Planlaşdırılmayan və hamı üçün gözlənilmədən keçirilən təlimlər zamanı İranın quru, hərbi dəniz və raket qüvvələrinin iştirakı ilə bir çox spesifik ssenari oynanıldı. Təlimlər zamanı İran İslam Respublikasının silahlı qüvvələri nəinki dənizdən düşmən dövlətlərin koalisiyasının təcavüzünü dəf etdilər, həm də geosiyasi rəqib qüvvələrin cəmləşmə rayonlarına qabaqlayıcı raket zərbələri endirdilər.
Bu təlimlərin gedişində İran HDQ-nin ABŞ və onun ərəb ölkələrindən olan müttəfiqlərinin donanmalarına, eləcə də İrana düşmənçilik edən ərəb monarxiyalarının ərazilərinə ballistik raketlərdən hücumlar təqlid edildi. Təlimlər çərçivəsində buraxılan yaxın mənzilli "Fateh-110" əməliyyat taktiki raketi Hörmüz boğazının üzərindən 160 km uçaraq İran səhrasında yerləşən hədəfə zərbə endirdi. ABŞ casus peykləri dərhal raket buraxılışını qeydə aldılar. Pentaqonun rəsmi bəyanatı hələ də səslənməyib, lakin donanma gəmilərinin regiona daha da yaxınlaşması özünü çox gözlətmədi. Bu raket zərbəsi İranın ABŞ sanksiyaları qarşısında geri çəkilmədiyini nümayiş etdirdi. Raketin hansı hədəfi, hansı dəqiqliklə məhv etdiyi məlum deyil.
Qeyd edək ki, İranın texniki xüsusiyyətləri açıqlanmayan "Fateh-110" əməliyyat-taktiki raketlərinin ilk nəsli 1990-cı illərdə yaradılıb. Raketlər 150-200 km-lik atəş məsafəsinə malik olsa da, dəqiqliyi çox zəif idi. 2000-ci ilin ortalarında raketin yeni bir modifikasiyası yaradıldı, atəş məsafəsinin isə 250 km-ə qədər artırıldığı məlum oldu.
2010-cu ildə rəsmi olaraq üçüncü modifikasiyanın 300 km-ə qədər məsafəyə və on metrlərlə yayınmaya malik olduğu elan edildi. Bu raketlərin İranın qonşuluğunda yerləşən rəqib dövlətlərə, həmçinin yaxınlıqda üzən ABŞ hərbi gəmilərinə qarşı yönəldiyi ehtimal olunur. Təbii ki, İranın istehsal etdiyi uzaq mənzilli "Şahab-1", "Şahab-2" və "Şahab-3" raketləri də mövcuddur. Sonuncu raketlərin atəş məsafəsi 1300 km-dir.
İran keçirdiyi son təlimlərin gözlənilməzliyi, keçirilməsi zamanının qeyri-adiliyi, cəlb edilən hərbi qüvvələrin miqyası və ssenarinin fərqliliyi yalnız bütün qonşu Yaxın və Orta Şərq ölkələrini deyil, həm də dünyanın bir çox digər dövlət rəhbərlərini narahat olmağa məcbur etdi.
Təlimlərin keçirildiyi əsas zona İranın cənub və cənub-qərb vilayətlərini, əlbəttə ki, Hörmüz boğazını, həmçinin İran və Oman körfəzlərinin qonşu ərazi sularını əhatə edirdi.
ABŞ-ın nüvə razılaşmasından çıxması və avqustun 6-da Vaşinqton tərəfindən İrana qarşı iqtisadi sanksiyaların "ikinci paketi"nin bərpasının tətbiq edilməsindən sonra İranın hərbi fəaliyyətində kəskin aktivlik müşahidə edilir. Biz yaxşı xatırlayıırıq ki, bu sanksiyaların bərpası qərarı Rusiya ilə Çinin kəskin etirazları, eləcə də bir çox Avropa İttifaqı ölkələrinin əks bəyanatları fonunda qəbul edilib və bütövlükdə həm İran iqtisadiyyatına, həm də nüvə enerji sənayesinə qarşı yönəlib.
