HAVELSAN-dan Cümhuriyyətin 100 illiyinə hədiyyə: TCG İSTANBUL ADVENT SYS

2023/10/TCG-i-3396953136.jpg
Oxunub: 22560     13:32     28 Oktyabr 2023    
HAVELSAN tərəfindən hazırlanan və Türkiyə Hərbi Dəniz Qüvvələrinə (HDQ) əhəmiyyətli güc verən Şəbəkə Dəstəkli Məlumat İnteqrasiya Döyüş İdarəetmə Sistemi (ADVENT SYS) “Link-22” qabiliyyəti TCG “İstanbul” üçün həyata keçirilən liman qəbul sınaqlarından uğurla keçib.

“Cümhuriyyətimizin 100-cü ildönümündə Hərbi Dəniz Qüvvələrimizə müasir data link ötürmə qabiliyyəti bəxş etdik” qeydi ilə inkişafı sosial media hesablarından paylaşan HAVELSAN bu məlumatları verib:

“Şəbəkə Dəstəkli Məlumat İnteqrasiya Döyüş İdarəetmə Sistemimiz (ADVENT SYS) “Link-22” qabiliyyətinin liman qəbul sınaqları “İstanbul” freqatında uğurla tamamlandı. Araşdırma Mərkəzi Komandanlığının texniki rəhbərliyi altında inkişaf etdirdiyimiz ADVENT “Link 22” qabiliyyətini digər gəmilərimizə də genişləndirmək üçün səylərimizi davam etdiririk”.

NATO “Link-22”də aparıcı ölkələr sırasında olacaq

Mövzu ilə bağlı paylaşım edən Türkiyə Milli Müdafiə Nazirliyi isə bildirib: “TCG “İstanbul” freqatının Dəniz Qəbul Sınaqlarının tamamlanmasından sonra TCG “Anadolu”, TCG “Oruçreis”, TCG “Kınalıada”, TCG “Ufuk”, “Derya” və “Piri Reis” gəmilərimizdə “Link-22” aktivləşdirməsini həyata keçirərək, “Link-22” qabiliyyətinə malik NATO-nun qabaqcıl ölkələri sırasında olacağıq”.

ADVENT SYS nədir?

İnkişaf etməkdə olan texnologiya ilə döyüş gəmiləri təkcə suüstü deyil, həm də sualtı, Hava Hücumundan Müdafiə (HHM) döyüşü və radioelektron mübarizə qabiliyyətlərinə sahib ola bilər. Texnologiyanın inkişafı ilə artan ehtiyacları qarşılamaq üçün komanda heyətinə komandanlıq və idarəetmə koordinasiyası və qərar dəstəyi qabiliyyətini təmin etmək üçün Döyüş İdarəetmə Sistemi (Savaş Yönetim Sistemi - SYS) konsepsiyası ortaya çıxıb.

ADVENT (Şəbəkə Dəstəkli Məlumat İnteqrasiya) SYS tək bir gəmidən çox güc yönümlü, şəbəkə dəstəkli əməliyyat yanaşmasının ehtiyaclarına cavab verən yeni nəsil komanda və idarəetmə sistemidir.

ADVENT SYS ilə bütün operator konsolları vasitəsilə tam inteqrasiya olunmuş taktiki məlumat bağlantılarına (“Link 11”, “Link 16” və “Link 22”, SIMPLE, JREAP və VMF) daxil olmaq mümkündür.

ADVENT SYS sahib olduğu Qərar Dəstək sistemləri ilə istifadəçinin tez və düzgün qərar verməsini asanlaşdıran, yeni silah və sensorların istifadəsində çevik bir quruluşu hədəfləyən arxitekturaya malikdir.

Çoxsaylı tapşırıq profillərinə və müxtəlif platforma tiplərinə uyğun modul strukturda işlənərək hazırlanıb və buna görə də platformadan müstəqil sistem kimi hazırlanıb. Genişləndirilə bilən açıq memarlıq quruluşu ilə hədəflənən suüstü, sualtı və hava platformalarına, eləcə də quru obyektlərinə uyğunlaşdırıla bilər.

