ABŞ ordusu İranı dayandırmaq üçün Suriyada qalacaq - ANALİZ

2018/08/received_510776919363099_1535123302.jpeg
Oxunub: 4366     23:05     24 Avqust 2018    
ABŞ prezidenti Donald Tramp İranın bölgədən çıxmasından əmin olmaq üçün ABŞ ordusunun Suriyada qalmasına təkid edir. Bəs bu, ABŞ-ı Suriyanın şimal-qərbində yeni müharibəyə sala bilərmi?

Ordu.az-ın araşdırmasına görə, İran və Rusiya dəstəkli hökumət meyilli qüvvələr İdlib istiqamətində əməliyyatın hazırlığını gücləndirdikcə, ABŞ ordusunun daxil olacağı daha bir potensial müharibə ehtimalı da artır.

Suriyanın cənubunda nəzarət bərpa edildikdən sonra İran dəstəkli hökumət meyilli koalisiya indi isə ölkənin şimalındakı Latakiya, şiaml-şərqindəki Həma və Hələbə fokuslanıb.

Suriya və Rusiya HHQ artıq “Təhrir əş-Şam” və digər terrorçu qrupların bölgədəki mövqelərini bombalamağa başlayıblar. Hökumət mediası ordunun İdlibdə həyata keçirəcəyi əməliyyatın əvvəlkilərdən üç dəfə daha güclü və böyük olacağını xəbər veriblər.

İdlibdə əməliyyatlarının başlaması ilə Suriya böhranı tarixi boyunca qanunsuz silahlı qüvvələrin mövqeləri və istinadgahlarına bənzəri görülməmiş zərbələr endirilməsi gözlənilir.

Suriyada İnsan Hüquqları üzrə Müşahidə Qrupu (SOHR) bildirib ki, bu əməliyyatla birlikdə Türkiyə də öz qüvvələrini İdlibdən çıxarmalı olacaq. SOHR Ankaraya Əsəd hökuməti ilə razılıq əsasında Quta və Deradan İdlibə köçürülən üsyançıların taleyini xatırladıb.

Tramp administrasiyası isə iki gün öncə Əsədə İdlib hücumu zamanı kimyəvi silahlardan istifadə etməmək barədə açıq xəbərdarlıq etdi. Xəbərdarlıqda əks halda Suriya ordusunun yenidən ABŞ-ın “Tomahawk” raketləri ilə üzləşə biləcəyi bildirilib.

Xatırladaq ki, iddialara görə, sonuncu dəfə Əsəd hökuməti ötən ilin avqustunda Qutada kimyəvi silahdan istifadə edib. O zaman hökumət qüvvələrinin üsyançıların müqavimətini qırmaq üçün sarin qazından istifadə etdikləri bildirilirdi.

Əsədin hələlik uğurlu ola bilmədiyi digər iki bölgə isə ABŞ ordusunun fəaliyyətdə olduğu Suriya-İraq sərhədindəki Əl-Tanf və ABŞ dəstəkli YPG qüvvələrinin nəzarət etdiyi sərhəd regionlarıdır.

Bu ərazilər Suriya ərazisinin 30%-ni təşkil edir və Əsəd artıq YPG-yə ultimatum verib: “Ya danışıqlara razı olun, ya da Suriya ordusu ilə üzləşməyə hazırlaşın”.

ABŞ prezidenti Donald Tramp daha öncə Rusiya prezidenti Vladimir Putinə İranın Suriyanı tərk etməsinə qədər ABŞ-ın burada mövcudluğunu davam etdirəcəyini bildirib.

Putin iyulda, İran qüvvələrinin geri qayıtmasından məmnun olacağını, lakin bunu özünün edə bilməyəcəyini bildirib və bir növ Suriya ordusunu ABŞ və İsrailin zərbələrindən qorumağa çalışıb.

İran isə Suriya-İsrail sərhədi yaxınlığında fəaliyyətini davam etdirir. Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əməkdaşı Orit Perlov bildirib ki, Suriyadakı əsas dominant aktor Rusiya yox, məhz İrandır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   ABŞ  


Bizi "telegram"da izləyin