Bundan sonra ölkədə iqtisadi böhranın son həftələrdə kəskin dərinləşməsi fonunda Tehran hakimiyyəti dəfələrlə Vaşinqtonun belə bir düşmən addımlarına Hörmüz boğazının bağlanması da daxil olmaqla, kəskin şəkildə cavab verəcəyini açıqlayıb.
Bildiyiniz kimi, Hörmüz boğazı dünyanın əsas geostrateji nöqtələrindən biridir. Bu boğaz vasitəsilə, İran körfəzi ölkələrindən (Küveyt, İraq, BƏƏ, Bəhreyn və Qatar) digər ölkələrə neft tədarük edilir. Hələ iyulun əvvəlində İran Silahlı Qüvvələrinin nümayəndəsi, "ABŞ bizim neft ixracımızın qarşısını almaq qərarına gəlsə, biz də öz tərəfimizdən digər ölkələrin Hörmüz boğazından karbohidrogen daşımasına imkan verməyəcəyik" kimi bəyanatla vəziyyətin kifayət qədər gərgin olduğunu vurğuladı. Görünür, bu təhdidlər artıq reallığa çevrilir.
Bölgənin xəritəsində Hörmüz Boğazı zonasının təsviri
Bu yaxınlarda İranın OPEK-dəki nümayəndəsi Hüseyn Ərdəbili bildirib ki, ABŞ sanksiyalar (bir hissəsi 6 avqustda tətbiq edilib, digər hissəsi isə noyabrın 4-dən etibarən tətbiq ediləcək) vasitəsilə yenidən İranın neft və qaz ixracından əldə etdiyi gəlirləri azaltmağı planlaşdırır. Bu isə nəticədə, onların özünə zərər verəcək, yəni prezidentlərinin təcavüzkar siyasətinin əvəzini sadə vətəndaşlar ödəyəcək. Əlavə olaraq İran nümayəndəsi bildirib ki, yeni sanksiyalar paketinin tətbiqi bütövlükdə Ön Asiyadakı sülhü təhdid edir və Birləşmiş Ştatlarının Tehrana təzyiqləri artıracağı halda Körfəz regionundakı ölkələr Vaşinqtonun siyasətinə dəstək verdikləri üçün bunun əvəzini ödəyəcəklər.
Bəzi ekspertlərin fikrincə hazırda İranın səsləndirdiyi bəyanatlar ABŞ-a Avropanın enerji təhlükəsizliyi üçün kiçik bir təhdid yaratsa da, bu, Pentaqon üçün heç bir ciddi məna kəsb etmir.
Birincisi, İran Körfəzi bölgəsindəki ərəb ölkələrinin (Səudiyyə Ərəbistanı, BƏƏ və İraq) Tehran üçün əlçatmaz məsafədə yerləşən limanlara yerüstü boru kəmərləri mövcuddur. İkincisi isə Hörmüz boğazı vasitəsilə daşınan neftin 80%-i ABŞ-İran qarşıdurmasında birbaşa iştirak etməyən Asiya ölkələrinə - Yaponiyaya, Hindistana, Çinə, Sinqapura, Cənubi və Şimali Koreyaya gedir.
Buna görə də, son həftədə Hörmüz boğazında İranın müxtəlif növ qoşunların iştirakı ilə keçirilən geniş miqyaslı hərbi təlimlər yumşaq dillə desək regionda qarşılıqlı gərginliyi azaltmağa kömək etməyəcək.
Bəzi Avropa ölkələri Rusiya ilə birlikdə İranın əsas geosiyasi rəqiblərinə qarşı səsləndirdiyi bəyanatları əsassız hesab etdilər, lakin Körfəz ölkələri ilə digər dövlətlər buna öz hərbi qüvvələrinin döyüş fəaliyyətlərinin intensivləşdirilməsi ilə cavab verdilər.
Hörmüz boğazında yerləşən ABŞ HDQ birləşməsinin nümayəndəsi bildirib ki, peyk məlumatları sayəsində İranın qarşıdakı geniş miqyaslı təlimlər və raket zərbələri haqqında məlumatlı idik. ABŞ gəmilərində yüksək döyüş hazırlığı rejimi elan olunmasına baxmayaraq, İran qüvvələri və ABŞ qruplaşması arasında heç bir təhlükəli qarşıdurma baş vermədi.
