Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən
Ordu.az-a verilən məlumata görə, Seminarlar başlanmazdan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrdə Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olub və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.
Dövlət himninin səslənməsi ilə başlanan seminarlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açılıb, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb.
Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən seminarlarda böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.
Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən seminarlarda respublikamızın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarların sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.
Ordu.az