşahidə və kəşfiyyat, müxtəlif “hava-yer” sursatları ilə hücum, “hava-hava” sursatları ilə düşmən helikopterlərini, pərli təyyarələrini və PUA-larını nişan alaraq ov daraması, düşmənin RF yayımı icra edən radar və Hava Hücumundan Müdafiə (HHM) sistemlərini təsirsiz hala gətirmə, hava və quruda dost qüvvələrin mühafizəsi, siqnal və rabitə kəşfiyyatı, Radioelektron Mübarizə (REM), digər dost ünsürlərlə bərabər əməliyyat və rabitə relesi kimi bir çox missiyanı yerinə yetirə biləcək.
Türkiyə Aviasiya və Kosmos Sənayesi tərəfindən həyata keçirilən, Türkiyənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan milli döyüş təyyarəsi “Kaan” ilk uçuşunu 2024-cü il fevralın 21-də həyata keçirib. “Kaan” ilə Türkiyə adını 5-ci nəsil təyyarə istehsal edə biləcək məhdud sayda ölkələr sırasına daxil edəcək. Pilotlarının bir təyyarə kompüteri kimi təsvir etdiyi “Kaan” texnologiyanın təqdim etdiyi ən müasir imkanları ehtiva edəcək.
Yeni nəsil silahlarla “hava-hava” döyüşü, supersəs sürətində daxili silah yuvalarından həssas vuruş həyata keçirə biləcək “Kaan” SZ və neyron şəbəkə dəstəyi ilə artırılmış döyüş gücünü təmin edəcək.
Dəyanət Ağalarlı
Ordu.az