Hörmüz boğazı zonasında hərbi və mülki gəmilər
ABŞ qərargahının nümayəndələri dəfələrlə bildiriblər ki, İran HDQ və İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz bölmələri son illərdə regionun beynəlxalq sularında üzən ABŞ hərbi gəmilərinə daim problem yaradırlar. Xatırladım ki, ABŞ və İran arasında son insident 2016-ci ilin yanvarında baş verib. İran dənizçiləri Amerika patrul qayığının ekipajını İranın ərazi sularına girdiyinə görə qısa müddətə saxlamışdı.
Keçən həftə HDQ tərəfindən oynanılan ssenariyə görə, İranın onlarla döyüş gəmi və kateri, ABŞ və onun ərəb müttəfiqlərinin döyüş gəmiləri ilə yanaşı bu regiondan karbohidrogen yüklər daşıyan tankerlərə (dünya neftinin 30%-i buradan daşınır) "hücum etdi".
Dəniz hücumlarının təqlidi ilə yanaşı, İran gəmi əlehinə strateji və taktiki raketlərdən ballistik raketlərə qədər müxtəlif sinifli sursatların buraxılışını həyata keçirdi. Bütün raketlər ABŞ Hərbi Dəniz Qüvvələrinin dislokasiya məkanından uzaqlarda həyata keçirilsə də, ən çox onları narahat etdi. Nəticədə, ABŞ rəhbərliyi regionda yük gəmilərin sərbəst hərəkətini təmin etmək üçün bu akvatoriyada mövcud olan idarəolunan raketlər əleyhinə esminesə əlavə olaraq eyni sinifdən başqa bir esmines də kömək göndərdi. Artıq bu esmineslər bir neçə gündür Hörmüz böğazında birgə yük gəmilərini müşayiət edirlər.
Bundan əlavə Hörmüz böğazında xidmət aparan ABŞ HDQ-nin bütün hərbi gəmilərində bir həftədən çoxdur ki, yüksək döyüş hazırlığı rejimi tətbiq edilir. İranın son yüksək tonlu bəyanatlarından sonra Vaşinqtona məxsus donanmanın əlavə qüvvələri fəal şəkildə Oman körfəzində cəmləşir.
ABŞ HDQ-nin aviadaşıyıcı zərbə qruplaşmasının "Cape St.George" raket kreyseri və "Abraham Lincoln" aviadaşıyıcısı Hörmüz boğazından keçir
Prinsipcə, lokal qeyri-nüvə münaqişə təhdidi dünya ictimaiyyətini böyük dərəcədə narahat etməməli idi. Bənzər hadisələr daha əvvəllər də baş verib. Lakin şənbə günü İran rəsmi olaraq elan etdi ki, onun sərəncamında yüksək zənginləşdirilmiş uran mövcuddur və fəal şəkildə nüvə silahlarının inkişafını həyata keçirir. İranın nüvə enerjisi üzrə agentliyinin vitse-prezidenti Bəhruz Kamalvəndi geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Moskvadan uranın geri qaytarılmasını tələb etdiyini söylədi.
Məlum olduğu kimi, sanksiyaların yüngülləşdirilməsi əvəzində İran bir neçə il əvvəl yüksək zənginləşdirilmiş nüvə yanacağı istehsalını tamamilə dayandırdı və tədricən bütün mövcud ehtiyatlarını Rusiyaya təhvil verdi. Bundan başqa, ABŞ-la əldə olunan nüvə razılaşmasına görə İran, hətta aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının əsas hissəsini razılaşmaya zəmanət verən ölkələrə verdi. İran əlində olan 9 ton ümumi ehtiyatdan cəmi 300 kq saxladı.
Lakin Kamalvəndiyə görə, ilin əvvəlində Tehranın israrlı xahişlərindən sonra Moskva uran yanacağının bir hissəsi geri qaytarıb. ABŞ prezidentinin nüvə razılaşmasından çıxmasını elan etdikdən sonra isə Tehran zənginləşdirilmiş nüvə yanacağının digər bir hissəsinin qayıtarılması üçün Moskvanı razı sala bildi.
