ABŞ qumbaratan daşıyan robot iti sınaqdan keçirir: Robot “Amazon”da satılır (VİDEO)
Oxunub: 19600
17:29
28 Oktyabr 2023
Kaliforniyadakı ABŞ Dəniz Piyadaları Korpusunun Hava-Quru Döyüş Mərkəzində Hərbi Dəniz Qüvvələri (HDQ) komandasının üzvləri ötən sentyabr ayında robot iti sınaqdan keçirməyə başlayıblar.
Ordu.az xəbər verir ki, ABŞ HDQ-nin Dəniz Tədqiqatları Ofisinin (ONR) üzvlərinin də iştirak etdiyi nümayişdə “Amazon”dan təxminən 5000 dollara alına bilən Çin istehsalı olan sadə “Unitree Go1” robot itindən istifadə edilib.
Şirkətin saytında daha ucuz versiya olan “Go1 Air” 2700 dollara, daha təkmil “Go1 Pro” isə 3500 dollara satılır. Müqayisə üçün qeyd edək ki, “Boston Dynamics Spot” ilk dəfə 2020-ci ildə 74 500 dollara satışa çıxarılıb.
Təqdim olunan videodan da göründüyü kimi, robot it M72 qumbaraatanı ilə təchiz olunub. Robotun silah əlavələrinə “GoPro” kamerası, həmçinin əlavə kameralar, hədəfləmə lazerləri və digər komponentlər daxildir.
Digər tərəfdən robotun oturmuş vəziyyətdə 21 mm-lik raketi atdığını və geri təpmənin öhdəsindən asanlıqla gəldiyini görmək olar.