Döyüş gəmilərini “görünməyən təhlükələr”dən qoruyan yerli sistem – KBRN

2023/11/29_21-1699509660.jpg
Oxunub: 28659     13:31     13 Noyabr 2023    
STM tərəfindən hazırlanan KBRN Təsbit və Tanıma Sistemi Türkiyənin hərbi gəmiləri və xarici hərbi gəmi layihələri də daxil olmaqla 10-dan çox platformada missiya icra edir.

“STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” kritik sistemlərdə yerliləşdirmə addımlarını davam etdirir.

Hərbi dənizçilik sahəsində güclü ekosistemi ilə əməkdaşlıq edən STM xaricdən tədarük edilən kritik sistemin Türkiyədə milli imkanlarla istehsalını təmin edib. STM və “MAKEL Teknoloji A.Ş” arasında əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən, suüstü döyüş platformalarında istifadə edilən və gəmiləri kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələrindən qoruyan KBRN TT Sistemi 2014-cü ildə hazırlanmağa başlayıb.

Milli gəmilərdə istifadə edilib, ixrac uğurları gətirib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) töhfələri ilə hazırlanan sistem ilk olaraq 2015-ci ildən etibarən Türkiyənin ilk hərbiləşdirilmiş korvet layihəsi olan MİLGEM “Ada” sinfinə məxsus korvetlərə inteqrasiya edilib. MİLGEM-in 3-cü və 4-cü gəmiləri olan TCG “Burgazada” və TCG “Kınalıada” korvetləri milli KBRN TT sisteminin ilk istifadəçiləri olub. Sistem daha sonra STM-nin əsas podratçılığı altında inşa edilən TCG “Ufuk” Sınaq və Təlim Gəmisinə və Türkiyənin ilk milli freqatı TCG “İstanbul”a uğurla inteqrasiya edilib.

Türkiyə HDQ-yə məxsus TCG “Alemdar” və TCG “Bayraktar” gəmilərində də üstünlük verilən milli KBRN sistemi ixrac uğuru əldə edərək, Pakistan MİLGEM Layihəsinə inteqrasiya edilib, həmçinin STM-nin əsas podratçısı olduğu ixrac layihəsi çərçivəsində 2 korvetdə də istifadə olunacaq.

KBRN təhdidlərinə qarşı yüksək səviyyəli qoruma

Daim inkişaf edən təhlükə olan adi KBRN silahları və zəhərli sənaye təhlükələri döyüş gəmiləri üçün prioritet təhlükələr sırasındadır. Yerli olaraq hazırlanan KBRN Təsbit və Tanıma Sistemi kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükələrini aşkar etməyə imkan verir. Sistem KBRN Təsbit və Tanıma Sistemi Baş Konsolu, Bioloji Qaz Aşkarlama Cihazı, Bioloji Nümunə Alma Cihazı, Radioaktiv Aşkarlama Sensoru, Yarımsəyyar Kimyəvi Müharibə Maddələri və Zəhərli Sənaye Qazını Aşkarlama və Diaqnoz Cihazı olmaqla 5 müxtəlif aparat və orijinal proqram təminatlarından ibarətdir.

Kimyəvi, bioloji və radioaktiv təhlükələrin mövcudluğu barədə sürətli və etibarlı xəbərdarlıq edən sistem gəmi personalına lazımi müdafiə tədbirləri görməyə imkan verir. Sistem ən müasir sensorları ilə təhlükələrə qarşı erkən xəbərdarlıq edir. Hər cür sərt ekoloji şəraitdə 24/7 fəaliyyət göstərən yerli KBRN TT sistemi eyni vaxtda müxtəlif kimyəvi maddələri, bioloji varlıqları və zəhərli sənaye materiallarını aşkar edir.

Maye, bərk və ya qaz halında olan bütün təhdidlərin aşkar edilərək nümunə götürüldüyü sistem geniş aşkarlama diapazonuna və davamlı məlumat qeyd etmə xüsusiyyətlərinə malikdir. KBRN sistemində aşkar edilən təhlükələr sistemin əsas konsolu və gəminin İnteqrasiya Edilmiş Platforma Nəzarət və İzləmə Sistemi (İEPNİS) vasitəsilə izlənilə bilər.

Güleryüz: “Görünməyən təhdidləri yaxalayır”

STM baş direktoru Özgür Güleryüz MİLGEM Layihəsində və xarici ixrac layihələrində bir çox kritik sistemin yerliləşdirildiyini xatırladıb və deyib:

“Ötən həftələrdə Türkiyədə ilk dəfə olaraq Helikopter Vizual Eniş Dəstək İşıqlandırma Sistemini (HEGİDAS) və Sapma Amortizasiya Sistemini (dalğalı dənizlərdə gəmilərə fəaliyyət göstərmək imkanı verən sistem-red.) inkişaf etdirdiyimizi bildirmişdik. Ölkəmizin ilk yerli və milli KBRN TT Sistemi 2015-ci ildən müxtəlif platformalarda son dərəcə uğurla fəaliyyət göstərir.

NATO standartlarına uyğun olaraq subpodratçılarımızla birlikdə hazırladığımız bu sistem HDQ-mizin tələblərinə uyğun olaraq artırılmış aşkarlama diapazonuna və xaricdə beynəlxalq səviyyədə qəbul edilmiş sertifikatlara malikdir. Yerli kalibrasiya və sürətli texniki xidmət imkanına çatdığımız yerli KBRN TT Sistemi ilə sahədəki xarici asılılığa son qoyduq və ixrac uğuru əldə etdik. Biz ölkəmizə yüksək əlavə dəyərli məhsul gətirməkdən qürur duyuruq”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   KBRN   Türkiyə  


Bizi "telegram"da izləyin