Bundan əlavə, son aylarda İran nəinki uranın zənginləşdirilməsi ilə bağlı müəssisələrini bərpa etdi, hətta onların fəaliyyətini olduqca aşkar şəkildə daha da intensivləşdirərək bəyan etdi.
"Qərb ilə danışıqlar dövlətin təhlükəsizliyini sual altına ala bilməz, azadlıq və müstəqilliyə zəmanət verən vacib faktor isə razılaşmalar yox, yalnız nüvə silahlarıdır", - deyə bəyanatda bildirildi.
Avqustun 11-də isə İranın xarici işlər naziri Məhəmməd Zərif bildirdi ki, onun nə tezliklə Nyu-York şəhərində keçiriləcək BMT Baş Assambleyasının toplantısı zamanı, nə ondan əvvəl, nə də sonra hər hansı bir ABŞ rəsmisi ilə görüşmək barədə planı, arzusu yoxdur.
İranın ballistik raketləri Tehrandakı paradda
"ABŞ prezidentinin son təklifinə görə bizim mövqeyimiz səsləndi. Amerikalılar dürüst deyillər, onların sanksiyalara olan bağlılığı hər hansı bir danışıqlara imkan vermir. Onların təhdidlərinə təhdidlə, hərəkətlərinə isə öz hərəkətlərimizlə cavab verəcəyik ", - deyə M.Zərif əlavə edib.
Beləliklə məlum olur ki, münaqişənin hər iki tərəfi rəsmən danışıqlar prosesindən imtina edərək planetin ən əhəmiyyətli və əsas geosiyasi məntəqələrindən biri olan Hörmüz boğazında fəal dəniz manevrlərində qarşılıqlı güc nümayişinə başlayıblar.
Bənzər fəaliyyətlər isə 1991-ci il ekoloji və iqtisadi fəlakətlərindən sonra ilk dəfə Orta Şərq regionunu bütüvlükdə nüvə müharibə təhlükəsi ilə üz-üzə qoyur.
Mümkün müharibənin nəticələrini proqnozlaşdırmaqdan ötru aşağıdakı faktorlara diqqət yetirmək vacibdir:
- İranın hərbi potensialı ABŞ ilə mübarizə aparmaq üçün yetərli deyil;
- 7 milyard dollarlıq İran hərbi budcəsi 717 milyard dollarlıq ABŞ büdcəsi qarşısında çox cılız görünür, son günlərdə başalanan infliyasiyanı nəzərə alsaq, Tehranın maliyyə imkanlarının dəfələrlə azaldığı məlumdur;
- Hərbi əməliyyatlar İran dövlətinin ərazisində, onun sahillərində və ya ərazi sularında aparılacaq;
- Tehranın ABŞ ərazisinə zərbə endirmək şansı sıfra bərabərdir;
- ABŞ hərbi əməliyyatlara hər birinin hərbi potensialı İrandan dəfələrlə yüksək olan bir neçə müttəfiqini rahatlıqla hava əməliyyatlarına cəlb edə biləcək;
- İran isə bu müharibədə yalnızdır, sadəcə ABŞ rəqiblərindən mənəvi dəstək ala bilər ki, bu da indiki mərhələdə daha təhlükəlidir;
- İrandakı daxili siyasi vəziyyət müharibəyə başlamaq üçün əlverişli hesab edilə bilməz.
ABŞ üçün yeganə mənfi cəhət sərhədlərindən və təminat məntəqələrindən kifayət qədər uzaqda əməliyyatlar aparmasıdır. Nəzərə alsaq ki, ABŞ ordusu bu tipli əməliyyatların aparılmasında əsasən aviabaza rolunu oynayan aviadaşıyıcılardan istifadə edir və sahədə ən böyük təcrübəyə malikdir, o zaman mümkün İran-ABŞ müharibəsinin nəticələrini bəri başdan dəqiq proqnozlaşdırmaq cətin deyil. İran hərbi rəhbərliyi bunları hamıdan yaxşı anlayır. Siyasi ambisiyalara qapılıb ABŞ-ı bəyanatlarla məhv etməyi düşünmək və ya Vaşinqtonun geri çəkiləcəyini gözləmək də absurddur. Kritik həddə çox az qalsa da hələ gec deyil.
Yazıda Mixail Siriesin məlumatlarından istifadə edilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az