HDQ-nin mühüm gücü

ADVENT SYS Türkiyə HDQ-nin üzən, su altına dalan, uçan və quru əsaslı platformaları üçün daha effektiv, texnoloji inkişaflara açıq, miqyaslana bilən, təhlükəsiz və şəbəkə dəstəkli bir döyüş idarəetmə sistemidir.

2019-cu ilin sonunda “Ada” sinfinə məxsus korvetlərin 4-cü gəmisi olan TCG “Kınalıada” Dəniz Qəbul Sınaqlarının müvəffəqiyyətlə tamamlaması ilə özünü sübut edən ADVENT SYS Türkiyə HDQ-nin əvəzolunmaz Komanda və İdarəetmə Sistemi halına gəldi.

TCG “Kınalıada”dan sonra TCG “Burgazada”, TCG “Anadolu”, Dəniz Təchizatı və Rabitə Dəstək Gəmisi, Sınaq və Təlim Gəmisi, “Burak” sinfinə məxsus korvet, “Barbaros” və “İ” siniflərinə məxsus freqat platformalarında da döyüş idarəetmə sistemi olaraq ADVENT-dən istifadə olunur. Sistem Pakistan HDQ-nin Türkiyədən alacağı 4 freqatda da mövcuddur.


STM-in əsas podratçılığında həyata keçirilir

Milli Gəmi (MİLGEM) adlı layihədə istehsal edilən 4 “Ada” sinfinə məxsus korvetdən sonra beşinci və ən böyük gəmi olan “İstif” sinfinə məxsus TCG “İstanbul” (F-515) Türkiyə HDQ-yə təhvil verilməsi üçün gün sayır.

Ötən iyun ayında ilk səyahətini edən gəmi STM-nin dizaynında və əsas podratçılığında həyata keçirilib.

123 personal daşıyacaq “İ” sinfinə məxsus freqatlarda “Sea Hawk” helikopteri missiya icra edir. Gəmilər üstün elektron sistemlərlə təchiz olunub.

“İstif” sinfinə məxsus freqatın xüsusiyyətləri

Ümumi uzunluq: 113.20 m
En: 14.4 m
Suya oturma dərəcəsi: 4,05 m
Subasımı: 3000 ton (tam yük)
Sürət: 29 düyün+
Mənzil: 5700 dəniz mili (14 düyün)
Personal sayı: 123


Hərəkət və güc sistemləri

Hərəkət: 2 ədəd 5,766 at gücündə MTU dizel mühərriki, 1ədəd LM2500 qaz turbini, 2 ədəd Nəzarət Edilə Bilən Pər (CPP)
Güc: 4 ədəd 560 kVt generator


Silah Sistemleri

Silah sistemi: 76 mm “Super Rapid” [SR] və ya MKE 76 mm Dəniz Topu
“Səth-səth” raketləri: 2×8 “Atmaca”
HHM raketləri: 16 borulu MİDLAS Şaquli Buraxılış Sistemində 16 ədədə qədər “Hisar-D” RF HHM raketi
HHM top sistemi: “Gökdeniz” CIWS
Torpedo sistemi: 2 ədəd 324 mm-lik MK-32 üç borulu buraxılış qurğusu ilə MK-46M5 torpedosu və ya “Akya”
Pulemyot: 2 ədəd 25 mm-lik “Stop”
Helikopter: 1 ədəd S-70B “SeaHawk” sualtı qayıq əleyhinə döyüş helikopteri


Döyüş sistemləri

Döyüş idarəetmə sistemi: ADVENT
Radar sistemləri: 3D axtarış radarı, atəş/işıqlandırma radarı, LPI naviqasiya radarı
Görüntüləmə sistemi: ASELFLIR-300T
Təhlükənin aşkarlanması və aldatma sistemləri: Lazer xəbərdarlıq qəbul sistemi, radioelektron mübarizə/dəstək dəsti, “Hızır” torpedo aldatma sistemi, infraqırmızı tuşlamalı idarəetmə sistemi
Sonar sistemi: İnteqrasiya edilmiş sonar dəsti
Rabitə sistemləri: Peyk rabitəsi (SATCOM), “Link 11/16”, yerli şəbəkə, daxili kommunikasiya sistemi, sualtı telefon


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   TCG-İSTANBUL-ADVENT-SYS  


Bizi "telegram"da izləyin